FUTBOL ALƏMİ SİRLİ BİR DÜNYADIR

FUTBOL ALƏMİ SİRLİ BİR DÜNYADIR




İkinci yazı

Braziliya mundialla belə tez vidalaşmalı deyildi...


Dünya və Avropa nəhənglərinin siyahısında Braziliya yığma komandası həmişə olub, bu gün də var və şübhəsiz, gələcəkdə də olacaq. Braziliyada futbol, futbolçu az qala ölkənin vizit kartıdır. Braziliya və futbol sözləri üst-üstə düşməklə sanki eyni mənanı daşıyır.
Braziliya futboluna həmişə böyük rəğbət olub. Bütün dövrlərdə komandanın oyun stili həmişə futbol sevərlərin, tamaşaçıların xoşuna gəlib. Ümumiyyətlə, braziliyalılar mavi ekranda görünən kimi dərhal tamaşaçıda xüsusi bir ovqat yaranır. Buna görə də azarkeşlər, tamaşaçılar hər mundialda Braziliyanı ancaq çempion kimi təsəvvür edirlər. Braziliya yığmasında heyətə düşmək çox çətindir. Əslində, elə həmişə belə olub. Ölkənin daxilində, dünya və Avropa ölkələrinin çempionatlarında top qovan braziliyalılardan az qala üç yaxşı yığma formalaşdırıb Rusiyaya gətirmək olardı. Çoxları haqlı olaraq düşünürdü ki, 2014-cü ildə Braziliya böyük uğursuzluğa məruz qaldığına görə mükəmməl, hazırlıqlı şəkildə, böyük istəklə, mübariz ruhda çempionata gələcək. Təbii ki, böyük əksəriyyət də Braziliyanı əsas favorit hesab edirdi. Ancaq qrup oyunları göstərdi ki, bu dəfə Braziliyanın güclü heyəti olsa da, onları dünya çempionu adını qazanmağa bir nömrəli namizəd kimi qəbul etmək olmaz. Amma hər bir halda təəssüratlar belə idi ki, Braziliya yığması çəki baxımından samballı təsir bağışlayır. Sonrakı gedişat bir daha göstərdi ki, hətta bu heyət belə çempionluq üçün yetərli olmadı.

Braziliya komandasında həmişə enerjiləri aşıb-daşan futbolçular olub. Bu dəfə də yığmada belə oyunçular yer almışdı. Belə futbolçuları da hansı qaydada start onbirliyinə daxil etmək, yerlərini konkret oyuna uyğun məqsədyönlü şəkildə müəyyənləşdirmək, oyunçuların bir-biri ilə hansı münasibətlərdə olmasından asılı olaraq onların qarşılıqlı anlaşma xüsusiyyətlərini düzgün ayırd etmək və digər bu kimi prinsipləri nəzərə almaq bir qayda olaraq məşqçi üçün çətinlik törədir. Bu baxımdan məşğçilər korpusu lazımi taktikalar üzərində daha çox işləməli idilər. Tite əmsalı normal olan məşqçilərdən sayılır. Sadəcə görünür Roberto Martines oyunqabağı analizlər etməklə, planlar, taktiki gedişlər və digər effektli variantlar düşünərək komandasını daha yaxşı hazırlamağa nail ola bildi. Braziliya heç vaxt müdafiə olunmağı sevmir. Bunu digər komandalar da bilirlər və bu amildən yararlanmağa çalışırlar. Bu gün Neymarın keçidləri, texniki fəndləri, manevrləri istənilən komandanın oyunçularına artıq əvvəlcədən bəllidir. Hətta onun bir vaxtlar meydanın kənarından başlayaraq mərkəzi keçib cərimə meydançasına doğru irəliləməsi daim təhlükəli olurdusa, indi bunun da qarşısını almağı öyrəniblər. Təəssüf ki, Neymar, ümumiyyətlə, oyunlarda meydanın "kralı” ola bilmədi. Belçikalılar Neymarı "bağlayanda” isə başqa futbolçular oyunu öz üzərlərinə götürməli idilər. Bəlkə də Tite riskmi, uzaqgörənlikmi edib zədədən təzə sağalmış, bir qədər də ehtiyatla oynayan Neymarın yerinə əvvəlcədən sürətli Duqlası meydana buraxsaydı, hələ bilmək olmazdı oyun necə bitəcəkdi. Bundan başqa, ən başlıcası, Tite "Mançester Siti”nin də heyətində arabir kobudluğu və ciddi səhvləri ilə yadda qalan Fernandiniyoya belə bir məsuliyyətli oyunun start heyətində yer verməli deyildi. Qabriel Jezusdan da yaxşı oyun gözlənilirdi. Təəssüf ki, o da özünü doğrultmadı.

