Azərbaycan idmanı son illər özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Digər sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişlər müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğı atletlərimizin beynəlxalq arenalarda uğurlu çıxışına şərait yaradır. Əminliklə söyləmək olar ki, Azərbaycan dünyanın ən nüfuzlu yarışlarının keçirildiyi bir məkana çevrilib. Təsadüfi deyil ki, bir sıra idman qurumları və beynəlxalq federasiyalar idman tədbirlərinin təşkil olunmasını Azərbaycana həvalə edirlər. Bu da onu göstərir ki, Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi böyük nüfuza malikdir. Ötən il ölkəmizdə fəaliyyət göstərən bir sıra federasiyalar üçün əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Stolüstü Tennis Federasiyası da 2017-ci ili uğurla başa vurdu. Stolüstü tennisçilərimiz ötən il paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında uğurla yarışaraq 2 gümüş və 2 bürünc medal qazandılar. Tennisçilərimiz həmçinin oktyabr ayında təşkil olunacaq Buenos-Ayres-2018-ə 2 lisenziya qazanıblar. Bundan başqa digər sevindirici məqam isə stolüstü tennisçilərimizin Rumıniyada təşkil olunan Avropa çempionatında uğurlu çıxışı ilə bağlıdır. Ümumiyyətlə son illərdə inkişaf mərhələsində olan Stolüstü Tennis Federasiyasında uşaq və gənclərin fiziki və mənəvi inkişafı da diqqət mərkəzində saxlanılır. Əsas işini məhz bu istiqamətdə quran federasiya rəhbərliyi paytaxtla yanaşı, bölgələrdə də stolüstü tennis bölmələrinin inkişafına nail olub. Bu idman növündə kütləviliyin artması, təcrübəli mütəxəssislərin hazırlanması və perspektivli idmançıların yetişməsi üçün federasiya rəhbərliyi tərəfindən xüsusi inkişaf planı hazırlanıb. Uşaq və gənclərin sağlamlığına xidmət edən bu inkişaf planı yeni uğurları üçün zəmin yaradıb desək, bəlkə də yanılmarıq. Bu yaxınlarda Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədovla görüşdük. Fazil müəllimlə söhbətimiz federasiyanın gördüyü işlər, uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində atılan addımlar, tennisçilərimizin Buenos-Ayres-2018-ə hazırlığı və komandamızın Rumıniyada qazandığı möhtəşəm qələbə barəsində oldu.
- Fazil müəllim, əvvəlcə, istərdik ki, Stolüstü Tennis Federasiyası tərəfindən görülmüş işlər barədə məlumat verəsiniz.
- Stolüstü Tennis Federasiyası hazırda demək olar ki, inkişaf yolundadır. Federasiyanın inkişafı üçün bir çox tədbirlər görülüb, maddi-texniki baza gücləndirilib. Bizim təqvim planından əlavə inkişaf planımız da var. Artıq dördüncü ildir ki, işlərimizi məhz bu plan üzrə qururuq. Bu inkişaf planında əsasən 4 istiqaməti hədəf seçmişik. Bu planın əsas prioritet istiqamətləri kütləviliyin artırılması, yığma komandanın inkişafı, mütəxəssislərin peşəkarlığının yüksəldilməsi və peşəkar klubların inkişaf etdirilməsidir. Kütləviliyin artırılması istiqamətində hər il bir sıra tədbirlər həyata keçiririk. Müxtəlif peşə sahibləri - müəllimlər, jurnalistlər, İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında yarışlar təşkil edirik. Kütləviliyi artırmaq üçün iri ticarət mərkəzlərində, dənizkənarında müxtəlif tədbirlər keçiririk. Bu yaxınlarda Heydər Əliyev Mərkəzinin ətrafında bir festival təşkil etdik. Buraya toplaşan hər bir yeniyetmə və gəncə raketkalar və toplar hədiyyə etdik ki, onların bu növə marağı artsın. Daun sindromlu və autizmli uşaqların cəmiyyətə inteqrasiyası məqsədi ilə federasiyamız tərəfindən müxtəlif yarışlar təşkil olunur. Çalışırıq ki, hər bir sahədə kütləviliyə nail olaq. İkinci əsas istiqamətimiz yığma komandanın inkişafıdır. Yığmaya legioner idmançıları cəlb etmişik ki, həm