İyulun 2-də Bakıda hərbçilər arasında futbol üzrə I dünya kubokuna start veriləcək. 12 gün ərzində futbol azarkeşləri 16 komandanın maraqlı oyunlarını izləyəcəklər. Mötəbər turnirə son hazırlıqla bağlı ətraflı məlumat əldə etmək üçün bugünlərdə Hərbi Tibb İdarəsinin rəisi, Avropa Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizədə keçirilən turnirin Təşkilat Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) üzvü, general-mayor Natiq Əliyevlə görüşərək, "Olimpiya dünyası” qəzeti üçün eksklüziv müsahibə aldıq. O, bizimlə səmimi söhbət zamanı təşkilatçılıq və milli komandamızla bağlı sualları cavablandırdı.
- Natiq müəllim, əvvəlcə ölkəmizdə keçiriləcək hərbçilər arasında futbol üzrə I Dünya kuboku ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ölkəmizdə bütün sahələr kimi, bədən tərbiyəsi və idmana da dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda idman və fiziki hazırlıq hərəkatı Silahlı Qüvvələrdə də daim inkişafdadır. Milli ordunun əsas göstəricilərindən biri şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığının da yüksək səviyyədə olmasıdır. Bunun üçün Müdafiə Nazirliyində mütəmadi işlər görülür və çalışırıq ki, hərbçilərin fiziki hazırlığı ən yüksək səviyyədə olsun.
Mərkəzi Ordu İdman Klubunda lazımi səviyyədə işlər aparılır. Bir sıra beynəlxalq yarışlarda iştirak edirik. Digər növlərə gəldikdə də, güləşçilərimiz, cüdoçularımız müxtəlif turnirlərdə mübarizə aparırlar. MOİK-in futbol komandası ölkə çempionatının birinci dəstəsində çıxış edir. Düzdür, çempionatı 5-ci pillədə başa vurduq. Amma yarışın liderləri ilə oyunlarda onlarla eyni səviyyədə mübarizə apardıq. Komandanın çıxışını qənaətbəxş saymaq olar. Yəni hazırda MOİK tam gücü ilə müxtəlif idman turnilrlərində uğurla çıxış edir. Hərbçilər arasında futbol üzrə I Dünya kubokuna komandamız yüksək səviyyədə hazırlaşır. Çalışacağıq ki, əsasən, MOİK futbol klubunun futbolçularından təşkil olunmuş yığma komanda bu turnirdə mükafatçılar sırasında yer alsın. Ölkə çempionatında çıxış edəndə komandanın heyəti əsasən gənc və perspektivli futbolçulardan ibarət idi. Hazırda Dünya kuboku ilə əlaqədar heyəti daha da gücləndirmişik.
Hərbçilər arasında futbol turniri ilk dəfə keçiriləcək. Sevindirici haldır ki, ilk dəfə təşkil olunan turnir Azərbaycanda olacaq. Bu yarış 4 ildən bir təşkil olunacaq. Azərbaycanda keçirilən yarışda bizim yığma ilə yanaşı, ümümilikdə 16 dövlətin komandası da iştirak edəcək. Bu dövlətlər arasında dünyada ən güclü futbol ölkələri olan Braziliya, Kanada, ABŞ, Almaniya, Fransa, Hollandiyanın da komandaları medallar uğrunda mübarizə aparacaqlar. Bu, ölkəmizdə ən böyük idman tədbirlərindən biri olacaq.
- Dünya kubokunun ilk dəfə Bakıda keçirilməsi heç də təsadüfi deyil...
- Düzdür. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq miqyaslı yarışların Bakıda keçirilməsi adət halını alıb. Ona görə də Beynəlxalq Hərbi İdman Şurası (CİSM) Bakının ilk Dünya kuboku üçün namizədliyini yekdilliklə qəbul etdi.
CİSM-in prezidenti Hamad Kalkaba Malbum dəfələrlə Azərbaycana səfər edib. Qeyd edim ki, Hamad Kalkaba Malbum quruma 2010-cu ildə prezident seçilib. O, CİSM-in prezidenti kimi ilk rəsmi səfərini Azərbaycana edib. CİSM prezidenti ölkəmizdə səfərdə olanda onu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Görüşlər zamanı 2013-cü ildə hərbiçilər arasında futbol üzrə ilk Dünya kubokunun Azərbaycanda keçirilməsi haqqında müzakirələr aparılıb.
Biz bu yarışa çox ciddi hazırlaşırıq. Dünya kubokunun yüksək səviyyədə təşkil olunacağına inanıram. Paytaxtımızda çoxlu sayda stadionlar var. Artıq təmir və yenidənqurma işləri başa çatıb.
- Təşkilatçılıqla bağlı məsələlər hansı səviyyədədir?