Ümumiyyətlə, Braziliya alqış tufanı yarada bilmədi. Braziliya komandasından rəngarəng oyunlar görmədik. Hamı gözləsə də, Braziliyanın əzəmətini hiss etmədik. Braziliyanın oyunlarında yeni bir ab-hava duyulmadı. 2014-cü ildə olduğu kimi, bu dəfə də Braziliyanın oyunlarına baxan tamaşaçı,necə deyərlər, özünü unudub haldan çıxmırdı. Bu komandadan qeyri-adi ecazkar oyun görmədik, hərarət hiss etmədik. Tamaşaçılar onların oyunlarından heç də duyğulanmadılar. Lakin bütün bunlarla yanaşı, hər bir halda heyətində Marselo, Tiaqo Silva, Filipe Luis, Miranda, Villian, Paulinyo, Koutinyo, Duqlas Kosta, Roberto Firmino, Neymar kimi oyuncuları olan komanda mundialla belə tez vidalaşmalı deyildi...
Bu komandaların liderləri öz yığmalarını arxasınca apara bilmədilər
Məlumdur ki, müdafiədən hücuma mümkün qədər sürətlə keçmək əksər hallarda uğur gətirir. Bu dəfəki dünya çempionatında üç komanda bunu daha yaxşı bacardı: Xorvatiya, Fransa, Belçika.

Maraqlıdır ki, iddialı komandalardan sayılan Almaniya, Argentina, İspaniya və Braziliya bu vacib keyfiyyət göstəricisini nümayiş etdirə bilmədi. Ümumiyyətlə, bu dörd ölkənin yığması (bəlkə Portuqaliyanı da bu siyahıya əlavə edək?!) ulduz futbolçuların nüfuzundan, xidmətindən yararlanmalı idilər. Bu komandaların liderləri əslində öz yığmalarını arxasınca apara bilmədilər. Digər tərəfdən də, bu komandaların bütövlükdə hazırlıq səviyyəsi onların daha da irəliyə getmələrinə kifayət etmədi. Nəhayət, bu komandalarda elə qrup oyunlarından narahatçılıq, nigarançılıq küləyinin əsməsi hiss olunurdu. Və bu "küləklər” də nəticədə özünü büruzə verdi.
Təəssüf ki, bu komandaların hər mövqeyində güclü futbolçular yer alsa da, gözlədikləri nəticəni əldə edə bilmədilər. Bu dörd komandanın (bəlkə yenə də Portuqaliyanı bura əlavə edək?!) erkən mundialı başa vurmalarını çempionatın əsas maraqlı mübarizə mərhələsinin bitməsi kimi qiymətləndirənlər də oldu. Ancaq nə etmək olar. Mundialın yadda qalan ən xarakterik xüsusiyyətlərindən biri məhz elə bu olacaq. Kimin ağlına gələrdi ki, bütün çempionatların bəzəyi olan bu komandalar bu dəfə belə bir aqibətlə üzləşəcəklər...


