Mahir Şükürov: “Mövsümü “qızıl dubl”la başa vurmaq istərdik”

Mahir Şükürov: “Mövsümü “qızıl dubl”la başa vurmaq istərdik”


Bu həftə Topaz Premyer Liqasının 2012/2013-cü illər mövsümünə yekun vuruldu. "Neftçi” klubu vaxtından əvvəl ardıcıl 3-cü dəfə ölkə çempionu adını qazandı. Komanda mövsümü "qızıl dubl”la başa vura bilər. Bunun üçün "ağ-qaralar” ölkə kubokunun finalında "Xəzər Lənkəran” klubunu məğlub etməlidirlər. Artıq "Neftçi” rəqiblə oyunda üçün məşqlərə başlayıb. "Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov mövsümün yekunları və ölkə kubokunun finalı haqqında "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Müdafiəçi gələcək karyerasını harada davam etdirmək istəyinə də aydınlıq gətirdi. Mahir bizimlə səmimi söhbət zamanı millinin qarşıdakı rəsmi oyundakı şanslarını da dəyərləndirdi.

"”Bakı” klubu ilə oyunda nəticə bizim üçün vacib deyildi”

- Mahir, səni ölkə çempionluğunu qazanmağın münasibəti ilə təbrik edirik. Təəssüratlarını bilmək maraqlı olar...
- Təbrikə görə təşəkkür edirəm. Çempionluq hər bir futbolçuya qismət olmur. Buna görə də, sevincim ikiqat artıb. Bu çempionluq mənim üçün xüsusilə əlamətdar oldu. Çünki karyeramda ilk qızıl medalları "Neftçi”nin heyətində əldə etdim. Bu mövsüm çempionat gərginliyi ilə diqqəti cəlb etdi. Həqiqətən də, çempionluq yolunda addımlar bizim üçün heç də asan olmadı. "Neftçi” mövsüm ərzində 3 yarışda mübarizəni davam etdirirdi. UEFA Avropa Liqası, Topaz Premyer Liqası və ölkə kubokunda eyni səviyyədə çıxış etmək asan məsələ deyil. Əsas problem klubun heyətinin geniş olmaması idi. Meydana daim çıxan 13-14 futbolçu komandanın uğur qazanmasında az iş görməyib. Digər futbolçuları da siyahıdan silmək olmaz. Çempionluq bütün komandanın əməyi nəticəsində qazanılıb. Komandanın bütün futbolçuları sevinir. "Neftçi” sevənlərin hamısını təbrik edirəm. Qarşıda bizi ölkə kubokunun final oyunu gözləyir.
- Mövsüm ərzində 3 turnirdə mübarizə aparmaq çətin deyildi ki?
- Əlbəttə çətin idi. Buna baxmayaraq, çətinliyin öhdəsindən gəldik. Əsas məsələ odur ki, komandanın bütün futbolçularında istək vardı. Hamı birləşib kollektiv mübarizə aparırdı. Çempionatın heç bir mövsümündə asan uğur əldə etmək olmur. Ona görə də, komandanın imicini saxlamaq üçün çətinliklərə dözüb "marafonu” uğurla keçdik. Bizə klubun rəhbərliyi tərəfindən həmişə qayğı olub. Bu, bizi çox sevindirir və ruhlandırır.
- "Neftçi”nin heyətində azərbaycanlı futbolçular arasında ən çox oyun keçirən futbolçusan - 28 oyun və 7 sarı vərəqə. Ümumiyyətlə, mövsüm ərzində öz çıxışını necə qiymətləndirirsən?
- Düzdür, yaxşı oyunlarım çox olub. Çalışmışam ki, bütün matçlarda stabil çıxış edim. Əgər komandanın heyətində ən çox oyun keçirmişəmsə və kluba köməyim dəyibsə, deməli, bu, mənim zəhmətimin bəhrəsidir. Mənə elə gəlir ki, bu il inamlı çıxış edə bildim. İnşallah komandamıza qarşıdakı oyunlarda da yüksək səviyyədə köməklik edəcəm.
- Topaz Premyer Liqasının son oyununda "Neftçi” "Bakı” klubu ilə qarşılaşdı. Səncə, "ağ-qaralar”ın vaxtından əvvəl çempion olaraq, arxayınlaşması məğlubiyyətə səbəb oldu?
- "Neftçi”nin əsas heyətinin 3-4 futbolçusu "Bakı” klubu ilə oyuna çıxmamışdı. Baş məşqçi Böyükağa Hacıyev gənc və perspektivli futbolçulara şans vermişdi. Bu amil də məğlubiyyətə səbəb ola bilər. Qarşıda bizi çətin kubok oyunu gözləyirdi. Ona görə də, meydana çıxan futbolçular ehtiyatlı oyuna üstünlük verərək, özlərini zədələrdən qoruyurdular. Komandanın vaxtından əvvəl çempion olması, futbolçuların meydana arxayın çıxması ilə nəticələnmişdi. "Bakı” klubu ilə oyunda nəticə bizim üçün vacib deyildi.