komandamız güclənsin, həm də tennisçilər arasında rəqabət mühiti formalaşsın. Üçüncü istiqamət mütəxəssislərin peşəkarlığının artırlmasıdır. Bu sahə də bizim üçün prioritet sayılan istiqamətlərdən biridir. Sevindirici haldır ki, mütəxəssislərimiz hər il xarici ölkələrdə təcrübə toplayırlar. Sonuncu istiqamətimiz isə klub sisteminin inkişafı ilə bağlıdır. Bu da bizim əsas prioritet istiqamətimizdir. Bu məqsədlə yeniyetmələr arasında pilot layihə keçiririk. Bu layihələr ümumilikdə idman ruhunun artırılmasına, yeniyetmələrin təcrübə qazanmasına və çox saylı yarışların keçirilməsinə şərait yaradır. Artıq sentyabr ayından klub sisteminin geniş şəkildə inkişafına yenidən start veriləcək. Klublar arasında çempionatlar da keçirməyi düşünürük. Bir sözlə, klubların inkişafı üçün bütün gücümüzü səfərbər edəcəyik. Bizim əsas məqsədimiz gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdıraraq, yeni stolüstü tennis ailəsi formalaşdırmaq və gənclərimizi zallara dəvət etməkdir. Nə qədər çox gənci idmana cəlb etsək bu, bizim, sağlam gəncliyimizin qələbəsidir.
- Stolüstü tennisçilərimiz bu yaxınlarda Rumıniyada keçirilən gənclərin Avropa çempionatından vətənə uğurlu nəticə ilə qayıtdılar. Etiraf edək ki, bir vaxtlar kimsə stolüstü tennisçilərimizin Avropa çempionu olacağını desə idi bir qədər qəribə səslənərdi...
- Bəli. Bir vaxtlar bütün bu nəticələr bizim üçün yuxu kimi görünürdü. Lakin çox qısa zaman ərzində federasiyada böyük dəyişikliklər həyata keçirildi. Sevindirici haldır ki, bütün idman növlərində olduğu kimi, stolüstü tennisdə də inkişaf artıq özünü göstərir. Tennisçilərimiz Azərbaycanın idman tarixində yeni bir səhifə açırlar. Bu nəticələrin hamısı, Azərbaycan idmanının təbliğinə, inkişafına xidmət edir. İdmana yeni başlayan yeniyetmə və gənclər bu uğurları gördükcə onlarda da həvəs yaranır. Bizim də ən başlıca məqsədimiz ölkəmizdə stolüstü tennisin populyarlığına nail olmaq, bu idman növünü inkişaf etdirmək, uşaq və gənclərin fiziki sağlamlığına xidmət etməkdir. Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənclərin 61-ci Avropa çempionatına komandamız çox yaxşı hazırlaşmışdı. Yarışda 44 Avropa ölkəsinin idmançıları iştirak edirdi. Stolüstü tennis üzrə yığma komandamız qitə çempionatında 5 qız və 5 oğlan idmançı ilə təmsil olunurdu. Qızlardan ibarət komandamız çempionatın finalında Rusiya yığmasına qalib gələrək Avropa çempionu adına layiq görüldü. Şəxsi yarışlarda təmsilçimiz Ninq Jinq birinci yeri tutaraq ikinci dəfə gənclər arasında Avropa çempionu tituluna sahib çıxdı. Oğlanlardan ibarət komandamız isə beşinci yeri tutdu. Son üç ilin nəticələrinə nəzər salsaq tennsiçilərimizin ildən-ilə uğurlarının artdığını, nəticələrinin daha da yaxşılaşdığını görmək olar. 2016-cı ildə oğlanlarımız komanda hesabında üçüncü yerə sahib çıxıblar. 2017-ci ildə isə qızlardan ibarət yığmamız komanda hesabında üçüncü yerə layiq görülüb. Ötən il keçirilən gənclərin Avropa çempionatında təmsilçimiz Ning Jing qızların şəxsi yarışlarında birinci yeri tutaraq qızıl medala sahib olub. Bu il isə tennisçilərimiz həm komanda, həm də şəxsi yarışlarda Avropa çempionatının qalibi oldular. Rumıniyada qazanılan bu qələbə Azərbaycanın müstəqillik illərində stolüstü tennis üzrə Avropa çempionatlarında əldə olunan ən yüksək nəticədir. Bu günə qədər Azərbaycan stolüstü tennis tarixində belə bir nəticə olmayıb. Hər bir uğurun arxasında əziyyət var. Bu uğurlu nəticələr idmançılarımıza daha da stimul verəcək. Qazanılan bu qələbələr dövlətimizin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu günki gündə medallarla özünü doğruldur.
