Ağır çəkili tanınmış boksçu Mayk Tayson Mumbaya səfəri zamanı keçmişdəki yoxsul həyat tərzindən danışıb. Bu barədə "Economic Times" nəşri məlumat verib.
"Fikrimcə, daha çox yoxsulluq, əzab-əziyyət görənlər daha yaxşı boksçu ola bilirlər. Baxsaq, görərik ki, ən uğurlu əlcək sahibləri xarabalıqlardan çıxıblar. Bir sözlə, kasıb boksçular böyük nəticələr əldə edirlər", - deyə 52 yaşlı Mayk Tayson bildirib.
İdmançı Hindistana qarışıq döyüş növləri (MMA) üzrə "Kumite 1 League" turnirinin açılışına görə gəlib. Jurnalistlərlə söhbət zamanı Tayson qeyd edib ki, karyerasının əvvəlində seçim imkanı olsaydı, heç vaxt MMA ilə məşğul olmazdı: "MMA-da böyük pul yoxdur, mən isə həmişə pul ardınca getmişəm",
Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. Tayson 1987-1990-cı illərdə ağır çəki dərəcəsində mütləq dünya çempionu olub.