Haqlı olaraq belə deyirlər ki, futbolun cazibəsindən qurtulmaq çətindir.Çoxları üçün hərdən futbol möcüzəli anlar da yarada bilər.Belə möcüzəli anlar futbolsevərlərin həyatının müəyyən bir hissəsini zəbt edir, azarkeşləri öz təsiri altında saxlayır, sanki bəzən təqib edir, zövq verdiyi qədər də insanları düşündürür, onların əsəblərini tarıma çəkir.Hətta elə olur ki, azarkeşlərin bir anlığa ağlını da başından alır.Azarkeş sanki dərk etmir ki, futbolu niyə bu qədər sevir? Futboldan zövq almağının səbəbini bilmir, bu sirri anlamır.Oyun zamanı baxdıqları, hiss etdikləri, duyduqları azarkeşləri başqa bir aləmə aparır.Belə anlarda onlar heç nə haqda düşünmürlər. Hər hansı bir səbəbə, sirrə, möcüzəli anların mahiyyətinə varmadan sanki dəlicəsinə futbola tamaşa edirlər..Bəlkə də futbolun gözəlliyi elə bundadır.
Həqiqətən futbol aləmi sirli bir dünyadır.Müəyyən vaxt keçir, hətta bəzən illər də ötür. Futbolsevərlər, idman yazarları, mütəxəssislər bu sirləri açmağa çalışırlar.Bəzən buna nail olurlar, bəzən də yox.Hər bir halda futbol azarkeşin daxilində nə varsa əlindən alır və öz aləminə qatır.İzaholunmaz duyğular, elə izaholunmaz da məmmunluq yaradır. Təbii ki, əksinə də ola bilər.Həyəcan, stress, əsəbilik, kədər...
Əvvəlki yazılarımda oyunları ruhuma təsir edən dahi futbolçular haqqında fikirlərimi qələmə almışdım.Futbolla bağlı müəyyən söhbətlər açmışdım.Hamısı da duyğusal, səmimi.
Bu dəfə yenicə başa çatmış futbol üzrə dünya çempionatından söhbət açmaq istəyirəm.Səs-küylü futbol dünyasında dünya çempionatlarının xüsusi yeri var. Dünya çempionatlarında futbol ehtirasları sanki başqa cür olur. Məhz burada yeni oyunçular kəşf edilir və yaxud köhnələri yenidən kəşf edilir.Futbola yeni çalarlar əlavə edilir. Bir sözlə, futbol daha da zənginləşir.Hər dünya çempionatının da özünəməxsus gözəllikləri olur.Yığma səviyyəsində möhtəşəm qarşılaşmaların bol olduğu dünya çempionatı tamaşaçıların böyük marağına səbəb olduğundan futbolsevərlər hər dəfə növbəti dünya çempionatını səbirsizliklə gözləyirdilər.
Təbii ki, axırıncı dünya çempionatı ilə bağlı mütəxəssislər, idman yazarları tərəfindən fərqli, müxtəlif yanaşmalar da olacaq.Amma reallıqlar olduğu kimi qalacaq.Hər bir halda bu çempionatdan da bizə xoş xatirələr, maraqlı epizodlar, unudulmaz anlar qaldı.
Öz coşqunluğu ilə isti yay havalarını bizə unutduran çempionat
Rusiyanın ev sahibliyi etdiyi qaynar bir çempionat izlədik.Hər şey vardı bu mundialda: çılğınlıq, həyəcan, coşqu, heyranedici anlar, əsəbilik, stress...Tamaşaçıları vəcdə gətirən qollar da oldu.Azarkeşləri haldan çıxaran oyunlara da rast gəldik.Sanki dünya çempionatı öz coşqunluğu ilə bu isti yay havalarını bizə unutdurdu.Əslində elə isti yay qayğıları da yaddan çıxmışdı...
Ona görə də bu dünya çempionatının incəliklərindən, nüanslarından danışmaq, intriqalardan söz açmaq istəyirəm.Axı, hər şeyi gördük - təlaş, heyrət, titrəyiş, bəzi anlarda gözlərin bağlanması, ehtiraslı baxışlar, sevinc göz yaşları, xoşbəxtlik içində üzənlər,kədər göz yaşları...Onda niyə danışmayaq,əziz oxucu?! Elə isə bəlkə başlayaq? Beləliklə, getdik....
Çempionatdan qabaq çoxları kimi mən də fikirləşirdim ki, İtaliya, Hollandiya bu mundialda olmasa da, hər halda Almaniya, Argentina, Braziliya, İspaniya var.Hardasa bu iki Avropa komandalarının yoxluğunu iddialı yığmalar yəqin ki, hiss etdirməyəcəklər tamaşaçılara.Amma təəssüf ki, belə olmadı.Gözlənildiyinin əksinə olaraq favoritlər yarı yolda qaldılar.