Məşqçi yaxşı müşahidə qabiliyyətinə malik olmalı,
oyunun gedişində modeli, sistemi dəyişməyi bacarmalıdır

Belə hallarda məşqçilərin üzərinə çox "getməyi”də düzgün və ədalətli saymıram. Əlbəttə, hər şey, o cümlədən uğur və uğursuzluq da məşqçinin adına yazılır. Amma əslində qəti formada, mütləq mənada belə qəbul edilməməlidir. Futbolçuların əla formada olduğu, elə ilk baxışdan da həvəsli, istəkli göründüyü dünya və Avropa çempionatlarında məşqçinin boynuna elə də çox iş düşmür. Komanda yaxşı oynayıb qalıb gələndə məşqçinin sxemlərinə, planlarına elə də ehtiyac qalmır. Komanda hər şeyə qadir olanda, məşqçi sanki ikinci planda qalır. Guya Zlatko Daliç necə böyük islahatlar həyata keçirmiş, hansı qeyri-adi yeniliklər tətbiq etmişdi ki, nəticədə Xorvatiya millisi çempionatda əla oyunlar göstərməklə tamaşaçıların sevimli komandasına çevrildi?! Xorvatiya ilə bağlı irəlidə bir sıra incəlikləri təhlil edəcəyik. Ancaq elə indi yerinə düşdüyünə görə bu sualın cavabını vermək olar.
Xorvatiyanın futbol ulduzları "Real” (Modriç, Kovaçiç), "Barselona” (Rakitiç), "Yuventus” (Manzukiç), "İnter” (Periçiç), "Liverpul” (Lovren), "Atletiko” (Vrsalko), "Hoffenhaym” (Kramariç) kimi klublarda əsas heyətdə çıxış etməklə çalışqanlıqları, zəhmətsevərlikləri, iradi keyfiyyətləri, qətiyyətli, peşəkar oyunları ilə yadda qaldıqları kimi milli komanda da nümunəvi, mübariz, döyüşkən xarakter nümayiş etdirdilər.
Lakin favorit sayılan bu beş (nəhayət, Portuqaliyanı da daxil etdik) komandanın futbolçuları gözəl futbol göstərmək, nəyin bahasına olursa-olsun qol vurmaq üçün alışıb yanmadılar, vəssəlam...
Əlbəttə, bu komandaların məşqçilərindən də söhbət düşmüşkən, əlavə etmək yerinə düşər ki, Portuqaliya yığmasının məşqçisi Fernandu Santuşu Löv kimi uğurlu məşqçi hesab etmək olar. Ancaq bu dəfə çempionata o da Löv kimi "köhnə baqaj”la gəlmişdi. Onun yenilikci, daim axtarışlara meyl edən məşqçi olmadığı nəzərə çarpdı. Ümumiyyətlə, Lövdən başqa adı çəkilən komandaların məşqçilərinin heç biri oyunun gedişinə təsir etməyi bacaran məşqçi kimi qəbul edilmir. Müasir futbolda bu, çox vacib şərtdir. Bundan ötrü məşqçi öncə yaxşı müşahidə qabiliyyətinə malik olmalı, başqalarının görə bilmədiyini görməli, oyunun gedişində modeli, sistemi dəyişməyi bacarmalıdır. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, məşqçilərlə bağlı əvvəlki yazımda bu xüsusatlara ətraflı toxunmuşam. Məsələn, Zidan əfsanəvi futbolçu olub. Amma "Real”dakı titullara baxmayaraq mən onu ən yaxşı klub məşqçiləri siyahısında görmürdüm. Nəhayət Zidan ağır yükün altına girməsini özü də başa düşdü və hələlik (kim bilir, bəlkə də birdəfəlik) məşqçilik fəaliyyətindən ayrıldı.
Yuxarıda göstərilən beşliyin milli yığma komandalarının məşqçiləri barədə fikirlərimi yekunlaşdıraraq qeyd etmək istərdim ki, hələ bundan sonra da təbii ki, bu mövzuda müxtəlif yazılar, məqalələr işıq üzü görəcək, hətta yəqin ki, daha ciddi, sərt tənqidə də rast gələcəyik. Ümumiyyətlə, tənqid oluna bilməyən məşqçi yoxdur. Axı, onlar da hər şeydən əvvəl qeyri-adi insanlar deyil, sadəcə idman adamlarıdır.Və onlar barədə də hər hansı fikir söyləmək normal haldır.

