46 yaşlı meksikalı Sara Şleper dağ xizəyi üzrə yeddi Olimpiya Oyunlarında iştirak edən ilk idmançı adını qazanıb. Milan-Kortina-2026 Olimpiadasında super nəhəng slalom yarışlarında iştirak edən Şleper italiyalı Federika Briqnonedən 7,46 saniyə geri qalaraq, 26-cı yeri tutub. Məlumat üçün bildirək ki, Şleperin Olimpiya Oyunlarındakı debütü 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Oyunlara təsadüf edir. Həmin vaxt o, yarışı başa vura bilməmişdi. Onun ən yaxşı nəticəsi 2006-cı il Turin Oyunlarında olub. Meksikalı idmançı slalomda 10-cu yeri tutub. Bundan əlavə, Şleper 11 dəfə Dünya Dağ Xizəyi Çempionatında iştirak edib. Onun yeganə Dünya Kubokundakı qələbəsi 2005-ci ildə qeydə alınıb.
Olimpiya mükafatçısı olmadan rekorda imza atdı


