Dünya Boks Şurasının (WBC), Beynəlxalq Boks Federasiyasının (IBF) və Dünya Boks Təşkilatının (WBO) versiyaları üzrə müxtəlif çəki dərəcələrində keçmiş dünya çempionu Oskar de la Xoyya 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə öz namizədliyini irəli sürmək fikrindədir.Boksçu bu barədə TMZ xəbər portalına müsahibəsində deyib: "Mən peşəkar boksçu olandan sonra milyonlarla insan seçkilərdə niyə iştirak etmədiyimi soruşub. Mən niyə də onları təmsil etməyə cəhd göstərməyim? Bu, bir həqiqətdir ki, sən yalnız prezident olmaqla çox işlər görə bilərsən”.
Qeyd edək ki, vaxtilə ən güclü boksçulardan biri olan Oskar de la Xoyya yüngül çəki dərəcəsindən orta çəki dərəcəsinə qədər müxtəlif çəki dərəcələrində çıxış edib. Peşəkar rinqdə 45 döyüş keçirən boksçu 39-da (o cümlədən 30-da nokautla) qalib gəlib və 6 dəfə məğlub olub. O, karyerasını başa çatdırandan sonra promouter fəaliyyəti ilə məşğul olmağa başlayıb.