Nəhayət, obyektivlik naminə demək lazımdır ki, daxili çempionatların oyunlarından fərqli olaraq dünya və Avropa çempionatlarında məşqçiləri çox qınamaq da olmur. Çempionata gələn məşqçi hələ bilmir ki, neçə oyun keçirəcək. Bir də görürsən düşünməyə, götür-qoy etməyə məşqçinin heç vaxtı da olmur. Hər şey bircə anın hökmündən də asılı ola bilər. Məsələn, İranla oyunda məzmunlu oyun göstərən və böyük üstünlüyə malik olan Mərakeş oyunun son anlarında gözlənilmədən öz qapısında qol gördü. Bəli, bu futboldur... Bəzən oyunu müdafiədə keçirən komanda sonda qalıb gəlir. Almaniya, Argentina, İspaniya, Portuqaliya, Braziliya kimi komandaların yoluna davam edə bilməməsinə görə reklam baxımından təşkilatçı ölkə olan Rusiya da "uduzdu”. Bundan başqa bu komandaların növbəti mərhələlərə adlaması təbii ki, çempionatı daha da canlandırar, stadionlara azarkeş axınını çoxaldar, oyunları daha da baxımlı edər, dünya futboluna digər töhfələr də verərdi.

Sən başqa daha nə edə bilərdin axı?!..

Mundialda İsveçrə, Danimarka, Kolumbiya, Meksika, Yaponiya "ortabab” kopmandalar kimi ümumən yaxşı təsir bağışladılar. Bu komandalar içərisində heyətində Qranit Caka, Rikardo Rodriqes, Ştefan Lixştayner, Valon Behrami, Blerim Cemali, Haris-Seferoviç, Bril Embolo, Admir Mexmedi, Şerdan Şakiri kimi futbolçuları olan İsveçrə yığması mərhələ keçməklə nə qədər irəli getsəydi, mən təəccüblənməzdim. Ümumiyyətlə, soyuqqanlı, vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran baş məşqçi Vladimir Petkoviç hər cür sürpriz etməyə qadir olan komanda formalaşdırmışdı. Təəssüf ki, gözlənilənlərin əksinə olaraq İsveçrə komandası etibarlı müdafiəyə malik olan İsveç səddini keçə bilmədi.

İsveç müəyyən qədər irəliləsə də, hər bir halda oyunları cansıxıcı görünürdü. Onların bir qədər ehtiyatla oynamaları, kollektiv şəkildə daha çox müdafiə furbolu taktikasına üstünlük vermələri (elə bu yolu seçib İtaliyanın da çempionata yolunu bağladılar) tamaşaçılara təbii ki, darıxdırıcı təsir bağışlayırdı. Hansı mərhələyə gəlib çıxmasından asılı olmayaraq, onsuz da bu komanda fikrimcə, neytral azarkeşlərin, tamaşaçıların bir o qədər də maraq dairəsində deyildi.
Uruqvay – Portuqaliya qarşılaşması çempionatın ən maraqlı, gərgin oyunlarından biri oldu. Hər iki komanda tamaşaçılara gözəl oyun bəxş etdi. Əks hücumlarda cənubi amerikalılar daha tez-tez təhlükəli vəziyyətlər yaradırdılar. Belə əks həmlələrin ikisi qolla nəticələndi. Edinson Kavani iki gözəl qolun müəllifi oldu. İkinci qoldan sonra bütün komanda ilə irəli atılan Portuqaliya hesabı bərabərləşdirməyə çox cəhd etsə də, Dieqo Qodin, Xose Ximenes və digər uruqvaylılar səhvsiz oynayaraq təmkinlə bu hücumların qarşısını aldılar. Qapıçı Fernando Muslera da soyuqqanlı və əla oynadı. Luis Suares, Kristian Rodriqes, Maksi Pereyra, Kristian Stuani də həvəsli, hərəkətli oyunları ilə yadda qaldılar. Yorulmaq bilməyən Kavani də tez-tez müdafiəçilərin köməyinə gəlirdi. Təəssüf ki, Kavani sonradan ciddi zədə alaraq meydanı tərk etdi. Sonda Uruqvay 2-1 hesablı üstünlüyünü qoruyub saxlaya bildi. Bu oyunda Uruqvayın layiqli qələbə qazanması ilə yanaşı, avropalıların da son saniyələrə qədər mübarizə apardıqlarını qeyd etmək lazımdır. Ronaldonun zərbələrinin qarşısı alınsa da, bütövlükdə Portuqaliya yığması çempionatda ən yaxşı oyununu keçirdi.

