Minsk-2019 ikinci Avropa Oyunlarının ikinci günündə digər boksçularımız mübarizəyə qoşulublar. Yarışların ikinci günündə rinqə əvvəlcə təmsilçimiz Lorenzo Sotomayor çıxıb. Boksçumuz 1/16 finalda ermənistanlı Qurqen Madoyan ilə qarşılaşıb. 69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor erməni rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0.
Milli komandamızın daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə qəlbə ilə başlayıb. 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı (75 kq) onaltıdabir finalda Gürcüstan idmançısı Giorgi Harabadze ilə qarşılaşıb. Görüşdə daha inamlı təsir bağışlayan idmançımız 4:1 hesabı ilə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb. O, səkkizdəbir finalda Böyük Britaniya boksçusunu məğlub edən irlandiyalı Maykl Nevin ilə üz-üzə gələcək.
Mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan Cavid Çələbiyev (60 kq) də ilk görüşünü qələbə ilə başa vurub. Ukraynalı Nikola İvkoviç üzərində 5:0 hesablı təmiz qələbə qazanan boksçumuz növbəti mərhələyə vəsiqəni təmin edib. İdmançımız səkkizdəbir finalda moldovalı Dorin Buksa ilə görüşəcək. Həmin görüş iyunun 25-də təşkil olunacaq.
Yarışların ikinci günündə mübarizə aparan digər boksçumuz isə Loren Alfonso Domingez olub. 81 kiloqram çəki dərəcəsində yarışan idmançımız 1/16 finalda ukraynalı Stepan Hrekul ilə üz-üzə gəlib. Qarşılaşmada üstün oyun nümayiş etdirən boksçumuz 3:0 hesabı ilə qalib gələrək səkkizdəbir finala vəsiqəni təmin edib. Səkkizdəbir finalda təmsilçimizin rəqibi Belarus idmançısı Mixail Dauhaliavets olacaq. Bu qarşılaşma iyunun 25-də keçiriləcək.