Fevralın 7-də yunan-Roma güləşi üzrə Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, təcrübəli mütəxəssis Elçin Cəfərov 60 illik yubileyini qeyd edib. AGF-nin rəhbəri Namiq Əliyev də daxil olmaqla, güləş ailəsi yubilyarı təbrik edib. Qeyd edək ki, Elçin Cəfərov 2002-2010-cu illərdə yunan-Roma güləşi üzrə yığmamıza baş məşqçilik edib. Məhz onun rəhbərliyi altında güləşin bu növündə ilk Olimpiya qızılı əldə olunub. "Olimpiya dünyası” qəzeti olaraq Elçin müəllimi təbrik etməyi özümüzə borc bildik və onunla birgə ömür yoluna nəzər saldıq.
- Elçin müəllim, Azərbaycan güləşində kifayət qədər tanınmış və nüfuzlu simalardan birisiniz. Bunun üçün kimə və nəyə borclusunuz?
- Ömrümün 50 ilini idmana, güləşə həsr etmişəm. 10 yaşından güləşlə məşğul oluram. İdmanda ilk addımlarımı ölkənin tanınmış tədris və təhsil ocaqlarından olan Respublika Olimpiya İdman Liseyində atmışam. Mən bura böyük qardaşım Nurəddinin məsləhəti ilə gəlmişəm. İlk müəllimim İsmayıl Çöpçiyev olub. O hazırda Balakəndə məşqçilik edir və Rəsul Çunayevin şəxsi məşqçisidir. Sonra rəhmətlik Fikrət Tahirovun rəhbərliyi altında çalışmışam. Fikrət müəllim çox tələbkar, zəhmətkeş insan idi və yetirmələrinə xüsusi diqqətlə yanaşırdı. Karyeramda, həyatda əldə etdiklərim uğurlarda bu insanın xüsusi payı var. Məşqçilərim mənə həyatda düzgün insan olmağı, vətənimi sevməyi və müdafiə etməyi, bir sözlə əsl vətəndaş kimi formalaşmağı öyrətdilər.
Düşünürəm ki, insan hansı işlə məşğul olursa olsun, o işə ürəyini, canını qoymalıdır. Əks halda nə uğur əldə edəcək, nə də nüfuz, hörmət qazana biləcək. Sənin əziyyətlə gördüyün işə bu gün qiymət verməsələr də, sabah, birisi gün mütləq verəcəklər. Mən də xoşbəxt insanam ki, dövlətimiz tərəfindən əməyim yüksək qiymətləndirilib. 2010-cu ildən AGF-də vitse-prezident vəzifəsində çalışıram. 2004-cü ildə "Şöhrət” ordeni ilə təltif olunmuşam, Əməkdar bədən tərbiyəsi və idman xadimiyəm. Ölkə rəhbərinə, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Bundan sonra nə qədər ömrüm qalıb, var-qüvvəmi idmanımıza, güləşin inkişafına həsr edəcəyəm.
- Baş məşqçi kimi işlədiyiniz illəri necə xatırlayırsınız?
-Zədələr səbəbindən idman karyeramla erkən vidalaşdım və məşqçiliyə başladım. Bir müddət idman təşkilatlarında müxtəlif vəzifələrdə çalışdım. 2002-2010-cu illərdə Azərbaycan güləş yığmasında yunan-Roma üzrə baş məşqçi kimi fəaliyyət göstərdim. Baş məşqçi olduğum illərdə yetirməm Fərid Mansurov yunan-Roma növündə ilk Olimpiya qızılı qazandı. O, Afina-2004 Olimpiadasında himnimizi səsləndirdi. Digər yetirməm Rövşən Bayramov Pekin-2008 və London-2012 Olimpiadasında gümüş medala sahib oldu. Vitali Rəhimov da Pekin-2008-in gümüş mükafatçısıdır. Məşqçi işləmək çox çətin və məsuliyyətli peşədir. Çox vaxt elə olub ki, evdən, ailədən xəbərim olmayıb. Qohumların, dost-tanışların xeyir-şərində iştirak edə bilməmişəm.
-Dünya Güləş Birliyi qaydaları tez-tez dəyişir. Buna münasibətiniz?
-Yaxşı baxmıram. Tez-tez qayda dəyişiklikləri, xüsusi ilə də çəki ilə bağlı dəyişikliklər idmançıya mənfi təsir edir. Amma dəyişməyən bir şey var: gərgin zəhmət, peşəkarlıq, nizam-intizam. Əgər bunlar varsa, güləşçi mütləq qələbə qazanacaq.
- Arzulayıb çata bilmədiyiniz istəyiniz?
- Güləşə gələndə ən böyük arzum Avropa, dünya, Olimpiya çempionu olmaq idi. Mən yaşadığım dövrdə, yəni postsovet məkanında bu, çox çətin idi. Amma sevinirəm ki, idmançı kimi çata bilmədiyim arzuma məşqçi kimi nail olmuşam. Neçə-neçə Olimpiya, dünya və Avropa çempionları yetişdirmişəm.
-Hazırda yunan-Roma güləşi üzrə komandada vəziyyət necədir?
- Komandamız stabil heyətdən ibarətdir və iştirak etdiyi yarışlarda uğurla çıxış edir. Bu il pəhləvanlarımızı çətin və məsuliyyətli yarışlar gözləyir. Güləşçilərimiz aprel ayında Rumıniyanın Buxarest şəhərində Avropa çempionatında yarışacaqlar. Sonra Belarusun Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarında qüvvələrini sınayacaqlar. Sentyabr ayında Qazaxıstanın Alma-Ata şəhərində dünya çempionatına yollanacaqlar. Bu yarışda ilk beşliyə düşən idmançı Tokio-2020 Olimpiadasına lisenziya əldə edəcək. Məqsədimiz olimpiadaya daha çox vəsiqə qazanmaqdır.
- Elçin Cəfərov keçdiyi ömür yoluna nəzər salanda nə görür?
- Doğrusu, heç bilmirəm bu ömür necə keçdi. Bir də gözümü açdım ki, 60-ı haqlamışam. Həyatımdan, yaşadığım ömür payından razıyam.
- "Olimpiya dünyası” qəzetinin kollektivi adından sizə yubiley münasibəti ilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
-Qəzetiniz hər zaman ölkədə idman və Olimpiya Hərəkatının təbliğində öz dəsti-xətti ilə seçilib. İdmançılarımızın yerli və beynəlxalq səviyyəli yarışlarda əldə etdikləri uğurları vaxtında və dolğun şəkildə idman ictimaiyyətinə çatdırırsınız. Mən də bu gərgin və məsuliyyətli işinizdə bütün kollektivə uğurlar arzu edirəm.
Səadət Hakıyeva