Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin ev sahibliyi edəcəyi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarınaçoxaz vaxt qalır. Xəbər verdiyimiz kimi yarış oktyabrın 6-dan 18-nə kimi davam edəcək. Oyunlarda dünyanın ən güclü yeniyetmə idmançıları 32 idman növündə qüvvələrini sınayacaqlar. Yarışlarda Azərbaycanı 9 idman növündə 17 idmançımız təmsil edəcək. Atletlərimiz Cənubi Amerikada boks, atletika, stolüstü tennis, taekvondo, cüdo, güləş, gimnastika, ağırlıqqaldırma və üzgüçülük yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. "Olimpiya dünyası” qəzetivə olimpnews.az saytılisenziya qazanan idmançılarımla bağlı müsahibələri oxucularına təqdim edir. Müsahibimiz ölkəmizi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında təmsil edəcək boksçumuz Nurlan Səfərovdu.
- Artıq Yeniyetmələrin Olimpiya Oyunlarına son hazırlıqlar gedir. Yarışa hazırlıq necə keçir?
-Deməzdim ki, son mərhələdir. Hələ yarışa müəyyən qədər vaxtımız var və bu, o qədər də az müddət deyil. Nəzərə alsaq ki, gün ərzində iki, bəzən də üç dəfə məşq edirik, hələ xeyli işlər görə, çatışmayan cəhətləri inkişaf etdirə bilərsən. Əsas odur ki, prinsipiallıq, həvəs və hədəf olsun. Məşqçilərimdən birinin dediyi kimi, əgər sən rəqibə məğlub olursansa, deməli, ondan az məşq etmisən. Mən isə bunu istəmirəm.
- Səhv etmirəmsə, Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziyanı İtaliyada keçirilən Avropa çempionatında qazanmısan. Həmin anları necə xatırlayırsan?
- Qitə birinciliyinə məhz çempionluq üçün getmişdim və hədəfimə çatdım. Qeyd edim ki, ilk 4 görüşə nisbətən final qarşılaşması daha gərgin keçdi. Çünki həm döyüşlər arasında istirahət etməyə, itirilmiş enerjini bərpa etməyə vaxt yox idi, həm də rəqib güclü idi. Lakin dediyim kimi, arzuma çatdım. Ümumiyyətlə bu ili bizim üçün asan hesab etmək olmaz. Əvvəlcə, Avropa çempionatında mübarizə apardıq. Ardınca dünya birinciliyində iştirak etdik. İndi isə daha çətin bir sınaq qarşısındayıq.
- Adətən peşəkar atletlər idmana hansı növdən başlayırlarsa, gələcək karyeralarını da o istiqamətdə davam etdirirlər. Bəs sən necə?
- Mən idmanda ilk addımlarımı taekvondo növündə atmışam. Lakin bu idman növü ilə cəmi iki həftə məşğul oldum. Taekvondo və boksun hər ikisi döyüş idman növü olsa da, boks mənə daha maraqlı gəlir. Yaxşı ki, sonradan boksla məşğul olmağa başlamışam. Yoxsa, bəlkə də, Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanmazdım.
- Nurlan, medal kolleksiyana Yeniyetmələrin Yay Olimpiya Oyunlarının medalını əlavə edə biləcəksən?
- Bəli, düşünürəm ki, bunu bacaracağam. Hər halda müsbət fikirdə olmaq lazımdır. Sağ olsunlar, məşqçilərimiz də bizə inanırlar. Deyirlər ki, yarışdan yalnız qızıl medalla qayıtmalısınız. Bu, bizi həvəsləndirir. Amma unutmaq olmaz ki, bizim kimi digər idmançılar da medal istəyir və bunun üçün çalışırlar. Ona görə də arxayınlaşmaq olmaz.
- Əgər medal qazansan, onu kimə həsr edəcəksən?
- Mənimlə birlikdə əziyyət çəkən hər kəsə. O cümlədən də valideynlərimə və məşqçilərimə.