Yeniyetmələrin III Yay Olimpiya oyunlarında Azərbaycan taekvondoçularının çıxışları başa çatıb. Xəbər verdiyimiz kimi, ölkəmizi bu idman növündə iki idmançımız – Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63 kq) təmsil edib. Xanım taekvondoçumuz yarışları mükafatsız başa vurub. Lakin Cavad Ağayev çıxış etdiyi çəki dərəxəsində bürünc medala yiyələnib. İdmançımızın çıxışları zamanı nümayəndə heyətinin üzvləri bu mübarizədə yaxından azarkeşlik ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və İdman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə və digər şəxslər də izləyiblər. Yeniyetmələrin III Yay Olimpiya oyunlarının taekvondo üzrə bürünc mükafatçısı Cavad Ağayev yarışlardan dərhal sonra «Olimpiya dünyası» qəzetinə eksklüziv müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Cavad, İlk görüşündə həyəcanlı görünürdün?
- Bəli. Həyəcanım həddindən artıq idi. Çünki buna qədər rəqiblərim bir görüşdə iştirak etmişdilər. İlk görüşdə mən cənubi sudanlı Stefen Çol Atemlə qarşılaşmalı idim. Lakin o, bu mərhələdə çıxış etmədi. Buna görə də mən birbaşa yarımfinala vəsiqə əldə etdim.
- Rəqibin adlı-sanlı idmançılardan biri idi.
- Düzdür, iranlı idmançı Hamed Aşqari bu çəki dərəsində ən güclü idmançılardan sayılırdı. Amma onun uğurlarından çəkinmədim. Sona qədər döyüşdüm. Başa-baş mübarizədə ona bir xal fərqilə qalib gəldim. Bununla da özümü üçün ən azı bürünc medalı təmin etmiş oldum.
- Qızıl medala gedən yolda görüşün də maraqlı və gərgin keçdi.
- Hədəfim bəlli idi. Yarımfinalda qalib gəlmək üçün bütün qüvvəmi topladım. Koreyalı Ço Von Hi ilə qarşılaşmada qızıl medalı əldən verdim. Ölkəmizə növbəti medalı qazandırdığım üçün çox xoşbəxtəm. Fürsətdən istifadə edib, məni yarışda dəstəkləyən nümayəndə heyətinə və azarkeşlərə öz təşəkkürümü bildirirəm.