Sadıq Sadıqov: “Əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır”

Sadıq Sadıqov: “Əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır”


Qeyd etdiyimiz kimi, "Neftçi” ölkə kubokunun finalında "Xəzər Lənkəran” klubunu məğlub edərək, kubokun qalibi oldu. Oyundan sonra "Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov "Olimpiya dünyası” qəzetinin suallarını cavablandırdı. Sadıq müəllim "qızıl dubl” etdikləri üçün sevindiklərini vurğuladı. O, klubun gələcək planları haqqında da məlumat verdi.

- Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycan Cümhuriyyətinin yaranmasının 95 illiyində çempion olduğumuz üçün qurur hissi duyuram. Özümü çox xoşbəxt hiss edirəm. "Neftçi”nin Topaz Premyer Liqasından sonra, ölkə kubokunun da qalibi olması komandanın əla səviyyədə olmasının göstəricisidir. Biz artıq ölkə kubokunun da sahibi olduq. Komandamızın bugünkü oyunu bir qədər çətin alındı. Hər iki komanda əzmkar oyun göstərdi. 120 dəqiqə maraqlı oyun getdi, amma hesab açılmadı. Buna görə də, penalti seriyasına müraciət olundu. Penalti isə lotereyadır da... Nəticədə, qələbə "Neftçi”nin qismətinə düşdü.
- Sizcə, "Neftçi” Topaz Premyer Liqasını 9-cu pillədə başa vuran "Xəzər Lənkəran” klubunu daha rahat məğlub etməli deyildi?
- "Neftçi” çempion komandadır. Hamının fikri evində-eşiyindədir. Ruslar demişkən, "çamadan əhval-ruhiyyəsindədirlər”. Komandamızın bu oyuna uyğunlaşması həddən artıq çətin idi. Futbolçularımızın yorğunluğunu, matça çempion kimi çıxdıqlarını və bir qədər arxayınlıqlarını nəzərə almalıyıq. Oyuna baxdıqda da görmək olurdu ki, "Neftçi” tam gücü ilə oynamırdı. Sanki komandada nə isə çatışmazlıq vardı. Mən belə düşünürəm ki, bu, oyundakı olan arxayınlıq hissi idi. Bunun üçün də oyunumuzda müəyyən problemlər yarandı. "Xəzər Lənkəran” isə oyuna çox ciddi hazırlaşmışdı. Hətta onlar 120 dəqiqə komandamızla bərabər səviyyədə mübarizə apardı. Lakin "Xəzər Lənkəran”ın bu səyləri bir nəticə vermədi və komandamız onbirmetirlik cərimə zərbələrində çempion olmağı bacardı.
- "Neftçi” tarixində ilk dəfə "qızıl dubl” etdi...
- Şükür Allaha. Bu, bizə qismət oldu. Bu nəticə ilə də məvsümü "qızıl dubl”la başa vurduq. Əslində, biz keçən il "qızıl dubl” etməli idik. Amma təəssüf ki, bu, "Bakı” komandası ilə oyunda alınmadı. Amma indi yenidən ələ düşən fürsəti qaçırmamaq istəyirdik və buna da nail olduq.
- Qələbənin qazanılmasında azarkeşlərin də böyük rolu oldu...
- Düzdür. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Təəssüf ki, oyundan sonra xoşagəlməz hadisə baş verdi. Bu heç də tərifəlayiq deyil. Bu idmandır. İdmanda iki komandadan biri qələbə qazanır, digəri isə məğlub olmalıdır. Məğlub olan komanda da bunu qəbul etməlidir. Keçən il biz "qızıl dubl” etməyə çox yaxın idik. Lakin "Bakı” komandası ilə oyunda məğlub oduğumuza görə bunu edə bilmədik. Amma buna baxmayaraq, oyundan sonra mən məğlubiyyətimizi qəbul edərək, "Bakı” komandasının rəhbərliyini təbrik etdim. Eləcə də, bu gün əgər məğlub olsaydıq, böyük məmuniyyətlə "Xəzər Lənkəran” komandasını təbrik etməyə hazır idim. İdmanda artıq hərəkətlərə yol vermək olmaz. Bütün bunlar idmanın gözəlliyinə xələl gətirən amillərdir.
- Bəs bu, avrokuboklar üçün istədiyiniz heyətdirmi?
- Xeyr, istədiyimiz heyət deyil. Hesab edirəm ki, Çempionlar Liqasına qədər, yay taransfer pəncərəsində komandaya əlavə 3-4 futbolçu cəlb olunmalıdır. Heyətdə bəzi dəyişikliklər etmək lazımdır, ki qarşıdan gələn mötəbər klub turnirində ölkəmizi layiqincə təmsil edək. Fikrimcə, ehtiyat qapıçı Emil Balayev çox perspektivli olsa da, Çempionlar Liqasında əsas qapıçı Saşa Stamenkoviçi əvəzləyəcək səviyyədə deyil. Eyni zamanda, komandaya güclü dayaq yarımmüdafiəçisi, müdafiəçi və hücumun istənilən cinahında oynamağı bacaran futbolçu axtarışındayıq. Fikrimiz var ki, komandaya 4 mövqede oynayan futbolçular cəlb edək. Artıq bir qədər rahatlandıq. Bunun üçün də artıq futbolçu axtarışlarına başlamışıq.
- Eşitdiyimizə görə, Cahangir Həsənzadə yenidən "Neftçi”yə qayıdır...
- Cahangir Həsənzadənin komandaya qayıtması hələ gözlənilmir. Düzdür, komandaya yerli qapıçı cəlb olunsa, legioner limitinə görə daha yaxşı olardı. Amma axtarışlardan sonra qərar verəcəyik.
- UEFA Çempionlar Liqasında hədəfiniz nədir?
- Qismət Allahdandır. Ötən mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə düşdük. Bundan sonra, əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Keçən il "Neftçi” avroliqanın qrup mərhələsində tarix yazdı. Bu dəfə isə ÇL-də tarix yazmaq istəyirik. Bunun üçün də bütün gücümüzlə çalışacağıq. Qarşıda Avropanın ən böyük nüfuzlu klub turniri olan Çempionlar Liqası gəlir. Ötən il ÇL-də edə bilmədiyimizi bu il etməyə səy göstərəcəyik. Bunun üçün qazandığımız kuboklardan arxayınlaşmamalıyıq.