- Oktyabr ayında Argentinanın paytaxtında keçiriləcək Buenos-Ayres-2018-ə lisenziya qazanan idmançılar arasında stolüstü tennisçilərimizin də adı var. İstərdik komandamızın bu mötəbər idman yarışına qazandığı lisenziyalar barəsində məlumat verəsiniz.
- Əvvvəlcə, onu qeyd edim ki, stolüstü tennisçilərimizin də Argentina paytaxtında təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanması bizi çox sevindirir. İlk lisenziyanı komandamızın aktivinə Ninq Jinq qazandırıb. O, bu lisenziyanı ötən il noyabr ayında Xorvatiyanın Split şəhərində keçirilən Avropa təsnifat turnirində əldə edib. Komandamıza stolüstü tennis idman növü üzrə ikinci lisenziyanı isə Yu Xinhanq qazandırıb. O, Argentina paytaxtına vəsiqəyə bu il martın 24-25-də Tunisdə təşkil olunan təsnifat turnirində yiyələnib. 25 idmançının iştirak etdiyi yarışda tennisçimiz bütün görüşlərdə qalib gələrək lisenziyanı təmin etmişdi. Tennisçilər lisenziya qazanmaq üçün beş yarışda iştirak etməli idilər. Ninq Jinq elə ilk yarışda çempion olaraq lisenzia qazanmışdı. Oğlanların yarışında mübarizə aparan Yu Xinhanq isə üçüncü yarışda lisenziya əldə etdi. Onu da əlavə edim ki, stolüstü tennis idman növündə lisenziya təsnifat turnirlərində yalnız birinci yeri tutan idmançıya verilir.
Qeyd edim ki, hər ölkə üzrə cəmi iki lisenziya ayrılıb ki, bu lisenziyaların ikisini də Azərbaycan idmançıları qazanıblar.
- Stolüstü tennisçilərimiz Yeniyetmələrin Yay Olimpiya Oyunlarına necə hazırlaşırlar?
- Rumıniyadan qayıtdıqdan sonra Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək tennisçilərimiz Çinə yola düşdülər. Onlar hazırda məşqlərini Çində davam etdirirlər. Tennisçilərimiz orada özlərindən daha güclü idmançılarla məşq edib hazırlıq səviyyələrini artırırlar. Bildiyiniz kimi, burada onlarla rəqabət apara biləcək idmançılar çox azdır. Belə olan halda isə onların təcrübə qazanması mümkünsüz görünür. Yəqin ki, təmsilçilərimiz olimpiadaya qədər hazırlıq prosesini Çində davam etdirəcəklər.
- Komandamız üçün əsas rəqiblər hansılardır?
- Buenos-Ayres-2018 Yay Olimpiya Oyunlarının stolüstü tennis yarışlarında 32 oğlan və 32 qız idmançı mübarizə aparacaq. Yarışlar fərdi qaydada keçiriləcək. Qaydalara görə hər ölkəni bir oğlan və bir qız idmançı təmsil edə bilər. 32 idmançı arasında dünyanın ən güclü yeniyetmə tennisçiləri yer alıblar. Yeniyetmələrin Olimpiya Oyunlarında bütün idmançılar bizim üçün əsas rəqiblərdən sayılırlar. Hansısa bir ölkəni xüsusi fərqləndirmək olmaz.
- Buenos-Ayres-2018-də tennisçilərimizdən hansı nəticəni gözləmək olar?
- Yeniyetmələrin Olimpiya Oyunları çox möhtəşəm bir yarışdır. Bu yarışlarda mükafatçılar sırasına düşmək üçün çox böyük rəqabət var. Ümumiyyətlə Olimpiya Oyunları hər zaman sürprizlərlə dolu olur. Burada idmançıların hər birindən yüksək nəticələr gözləmək mümkündür. Bu yarışda zəif idmançılar olmur. Onlar əgər yeniyetmələrin olimpiadasına lisenziya qazanıblarsa, deməli, qızıl medala da layiqdirlər. Stolüstü tennisçlərimizin Buenos-Ayres-2018-dəki çıxışı barədə qabaqcadan proqnoz vermək çətindir. Burada bəxt amilinin və püşkatmanın da böyük rolu var. İdmançılarımıza inanırıq. Yenə də qeyd etdiyim kimi, bu idmandır. Hər şey ola bilər. İnanıram ki, tennisçilərimiz onlara bəslənən ümidləri doğruldacaqlar.