Almaniya ilk oyununu uduzanda mən bunu başa düşülən bir təbəssümlə qarşıladım.Dünya çempionatlarının qrup oyunlarında Almaniyanın nisbətən zəif komandalara ilk görüşdə məğlub olmalarını mütəxəssislər, futbolsevərlər təbii ki, xatırlayırlar.Belə məğlubiyyətlərə baxmayaraq almanlar hər dəfə növbəti mərhələyə çıxa biliblər.Məsələn, 1974-cü ilin dünya çempionatında Qərbi Almaniya qrup mərhələsində "qonşu” Almaniya Demokratik Respublikasına 0-1 hesabı ilə uduzdu.Görəsən o vaxt bu nəticəni həqiqətən də "məğlubiyyət” hesab etmək olardımı?!

Məncə (əslində böyük əksəriyyət belə düşünür) bu, "düşmən” ölkənin komandasının növbəti mərhələyə çıxması üçün lazım idi.Bundan başqa Almaniya dünya çempionatlarının qrup oyunlarında Tunisə və Avstriyaya da uduzub.Bunları xatırlayarkən Almaniyanın növbəti çempionata məğlubiyyətlə başlamasına elə də önəm vermədim.İsveçlə oyunun son dəqiqələrində yüksək sürət və əzmkarlıq sayəsində almanlar qələbə qazana bildilər.Axırıncı oyun öncəsi hamı düşünürdü ki, almanlar Cənubi Koreya səddini asanlıqla keçəcəklər.Məşqçi heyəti də, futbolçular da buna əmin idilər.Ancaq arxayınçılıq, özünə əminlik Almaniya yığmasına baha başa gəldi.Nəticənin koreyalılar üçün heç bir əhəmiyyət kəsb etməməsinə baxmayaraq onlar qalib gəldilər.Burada nəzərimdən qaçmayan maraqlı bir məqama toxunmaq istəyirəm.Matç bitdikdən sonra alman futbolçular,bütün nümayəndə heyəti, stadionda olan tamaşaçılar uzun-uzadı ikrahla koreyalıları süzürdülər...
"Alman maşını” tab gətirmədi
Beləliklə, Almaniyanın bu çempionata tam hazır olmadığı üzə çıxdı.Hətta bütün komanda ilə müdafiəyə çəkilən İsveçlə oyunun sonunda vurulan "xilas qolu” da Almaniyanı həlledici oyuna kökləyə bilmədi. İohim löv müsbət reytinqli məşqçilərdən hesab olunur.Əlbəttə, təbii ki, o, daha yaxşı heyət formalaşdıra bilərdi.Alman məşqçi təcrübəli, lakin nisbətən yaşlı oyunçulara güvəndi ki, bu da özünü doğrultmadı.Əslinə qalsa, lövə qarşı sərt mövqe tutanlar, onu tənqid edənlər haqlıdırlar. Məsələn, bəllidir ki, Tomas Müller təkcə Münxendə deyil, ümumiyyətlə, Almaniyada populyardır.Köklü alman futbolçu kimi onu sevirlər,ona rəğbət bəsləyirlər.

Lakin çoxdandır ki, istər daxili çempionatın vacib oyunlarında, istərsə də Çempionlar Liqasının oyunlarında o, artıq heç nə ilə yadda qalmır.Məsut Özil vaxtı ilə yaxşı oynadığı illərdə həmişə deyirdi ki, onun idealı Zinəddin Zidandır.Buna görə də daim cəhd edir ki, onu təkrarlasın.Hətta məşqlərdə də bu istiqamətdə çalışır, Zidanın bəzi hərəkətlərini öyrənib tətbiq edir.Ancaq Məsut Özil İngiltərə premiyer- liqasında "Arsenal”-ın tərkibində bu il çox uğursuz bir mövsüm keçirdi.Yığmada da meydana çıxdığı oyunlarda açıq - aşkar sezilirdi ki, alman yarımmüdafiəçi formada deyil.Buna görə də onun Rusiyaya gətirilməsi mütəxəssislər üçün də anlaşılmaz idi.Bəli, Zidanın oyununu bəyənmək hələ azdır.Onu təkrarlamaq üçün gərək elə Zidan olasan!...Mario Qomesin də artıq əvvəlki illəri deyil.Bu dəfə yaş öz sözünü dedi.Antonio Rüdiqer "Çelsi”nin heyətində elə də uğurlu mövsüm keçirməmişdi.Onun fiziki göstəriciləri yaxşı olsa da, tez-tez ciddi səhvlərə yol verir və kobudluğu ilə yadda qalır. Xedira "Yuventus”da yaxşı təsir bağışlasa da, son vaxtlar nədənsə yığmada onun oyunu alınmır.Azarkeşlər, tamaşaçılar, mütəxəssislər (elə Lövün özü də) Boatenqdən və Drakslerdən çox şey gözləyirdilər.Ancaq təəssüf ki, onlar da ümidləri tam doğrultmadılar.