Bu oyundan sonra ən yadda qalan futbol mənzərəsi Uruqvay nümayəndə heyətinin, məşqçilər korpusunun, oyunçuların çox ciddi xəstəlikdən əziyyət çəkən "müəllim” ləqəbli baş məşqçi Oskar Tabaresi təbrik etmə səhnələri oldu. Yalnız əlindəki əsa və başqalarının köməyi ilə hərəkət edən 71 yaşlı Tabares həqiqətən alqışlara layiq idi.
Bütün oyunları sakit, ağıllı baxışları ilə seyr edən, arabir köməkçiləri ilə məsləhətləşən, yalnız gərgin anlarda hərdən ayağa durub iki-üç addım irəliləyən, əvəzetmədən öncə meydana çıxıcaq futbolçusuna tövsiyələrini verən, yığmanın ilhamvericisi Tabaresi müşahidə etdikcə əksər hallarda nəsə bir izaholunmaz hisslər tamaşaçını bürüyürdü... Xəstə vəziyyətdə okeanın o tayından Rusiyaya gələn möhtəşəm o "müəllim”... Yəqin, bəlkə burda da bir hikmət var... Nədənsə, o nurlu insan mənim də gözümün qabağından getmir...
Fransa-Uruqvay oyununa fransızlar güclü heyətdə çıxdıqları halda Kavani zədə səbəbindən komandasına qoşula bilmədi. Bu, əslində Uruqvay üçün böyük itki idi. Buna baxmayaraq oyunun əvvəli cənubi amerikalıların böyük üstünlüyü ilə keçdi. Uruqvay komandası fransızların cərimə meydançasında və qapı qarşısında ardıcıl bir neçə təhlükəli vəziyyətlər yaratdı. Təzyiqlə üzləşən qapıçı Loris böyük gərginlik altında diqqətini o dərəcədə oyuna yönəldi ki, ağzına cırcıramanın necə girməsindən də xəbəri olmadı. Amma hər halda yenə də imkan tapıb tüpürə bildi. Sonradan Fransa özünə gəlib tədricən oyunu bərabərləşdirdi. Brinci hissənin sonuna yaxın cərimə zərbəsi vurularkən ucaboylu Varan hündürə tullanaraq qapıçının düzgün mövqe seçməməsindən istifadə edib topu qapıya yönəltdi.

İkinci hissəyə də uruqvaylılar ümidlə başladılar. Onlar hələ hər şeyin irəlidə olmasına inanırdılar. Lakin belə bir həlledici zamanda Qrizmanın gözlənilməz zərbəsindən sonra təcrübəli Muslera toxunmasına baxmayaraq acınacalı bir tərzdə topu tuta bilməyib qapıya saldı. Bundan sonra cənubi amerikalıların artıq ruhdan düşməsi açıq-aşkar hiss olundu. Bu oyunda Oskar Tabares komandasına əlavə güc verə bilmədi... Tamaşaçılar isə bu böyük "müəllimə” görə üzüldülər. Bəli, bu dəfə Tabares komandasına "həyat” verə bilmədi... Eh, alicənablığı hiss olunan nurlu insan, samballı, peşəkar mütəxəssis.... Sən başqa daha nə edə bilərdin axı?!.. Gərək komandanın daxilində də bütün digər işlər qaydasında olsun... Yoxsa, Muslera bir oyunda əla təsir bağışladı, o birisində bərbad...

Ardı var....