- 2 ildən sonra dünyanın idman nəbzi Tokioda döyünəcək. Stolüstü tennisçilərimizin möhtəşəmliyinə görə bütün idman yarışlarını geridə qoyan dördilliyin zirvə yarışlarına, yəni Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları varmı?
- Düzünü desəm, bu barədə hələ dəqiq söz deyə bilmərəm. Bildiyiniz kimi, Olimpiya Oyunlarında çox peşəkar, eyni zamanda dünyanın ən güclü idmançıları mübarizə aparırlar. Biz hər işi mərhələli şəkildə həyata keçiririk. Əvvəlcə yeniyetmələrimizin yarışlarda uğur qazanması üçün bütün gücümüzü səfərbər etdik. Tennisçilərimiz hələ çox gəncdirlər. Olimpiadada iştirak edən idmançılar isə daha təcrübəli və böyük atletlər olurlar. Yəni demək istədiyim odur ki, biz işimizi müəyyən mərhələlər üzrə həyata keçiririk. 3-4 il bundan əvvəl bu bizim üçün yuxu kimi görünürdü. Amma tennisçilərimiz bu illər ərzində nə qədər böyük nəticələr qazandılar. Çalışacağıq ki, nəticələrimizi hər il daha da yaxşılaşdıraq. Bunun üçün isə bizim zamana və təcrübəyə ehtiyacımız var.
- Federasiya növbəti illərdə də Asiya məktəbinin təcrübəsindən yararlanacaqmı?
- Komandamız 2014-2015-ci illərdə Avropa məktəbinin təcrübəsini öyrənirdi. Hətta biz polşalı mütəxəssis Leşek Kuxarski ilə də müqavilə bağlayaraq onu yığma komandaya baş məşqçi vəzifəsinə təyin etmişdik. Biz həmin məşqçinin təcrübəsini də öyrəndik, dəfələrlə Polşada təlim-məşq toplanışlarında iştirak etdik. Leşek Kuxarski həmişə bizə deyirdi ki, stolüstü tennisi qısa zaman ərzində inkişaf etdirmək mümkün olmaz. Bunun üçün ən azı 10 il vaxt lazımdır. Bu həqiqətən də belədir. Hər şey pilə-pillə olur. Bir faktı qeyd edim ki, dünya idmanında stolüstü tennisdə əsasən Avropa və Asiya məktəbi formalaşıb. Biz hər iki məktəbin təcrübəsini öyrəndik. Lakin etiraf edim ki, Asiya məktəbi dünyada liderdir və biz də bu təcrübədən faydalanmağa çalışdıq. Komandalarımızı təlim-məşq toplanışları üçün Çinə yollayırıq. 1960-cı ildə Çin Xalq Respublikası stolüstü tennisi milli idman növü elan edib. Çində 30 milyondan çox insan peşəkar tennislə məşğuldur. Bu, yetərincə böyük rəqəmdir. Yadınızdadırsa, Bakı-2015-də qadınlar arasında keçirilən stolüstü tennis yarışlarında Hollandiya millisi birinci yeri tutdu. Həmin heyətin əsas üzvləri çinli idmançılar idi. Hazırda İngiltərə yığmasının heyətində yer alan idmançılar da çinli tennisçilərdirlər. Yəni demək istəyirəm ki, stolüstü tennisdə bütün ölkələr Çin məktəbinin təcrübəsindən yararlanır. Biz də bu təcrübədən yararlandıq.
- Bildiyimizə görə, federasiya peşəkar hakimlərin hazırlanması prosesini də diqqətdə saxlayır.