Göründüyü kimi, bu dəfə "alman maşını” əvvəlcədən lazimi qaydada hazır vəziyyətə salınmadığından tab gətirmədi.Almaniyanın heyəti elə təşkil olunmuşdu ki, əslində burada seçilən oyunçular mövqe və kimin meydana çıxması baxımından real rəqabətlə qarşılaşmadılar.
Favorit komandanı idarə etmək çox çətindir
Mən məşqçilərlə bağlı əvvəlki yazılarımın birində Lövü ən yaxşı məşqçilər siyahısında göstərmişdim. Bu gün də həmin fikrimdə qalıram.Amma təbii ki, bu çempionatdan sonra Almaniyanın uğursuz çıxışına görə Lövə qarşı etimad istər-istəməz azalmış kimi görünəcək.
Məlum olduğu kimi, Argentina Cənubi Amerika qrupundan dünya çempionatına vəsiqəni axırıncı görüşdə qazanmışdı.Gözlənilirdi ki, bundan sonra ölkə federasıyası, yığmanın rəhbərliyi Argentinanın dünya çempionatında uğurla çıxış etməsi üçün mümkün olan bütün hazırlıq planlarını həyata keçirəcək və komandada müsbət dəyişikliklər baş verəcək.Hətta Argentinanı favoritlər sırasında görənlər də çox idi.Lakin ehtimallar, gözləntilər öz təsdiqini tapmadı.

Əvvəla deməzdim ki, Argentina optimal heyətlə gəlmişdi mundiala.Elə ilk iki oyun heyətdə problemlər olduğunu göstərdi.Argentinanın sanki sistemsiz oynadığı nəzərə çarpırdı.Belə təsəvvür yaranırdı ki, oyunçular qısa müddətdir bir yerə toplaşıblar, bir-birinin oyun stilinə bələd deyillər, qarşılıqlı anlaşma arzu olunan səviyyədə deyildir, futbolçular özlərini toparlamaqda çətinlik çəkirlər və s.Hamı səbirsizliklə Messinin oyununu gözləyirdi.Amma bu dəfə o, fərdi ustalığını ortaya qoya bilmədi.Bu dəfə Messinin sehirli oyununu görmək tamaşaçılara nəsib olmadı.Messi bu dəfə azarkeşləri, futbolsevərləri heyran edə bilmədi.Bu çempionatda sadəcə alınmadı, vəssalam.Həmişə ecazkar oyun göstərmək mümkün deyildir.

Dahi futrbolçular bütün dövrlərdə dahilərə layiq oyun göstərə bilməzlər.Yeri gəlmişkən, bu fikirləri elə Ronaldoya, Neymara da aid etmək olar.Amma Messi yenə də komandanın lideri idi.Sadəcə digər yığma üzvləri tərəfindən yetərincə dəstək ala bilmirdi.Buna görə də bu dəfə canını, varlığını oynadığı futbola qoya bilmədi.Messidən əlavə Otamendi, Merkado, Baneqa da yaxşı təsir bağışlayırdılar.Aquero, İquayn, Mesa, Dibala bir qədər həvəssiz görünməklə onların ideal formalarından uzaq olmaları açıq-aşkar hiss edilirdi.Hər oyunda yığmanın baş məşqçisi Sampaoli də sanki lazımi taktikanı müəyyənləşdirə bilmirdi.Ümumiyyətlə, favorit komandanı idarə etmək çox çətindir.Futbolçuların yerini düzgün müəyyənləşdirmək, əvəzetmə prinsiplərini dəqiq, vaxtında həyata keçirmək, oyunçular arasında normal münasibətlərin yaranmasına nail olmaq, hər dəfə onları növbəti oyuna kökləmək, komanda atmosferini sabit saxlamaq belə yığmalarda heç də asan əldə olunmur.Çempionat göstərdi ki, baş məşqçi bu vəzifələrin öhdəsindən gələ bilmədi
Bəzi idman şərhçilərinin açıq dediyi kimi, məşqçinin görkəmindən də çox şey asılıdır.Onlar təbii ki, Sampaolinin arabir qeyri-adi hərəkətlərinə, davranışına, geyiminə, görkəminə eyham vururdular.
Amma qeyd etmək lazımdır ki, hər bir halda Argentina Fransa ilə oyunda var gücünü ortaya qoydu və bacardığını da etdi.Əslində Fransa ilə heç də pis oynamadı.Sadəcə gənc, sürətli Mbappe bu oyunda öz sözünü dedi.Fransızlar göstərdilər ki, daha sürətli oynayan komanda qalib gəlir.Yəqin ki, yaxın gələcəkdə həm Almaniya, həm də Argentina yığma komandalarında hərtərəfli islahatlar aparılacaqdır.
