Sənan Əliyev vaxtilə boks, taekvondo, karate, sambo idman növləri ilə məşğul olub. Amma həmişə axtarışda olan bir insan kimi axtardığını qarışıq döyüş növlərində (MMA) tapıb. "Boz qurd” ləqəbli MMA döyüşçüsü dünya və Avropa çempionudur. Amma səhhətində yaranan problemlə əlaqədar idman karyerasına son verməli olub. Onunla yaxından tanış olmaq və keçdiyi yola nəzər salmaq üçün redaksiyamıza dəvət etdik.
- Sənan müəllim, istərdik ki, özünüz haqda danışasınız.
- 1985-cü ildə Füzuli rayonunun Yuxarı Dilağarı kəndində anadan olmuşam. 1993-cü ildə məlum Qarabağ hadisələrindən sonra ailəmlə birgə yurd-yuvamızdan didərgin düşmüşük. Atam Veysi Əliyev könüllülər batalyonunun ilk üzvlərindən biri olub. Uşaqlığımı xatırlayanda atışma, top, mərmi səsləri qulaqlarımda cingildəyir, gözümün qarşısına qraddan tikə-tikə olan döyüşçülər gəlir (kədərlənir). Kənddə ermənilər tərəfindən vurulan əsgərlərin qanının süzülüb kəhrizə töküldüyünü öz gözlərimlə görmüşəm.
Kiçik yaşlarımdan çevik, cəld uşaq olmuşam. Bir yerdə oturmağı sevməzdim. Döyüş taborunda bir əsgər vuruşurdu. Çox qüvvətli bədəni var idi, karate ilə məşğul olurdu. Onun qətiyyətliliyi, iradəli olması diqqətimi çox cəlb edirdi. Özümə söz verdim ki, mütləq idmanla məşğul olacağam. Torpağımız düşmən ordusu tərəfindən zəbt edildikdən sonra Beyləqanda məskunlaşdıq. Əskunlaşdığımız ərazidə əvvəlcə kokşin-karate, sonra boks məşqlərinə getdim. Qardaşım Seymur Əliyev isə taekvondo ilə məşğul olurdu. O, hazırda taekvondo üzrə dünya və Avropa çempionudur. Sonra onun vasitəsilə bacarıqlı mütəxəssis, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədli ilə tanış oldum.
"Üçrəngli bayrağımız
mənim üçün hər şeydən əzizdir”
- Axtardığınızı tapa bildinizmi?
- Mən daim axtarışda olan insanam və axtardığımı tapa bilməyincə sakit durmuram. Özüm üçün yeni şeylər kəşf etməyi sevirəm. Boks, taekvondo, sambo və s. kimi idman növlərini sınaqdan keçirəndən sonra qərara gəldim ki, mənə ən yaxın olanı elə qarışıq döyüş növləridir. 2002-cü ildə Azərbaycan Politexnik Universitetinin avtonəqliyyat fakültəsinə qəbul oldum və 2006-cı ildə bu ali məktəbi bitirdim.
- Bəs məşqçiliyə necə başladınız?
- Doğrusunu deyim ki, ali məktəbdə oxuduğum illərdə idmanla məşğul olsam da, məşqçilik etməyi düşünmürdüm. Bir gün qardaşımın dostu məndən xahiş etdi ki, onunla məşq keçim. Mən onu hazırlaşdırmağa başladım. Bir də onda gördüm ki, hardasa 40-45 tələbəm var. Məşqləri AHİTA-nın "Spartak” idman klubunda keçirdik. Süleyman Məmmədli Turan Do döyüş növünü yaratdıqdan sonra uşaq və gəncləri bu idman növünə cəlb etdim. Məşqçilik prosesində bir şeyi yəqinləşdirdim ki, valideyn övladını məşqə çempion olması tələbi ilə gətirəndə heç bir nəticə alınmır. Əksinə, ona dəstək göstərərsə, yanında olarsa nəticəsi müsbət olacaq. Fərid adlı fiziki məhdudiyyətli bir tələbəm vardı. Məşqə gələndə yeriyə bilmirdi. Aradan 10 il keçib və əzmkarlığı sayəsində artıq sərbəst yeriyir, özünü idarə etməyi bacarır. Hazırda "Əsa” teatrının aktyorudur və bizim layihədə iştirak edir.
Bir vətəndaş, məşqçi kimi hər zaman düşünmüşəm ki, torpaqlarımız işğal altında olduğu bir vaxtda sağlam və vətənpərvər gənclərə xalqımızın, dövlətimizin böyük ehtiyacı vardır. Yarışlara "Boz qurd” ləqəbi ilə çıxmışam. Üçrəngli bayrağımız mənim üçün hər şeydən əzizdir. Ukraynada, Türkiyədə yaşadığım müddətdə bayrağıma görə mənfur qonşularımızla hər zaman mübahisələrim olub.