- Bəli. Bu ilin may ayında Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən beynəlxalq dərəcəli hakim adını almaq üçün imtahan keçirildi. Dünyanın bütün ölkələrindən çoxlu sayda hakimlər bu imtahanda iştirak etdilər. Bizim ölkədən imtahana 5 hakim namizəd qatılmışdı. İmtahanda iştirak edən hakimlərimizdən ikisi - Sara Sultanova və Xəyalə Qiyasova imtahandan uğurla keçərək, beynəlxalq dərəcəli hakim adına layiq görüldülər. Bununla da beynəlxalq dərəcəli yarışlarda hakimlik edə bilən ədalət təmsilçilərimizin sayı 6 oldu. Çalışırıq ki, gənc, perspektivli məşqçilər və hakimlər yetişdirək. Yaxşı mütəxəssislərimiz olmalıdır ki, gələcəkdə bu idman növünün inkişafına nail ola bilək.
- Komandamızı qarşıda hansı yarışlar gözləyir?
- Stolüstü Tennsi Federasiyasının təşkilatçılığı ilə təqvim planına əsasən il ərzində müxtəlif yarışlar keçiririk. Bundan başqa idmançılarımız beynəlxalq yarışlarda da mübarizə aparırlar. Komandamızı gələn ay böyüklər arasında Avropa çempionatı gözləyir. Qeyd edim ki, Olimpadada iştirak edəcək idmançılarımız qitə çempionatına yollanmayacaqlar. Həmin idmançılarımız hazırda əsas diqqətini Yeniyetmələrin Yay Olimpiya Oyunlarına yönəldiblər. Bizim əsas məqsədimiz yeniyetmə idmançıları seçib üzə çıxarmaq və onlar arasında yarışlar təşkil etməklə təcrübələrini artırmaqdır.
- Sumqayıt şəhərində dənizkənarı parkda müasir idman kompleksi tikilərək gənc tennisçilərimizin istifadəsinə verilib.
- Komandamızın əsas təlim məşq bazası "Şüa” İdman-Sağlamlıq Kompleksidir. Sumqayıtdakı idman kompleksi isə köməkçi bazadır. Orada Sumqayıtın perspektivli idmançıları, məşqçiləri məşğul olurlar. Həmin arenada təlim-məşq toplanışları və bir çox yarışlar da keçirilir. Hər həftənin sonu həmin bazada uşaqlar arasında yarışlar təşkil olunur ki, bu da onların təcrübə qazanmasına ən böyük stimuldur.
- Aydın məsələdir ki, peşəkar idmanın əsası uşaq idmanından başlayır. Stolüstü tennisdə uşaqlarla iş necə aparılır?
- Şübhəsiz, hər bir idman növünün əsası uşaq idmanından başlayır. Bu gün əsas diqqət kiçik yaşlı uşaqların stolüstü tennisə cəlb edilməsi və onların gələcəkdə istedadlı, bacarıqlı tennisçilər kimi, yetişdirilməsinə yönəldilib. Bu məqsədlə təqvim planında azyaşlı idmançılar üçün yarışların sayı artırılıb və onların həm respublikadaxili, həm də beynəlxalq turnirlərdə iştirakı üçün hər bir şərait yaradılıb. Federasiyanın qarşısında duran əsas məqsədlərdən biri stolüstü tennisi geniş təbliğ etmək, onun kütləviliyinə nail olmaq, peşəkar idmançılar yetişdirmək, seçim etmək, həmçinin daha istedadlı və perspektivli tennisçiləri yığma komandaya cəlb etməkdir. Respublika üzrə fəaliyyət göstərən məşqçi-müəllimlərlə müqavilələr bağlanılıb. Bu mütəxəssislər 6-9 yaşlı uşaqlarla məşğul olurlar. Məşqlərin yüksək səviyyədə keçirilməsi üçün məşqçilər və uşaqlar bütün lazımi idman avadanlıqları ilə tam təmin olunublar. Bakı şəhəri daxil olmaqla, ölkəmizin müxtəlif rayonlarında stolüstü tennis üzrə bölmələr fəaliyyət göstərir. Bu coğrafiyanı genişləndirmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Məşqçilərlə bağlanan müqavilənin əsas məqsədi erkən yaşından uşaqların bu idman növünə cəlb edilməsi və istedadlı tennisçilərin müəyyən edilməsidir. Bakı, Sumqayıt, Salyan və Şəki zonalarında təsnifat turnirləri təşkil olunub. Ümid edirik ki, planlaşdırdığımız tədbirlər öz bəhrəsini verəcək və biz yaxın vaxtlarda gənc, istedadlı və perspektivli idmançıların yetişdirilməsinə müvəffəq olacağıq. Bir sözlə, stolüstü tennisin kütləviliyinə nail olmağa çalışırıq.
Azər Əlizadə