Penaltilər taleyin qismətidir
Çoxları güclü heyətə malik İspaniyadan qeyri-adi, az qala fantastik oyun gözləyirdilər. Ümumiyyətlə, İspaniya hərəkətli komanda kimi qəbul edilir.Ona görə də ispanlarla görüşə çıxan komanda qapalı oynamağa çalışır.Tam müdafiəyə çəkilən rəqibə isə qol vurmaq çətin olur.Rəqib tam qapanıbsa, çoxlu futbolçu ilə hücum edilməsinə baxmayataq müdafiəsiz qalan yer, boşluq tam müşkülə çevrilir.Mərakeş və İran yığmaları ilə oyunda böyük ərazi üstünlüyünə, bütün komponentlərdə açıq-aşkar irəlidə olmasına baxmayaraq, ispanların qol vurmaqda çətinlik çəkmələri hiss olundu.Topa sahib olma faizinin hər dəfə yüksək olması isə hələ qələbə demək deyil.


Ona görə də Rusiya ilə oyuna İspaniya daha məsuliyyətli yanaşmalı idi.İspanlar onsuz da rəqiblərinin qapalı oynayacaqlarını gözləyirdilər.Əla heyətə malik olan belə komanda məsələnin penaltilərə gəlib çatmasına imkan verməməli idi. Dünya çempionatı bir daha göstərdi ki, bütün oyunboyu topa nəzarət etmək hələ qələbəyə təminat vermir. Rusiya ilə oyunda İspaniya meydanda "ağalıq” etsə də, növbəti mərhələyə çıxa bilmədi.
İspaniya bu cütlükdən qalib çıxsaydı, hələ bilmək olmazdı, bəlkə də finala qədər irəliləyə bilərdi.Amma nə edəsən ki, penaltilər taleyin qismətidir.Şirin qismət varsa, tale bəxş edibsə, futbolçular penaltini vururlar, komanda da növbəti mərhələyə çıxır.Taleyin kəskin dönəmi olanda, ulduz futbolçu da penaltini vura bilmir.Ümumiyyətlə, futbolda bəxt amilinin həlledici rolu var, o ki, qala hələ penaltilərə...
Fərdi ustalığını göstərə bilməyənlər
və etimadı doğrultmayan oyunçular
Hər bir halda ispanların oyun sistemi, seçdikləri plan və taktika mükəmməl deyildi.Xüsusən, İran və Rusiya ilə oyunlarda heç cürə onların qapısına yol tapa bilmirdilər.”Mançester Citi” də əla mövsüm keçirən David Silva nədənsə yığmada fərdi ustalığını göstərə bilmədi.Özlərinə məxsus oyun tərzi ilə seçilən Vaskes və Asensio da zəif təsir bağışladılar.Halbuki hər ikisi "Real”ın heyətində meydana çıxdıqları hər bir oyunda özlərini yalnız yaxşı tərəfdən göstərməklə yadda qalırdılar. Etimadı doğrultmayan oyunçular da oldu.Məsələn, Kosta, Rodriqo.Yalnız İsko bütün oyunlarda tükənməz enerjisi sayəsində seçilirdi.Əlbəttə, Fernando Yerro qısa müddətdə müəyyən planlar, taktiki gedişlər, yeni ideyalar tapıb ortaya qoya bilməzdi.Belə bir fikir də yarana bilər ki, gözlənilməz məşqçi dəyişikliyi komandanın oyunlarına təsir etdi.Əslində belə fikir müzakirələr, təhlillər zamanı irəli sürülməklə ehtimal xarakteri daşıyır.
Təsəvvür edin ki, İspaniya digər mərhələləri keçməklə gəlib dörd komanda sırasına düşüb.Və yaxud, elə finala çıxıb. Əgər bu baş versəydi, onda hamı Yerro haqqında başqa fikirdə olacaqdı.
Eyni zamanda qəti şəkildə, mütləq olaraq düşünürəm ki, furbolçunun sifətində, gözündə həvəs olmalıdır. Hər şey elə burdan başlanır.Əks halda futbolçu sönük oyun göstərəcək.
Əslində istər Almaniya, istərsə də İspaniya komandalarında sanki motivasiya yox idi. "Doymuş” komandaların, hər şeyə nail olmuş oyunçuların, uğurlara, bütün titullara alışmış, bəlkə də bunlardan yorulmuş futbolçuların belə uğursuz vəziyyətlə üzləşməsini, yəqin ki, təbii qəbul edənlər də tapılacaq....
(ardı var)