- Dünya çempionu olduğunuz ili necə xatırlayırsınız?
- 2014-cü ildə Azərbaycan Hap Ki Do Federasiyasının üzvü kimi İtaliyada təşkil olunan dünya çempionatında iştirak etdim. Yarışları uğurla başa vurub vətənə çempion kimi qayıtdım. Qayıdan kimi məni klub yaratmaq fikri rahat buraxmırdı. Hətta bir dəfə yuxuda gördüm ki, boz qurdla söhbət edirəm və o mənə yol göstərdi. Həmin günün səhəri qərara gəldim ki, uşaqları və gəncləri vətənpərvərliyə, düzlüyə, dorğuluğa səsləyən, bu ruhda tərbiyə edən klub açam. Klubun adını da fikirləşmişdim - Alp Turan. Klubun məqsəd və vəzifələri isə bunlar idi: bütün üzvlər bir-birinə dayaq, kömək olmalı, imkanı daha yaxşı olanlar imkansız uşaqlara əlcək, məşq paltarı ilə təmin edilməsində kömək etməlidirlər və s. Müxtəlif federasiyalar klubumuza köməklik göstərdilər, inventarla təmin etdilər. Beləliklə, "Alp Turan” klubu fəaliyyətə başladı. Bizim klubumuzda həmişə şəhid ailəsinin, Qarabağ əlillərinin uşaqları pulsuz məşq keçib.
İşimlə bağlı bir müddət Türkiyədə və Ukraynada yaşamalı oldum. Bu müddətdə klubu qardaşım Seymur idarə edirdi. 2017-ci ildə Ukraynada qaydasız döyüş üzrə peşəkarların Avropa çempionatı keçirilirdi. Həmin yarışda 32 saniyə ərzində rəqibimi məğlub edərək qalib oldum. Səhv etmirəmsə, rəqibimin soyadı Yaşin idi.
"Təslim olmaq istəmirdim”
- Xəstəlik sizi necə tapdı?
- Bakıya qayıtdıqdan sonra adi günlərin birində səhər yuxudan ayılanda hiss etdim ki, sağ tərəfim işləmir. Bu bəlkə də keçirdiyim sarsıntıların nəticəsi, maddi məsələlərlə bağlı problemlərlə əlaqədar idi. Həkimlər xəstəliyimə dəqiq diaqnoz qoya bilmirdilər. Mən isə təslim olmaq istəmir, xəstəliyimlə bağlı internetdə axtarışlar aparırdım. Sən demə, idmanda aldığım zədə bədənimin sağ tərəfinin iflici ilə nəticələnmişdi. Dediyim kimi, təslim olmaq istəmir, müxtəlif idman hərəkətləri edirdim, çalışırdım ki, hərəkətsiz qalmayım. Eyni zamanda, Gənclər və İdman Nazirliyinə (GİN), Milli Məclisə, Prezident Aparatına müalicəmlə bağlı müraciət etdim. Hamının məndən əlini üzdüyü vaxtda müraciət etdiyim instansiyaların hamısından cavab gəldi. Bu işdə dostlarım mənə mənəvi dəstək oldular. Kuratorumuz Firudun müəllim, Süleyman Məmmədli hər zaman yanımda oldular. Gənclər və idman naziri Azad Rəhimov, GİN-nin idman şöbəsinin müdiri Fərid Mansurov dərdimi anladılar, müalicə alıb sağalıb ayağa qalxmağıma çox köməklik elədilər. İndi qismən sağalsam da, sağ qulağımda və gözümdə müəyyən problemlər hələ də qalmaqdadır. Dövlətimizə, ölkə rəhbərinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm ki, mənim sağalıb ayağa qalxmağımda, yenidən cəmiyyət üçün gərəkli olmağımda böyük köməklik göstərdilər. Sağ olsunlar ki, mənim kimi onlarla, yüzlərlə belə xəstə insana kömək ediblər. Dostlarıma, xeyirxah insanlara minnətdaram. Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə, dünya çempionu Güloğlan Cabbarova təşəkkürümü bildirirəm. Vətənpərvər idmançılarımız, tələbələrim müalicə dövründə maddi və mənəvi dəstəklərini məndən əsirgəmədilər. Gileylənməyi sevmirəm. Nə mümkündürsə, onu özüm öz gücümlə və Tanrının köməkliyi ilə əldə etməyə çalışıram. Sağ olsun, yaxşı insanları.