"Avropada zəif komanda
qalmayıb”
- Ölkə çempionatın klubları arasında "Neftçi” ən çox gənc, perspektivli futbolçulara şans verir. Ümumiyyətlə, təcrübəli futbolçu kimi, bu mövsüm gənc oyunçuların çıxışını necə qiymətləndirirsən?
- "Neftçi”nin heyətində Cavid İmamverdiyev və Araz Abdullayevin çıxışlarını fərqləndirərdim. Çempionatın 1-ci dövrəsində Cavid, qış fasiləsində sonra isə Araz mütəmadi olaraq, komandanın əsas heyətdə yer almağa başladı. Həmişə böyük kimi gənc futbolçularla söhbət edir, öz məsləhətlərimi verirəm. Həmin futbolçular göstəricilərini artırmaq üçün daim öz üzərlərində işləməlidirlər. Araz son oyunlarda inamlı çıxışları ilə yadda qalır. O, klubumuzun heyətində vurduğu qollarla və göstərdiyi oyunla uzun fasilədən sonra Azərbaycan milli komandanın əsas heyətinə çağrılıb. Təcrübəli futbolçuların yanında gənc futbolçuların oynamağı yaxşı haldır. Belə olan halda, onlar öz təcrübələrini artırırlar. Qeyd edim ki, "Neftçi”nin heyətində Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Emin Mehdiyev, Tərlan Quliyev kimi gənc və perspektivli futbolçular var. Həm komandanın rəhbərliyi, həm də baş məşqçi tərəfindən gənc futbolçulara dəstək yüksəkdir.
- Ölkə kubokunun finalında "Neftçi” "Xəzər Lənkəran” klubu ilə qarşılaşacaq. Bununla bağlı fikirlərini bilmək istərdik...
- Mayın 22-dən məşqlərə başlamışıq. Çalışacağıq ki, kuboku komandanın muzeyinə aparaq. Buna gücümüz çatar. Kim istəməz ki, kuboku qazanmasın? Bu tarixdir. Mövsümü "qızıl dubl”la başa vurmaq istərdik.
- "Xəzər Lənkəran” klubunun son vaxtlar qeyri-sabit çıxışı "Neftçi”nin kubok qazanmaq şansını artırır?
- Komandanın səviyyəsindən asılı olmayaraq, klublar həmişə "Neftçi”yə qarşı xüsusi hazırlaşırlar. Ona görə də, biz də oyuna ciddi yanaşırıq. Məşqçilər heyəti ilə oyunu təhlil edəcəyik. İnşallah ölkə kubokunu qazanmağa çalışacağıq.
- "Neftçi” çempion olmaqla, ölkəmizi növbəti dəfə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək. Səncə, "ağ-qaralar” avrokuboklarda göstərdiyi nəticəni ÇL-də təkrarlaya bilərmi?
- Futbol oyununda bəxt amili də mühüm rol oynayır. Ötən mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində oynadıq. Həqiqətən də, qrupa düşmək üçün çətin sınaqlardan keçdik. Bu nəticəni yenə təkrarlamaq olar. Əsas püşkatmanın nəticəsindən asılıdır. Ümid edirik ki, bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq şansı qazanacağıq.
- "Neftçi” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığına görə indi püşkatmada güclülərin yer aldığı səbətdədir. Bu o deməkdir ki, "neftçilər” nisbətən zəif komanda ilə düşəcək...
- Avropada zəif komanda qalmayıb. Zəif dediyimiz komandalar meydana çıxıb oyuna "canın” qoyur. Hansı klub meydanda çox çalışarsa, o da nəticə qazanır. İnşallah istənilən rəqibə öz oyunumuzu göstərib növbəti mərhələyə adlamaq istəyirik.

"Bəs niyə biz bu etimadı
doğrultmayaq?”

- Artıq "Neftçi” klubu ilə bağladığın müqavilə başa çatmaq üzrədir...
- Düzdür, komanda ilə yayda müqaviləm başa çatır. Hazırda "Neftçi” klubu ilə danışıqlar gedir.
- Yəqin ki, komandada qalacaqsan. Müqavilənin müddəti nə qədər olacaq?
- Mən də istəyirəm ki, növbəti mövsümü "Neftçi” klubunun heyətində keçirim. Klubun prezidenti Sadıq Sadıqov mətbuatda dəfələrlə vurğulayıb ki, müqavilələri başa çatan çempion futbolçularla yenidən müqavilə bağlanacaq. Rəhbərlik tərəfindən bizə etimad göstərilir. Bəs niyə biz bu etimadı doğrultmayaq? Buyaxınlarda müzakirələri apardıqdan sonra hər şeyə aydınlıq gələcək. Yəqin ki, "Neftçi” klubu ilə bir və ya iki illik müqavilə bağlayacağam.
- Gələn ay milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Lüksemburq yığması ilə münasibətlərinə aydınlıq gətiricək. Yığmanın açıqlanan siyahısında sənin də adın var. Rəqib komanda ilə oyunda şanslarınızı necə qiymətləndirirsiniz?
- Biz Lüksemburq yığmasını səfərdə məğlub etmək istəyirdik. Lakin həmin vaxt ələ düşən qol imkanlarından lazımınca istifadə edə bilmədik. Nəticədə, 1 xalla kifayətləndik. Amma evdə qol vurmaq imkanlarını lazımınca dəyərləndirməliyik. Rəqibi məğlub etmək gücündəyik. Çalışacağıq ki, qələbə qazanaraq, AFFA rəhbərliyini və azarkeşlərimizi sevindirək.
- Rəqiblə oyunda yığmamızın hücumçuları - Rauf Əliyev və Vüqar Nadirov cəza səbəbindən komandamıza kömək edə bilməyəcəklər. Belə futbolçuların yoxluğunda rəqib qapısına yol tapmaq çətin olmayacaq ki?
- Düzdür, çətin olacaq. Amma komanda tək 2 futbolçudan ibarət deyil. Millimizin heyətində qol duyumu olan futbolçular çoxdur. Onların yoxluğunu hiss etdirməməyə çalışacağıq.

P.S.: Dünən "Neftçi” PFK müdafiəçi 
Mahir Şükürovla daha 1 il müddətinə müqavilə bağlayıb.