Orxan Səfərov: “Qızıl medal heç kimə asanlıqla qismət olmur”

Orxan Səfərov: “Qızıl medal heç kimə asanlıqla qismət olmur”


2015-ci ildə ölkəmizin ev sahibliyi etdiyi Avropa Oyunları bu dəfə Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək. Avropa idmançıları bu böyük və nüfuzlu yarış üçün artıq son məşqlərini keçirlər. İyunun 21-dən 30-dək təşkil ediləcək II Avropa Oyunlarında Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Komandamız Minskdə 15 (9 kişi, 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Onlardan 60 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq Orxan Səfərov Bakı-2015-də fəxri kürsüyə qalxan yeganə cüdoçumuzdur. O, Bakıda təşkil olunan birinci Avropa Oyunlarında gümüş medala sahib çıxmışdı. Görəsən, Orxan Səfərov II Avropa Oyunlarına necə hazırlaşır? Özündən hansı nəticəni gözləyir? Birinci Avropa Oyunlarında olduğu kimi, Minskdə də mükafatçılar sırasında yer ala biləcəkmi? Bu və digər suallara cavab tapmaq üçün cüdoçumuzla həmsöhbət olduq.

- Orxan, II Avropa Oyunlarına hazırlıqlar necə gedir?
- Hazırlıqlarımız yanvar ayından başlayıb. Demək olar ki, artıq başa çatır. İndiyə kimi müxtəlif ölkələrdə, həmçinin respublikamızın müxtəlif bölgələrində təlim-məşq toplanışlarında iştirak etmişik. Hazırda Zuğulbada təlim-məşq keçirik. Gündə iki dəfə məşq edirik. Bəzən yoruluruq. Ancaq nəticə istəyiriksə, iradəli olmalıyıq. Federasiya bizim üçün hər cür şərait yaradır. Bizə göstərilən etimadı Minskdə doğruldacağımıza inanıram.

- Komandada ümumi ab-hava necədir?
- Hər kəs özünü II Avropa Oyunlarına kökləyib. Məşqçilərimizin köməkliyi ilə həm fiziki, həm texniki-taktiki, həm də psixoloji hazırlığımızı artırmağa çalışırıq. Əlbəttə, Avropa Oyunları kimi mötəbər yarışda təsadüfi idmançı iştirak edə bilməz. Yəni biz hamımız müəyyən təcrübəyə, peşəkarlığa sahibik. Çalışacağıq ki, Minskdən bir yox, bir neçə medalla qayıdaq.

- Bakıda təşkil olunan birinci Avropa Oyunlarında cüdoçularımızdan komandamıza yeganə medalı sən qazandırmışdın. Necə düşünürsən, bu dəfəki yarışda gümüş medalı qızılla əvəz edə biləcəksənmi?
- Sözsüz ki, əsas məqsədim budur. Bildiyiniz kimi, Bakı-2015-də zədəli olduğum üçün finalda məğlub oldum. Belə yarışlarda finalda uduzmaq idmançıya çox pis təsir edir. Qızıl medal isə heç kimə asanlıqla qismət olmur. Yalnız haqqı çatanlar çempion ola bilirlər. Çıxış edəcəyim çəki dərəcəsində kifayət qədər güclü rəqiblər olacaq. Lakin bu dəfə istəyirəm ki, Minksdən Vətənə qızıl medalla qayıdım. Ümid edirəm ki, arzuma çatacağam.

- Bəs millimizin nəticəsi ilə bağlı nə düşünürsən?
- İndidən nəticə barəsində bir söz demək çətindir. Əsas məqsədimiz Minskdə mükafatçılar sırasında yer almaqdır. Yığma komandanın heyətindəki bütün idmançılar müxtəlif beynəlxalq yarışlarda öz sözünü demiş cüdoçulardırlar. Lakin nəzərə almaq lazımdır ki, rəqiblərimiz də güclüdür. Hər şeyi zaman göstərəcək. Nə qədər ki, vaxtımız var bütün gücümüzlə Oyunlara hazırlaşmalıyıq.