- Sizi ruhdan düşməyə qoymayan nə oldu?
- Yaşamaq ümidi və idman məni həyata qaytardı. İdmanı, hərəkət etməyi bir an belə buraxmadım. Sistem vurulandan sonra yatmağı təklif etsələr də, stadionda qaçır, turnikdən sallanırdım. Bir sözlə, məğlub olmaq fikrim yox idi.
İdmançılar bir anın, dəqiqənin, saniyənin qəhrəmanıdırlar. Əsil insan, idmançı odur ki, o qəhrəmanlığı "ulduz” olandan sonra da davam etdirsin, digərilərinə nümunə, gənclərə örnək olsun.
"Biz olmaq, birlikdə hər şeyin
yaxşısını etmək deməkdir”
- Başınıza gələnlər sizi bir filmin qəhrəmanına çevirdi?
- Emeliya Aslanlı (Kristian) məni yaxından tanıyan bir insan və rejissor kimi haqqımda sənədli film çəkmək istədi. Gələcəkdə fikrimiz var ki, həmin ssenari əsasında bədii film də çəkək. Təəssüf ki, idman mövzusu ilə bağlı ədəbiyyatda, kinoda, musiqidə kasadlıq var. Axı idman hər birimizin həyatının bir parçasıdır. Dirijor Niyazi, bəstəkar Fərhad Bədəlbəyli musiqiçi olsalar da, idmanı çox seviblər. Hər ikisi ağırlıqqaldırma ilə məşğul olub. Akif İslamzadə, Yalçın Rzazadə də idmana bağlı insanlardırlar. Son vaxtlarda televiziyalarda şou-biznesə daha çox yer verilir, nəinki maarifləndirici mövzulara.
- Sonra özünüz də film çəkmək qərarına gəldiniz?
- Doğrudur. Hazırda "Qanlı qələm” serialı üzərində işləyirik. Layihə rəhbəri və baş prodüsser kimi üzərimə böyük məsuliyyət düşür. Serialın ssenari və quruluşçu rejissoru Emil Bayramzadə, ikinci rejissoru isə Emeliya Aslanlıdır. "Qanlı qələm” serialı 16 bölümdən ibarətdir. Serialda səhnəmizin ustad sənətkarları Hacı İsmayılov, Yasin Qarayev, Nurəddin Mehdixanlı, Əjdər Həmidov, Kazım Abdullayev, Mətanət Atakişiyeva, Aslan Şirin kimi aktyorlar yer alıblar. Burada Nəvai Mətin adında rəssama da rol vermişik. Rəşad və Vüsal Mərdanov qardaşları isə idmançıdırlar. Uşaq və gənclərimiz teatr və səhnə əsərlərindən, kinolarımızdan ruhlanmalı, düzgün tərbiyə almalıdırlar. Bunun üçün yüksək səviyyədə iş ortaya qoyulmalıdır.
Düşünürəm ki, biz hər peşə sahibindən, tutaq ki, idmançı, həkim, mühəndis, jurnalist olmazdan öncə vətəndaşıq, azərbaycanlıyıq. Bunu unutmayaq. Şəxsən mən özümü heç vaxt peşəkar idmançı hesab etməmişəm. Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya çempionları ilə müqayisədə biz neyləmişik ki?!
- Siz həm də aktyor kimi filmlərdə çəkilmisiniz?
- Əslində, filmlərə kaskadyor kimi dəvət almışam. Kaskadyorluq çox çətin sahədir. Burada həm aktyor, həm idmançı olmağı bacarmalısan. Türkiyə filmlərində və seriallarında kaskadyor kimi çəkilmişəm.
- İdmançı olmaq çətindir, ya aktyor?
- Hər ikisi. Amma idman insan sağlamlığı üçün mühüm önəm daşıdığı üçün çox vacibdir. İdmançı olmaq çox çətindir. Fasiləsiz məşqlər, əzab-əziyyət və s. İdman vərdişindən əlavə, iradə, möhkəm xarakter mütləq vacibdir.
- Ən çox sevdiyiniz ifadə?
- Çox danışan az, az danışan çox iş görər.
- Biz olmaq nədir?
- Biz olmaq, həmrəy və vətənpərvər olmaq, birlikdə hər şeyin yaxşısını etmək deməkdir. Bir sözlə, azərbaycanlı olmaq deməkdir. Filmlərdə, seriallarda hər şeyin yaxşını vermək, müsbət obrazlar, məsələn, yaxşı qaynana, gəlin, ər obrazı yaratmaq lazımdır ki, cəmiyyət ondan bir nümunə götürsün.
Səadət Hakıyeva