- Artıq yarışla bağlı bütün məsələlər öz həllini tapıb. Çempionata yüksək səviyyədə hazırlıq gedir. Yarışda iştirak edən komandaların qalacağı yerlər və hətta öz yığma komandamızın məşq edəcəyi məkan artıq məlum olub. Hazırda açılış mərasimi ilə bağlı məsələlərlə məşğul oluruq.
- Yarışda iştirak edən komandaların tam yerləşdirilməsi başa çatıbmı?
- Bəhreyn və Oman komandaları, 10 günə yaxındır, Bakıdadırlar. Onlar əvvəlcədən bura gəlməklə mühitə uyğunlaşmağa çalışırlar. Bəhreyn yığması ilə artıq komandamız bir dəfə yoldaşlıq görüşündə də qüvvəsini sınayıb. Görüşdə hesab açılmasa da, oyun komandamızın heyətini yoxlamaq üçün əla fürsət oldu. Komandamızın baş məşqçisi Nazim Süleymanov yoxlama matçları keçirməklə əsas heyəti müəyyənləşdirməyə çalışır. Buna görə də yoldaşlıq oyununda nəticə bizim üçün elə də vacib deyil. Millimizin hazırlıq səviyyəsi daha önəmlidir. Digər komandalar isə iyunun 28-də Bakıya gəliblər. Bu gün isə yarışın açılış mərasimi keçiriləcək.
- Azərbaycan milli komandasının son durumu necədir?
- Komandanın üzvləri MOİK komandasının heyətində olan hərbçilər və ən qısa müddətdə hərbi xidmətə yollanacaq əsgərlərdən ibarətdir. "Bakı” klubundan komandaya 9 futbolçu cəlb olunub və həmin futbolçular da əsgərlərimizdir. Elvin Məmmədov, Kamran Ağayev, Aqil Məmmədov buyaxınlarda hərbi xidmətə yollanacaqlar. Atıq komandamızın heyəti tam formalaşıb. CİSM-ə komandanın rəsmi heyətinin siyahısını göndərmişik. Ümumilikdə, heyətədə 24 futbolçu yer alıb. Bu futbolçuların 18-i oyunqabağı məşqçinin seçiminə uyğun şəkildə iştirak ərizəsinə daxil ediləcək. Komandaya AFFA tərəfindən təyin olunmuş Nazim Süleymanov rəhbərlik edəcək.
- Natiq müəllim, rəqiblərimiz barəsində hansı məlumatları əldə etmisiniz?
- Rəqiblər barəsində geniş məlumatımız var. Hətta bir sıra komandaların oyunlarının videoyazılarını da izləmişik. Məsələn, İraq millisinin oyununa baxmışıq. İnanıram ki, bütün bunlar çempionat ərzində bizə çox kömək edəcək. Yarışda ilk rəqibimiz Mali komandası olacaq. Bunun üçün də hazırda Mali komandasının oyun taktikası haqqında məlumat toplamağa çalışırıq.
- Yığmamızın şanslarını necə qiymətləndirirsiniz və komandanın qarşısına hansı məqsədlər qoyulub?
- Komandamız artıq təlim-məşq toplanışını başa vurmaq üzrədir. Məşqçinin proqramına uyğun təlim məşqlər aparılır. Komandanın heyətində heç bir problem yoxdur. Hər şey öz həllini tapıb.
Bu, futboldur. Futbolda qabaqcadan danışmaq düzgün olmazdı. Düzdür, şanslarımız var, amma yenə də ehtiyatı əldən vermək olmaz. Hər şey 90 dəqiqə ərzində meydanda həll olunur. Son dəqiqəyə kimi mübarizə aparmaq lazımdır. İlk olaraq qrupdan çıxmağı qarşıya məqsəd qoymuşuq. Sonra isə digər məqsədlər uğrunda yarışacağıq. Şansı düşünməkdənsə, komandanın üzərində çalışmaq lazımdır ki, nəticə yaxşı olsun. Komandanın futbolçuları məşqçinin tapşırıqlarını dəqiqlik və əzmkarlıqla yerinə yetirsələr, yüksək nəticə əldə etmək mümkün olacaq. Nəzərə almaq lazımdır ki, 4 qitənin təmsilçiləri öz qitələrində seçmə oyunların yüksək pilləsini tutublar. Çempionatda iştirak edən hər bir komanda qalib olmaq iddiasındadır. Təbii ki, biz çempionatda iştirak etmək xatirinə çıxış etmirik. Bizim də əsas məqsədimiz turnirdə uğurlu çıxışla yadda qalmaqdır. Bunun üçün də əsas məqsədimiz Dünya kubokunda ilk "üçlüy”ə düşməkdir. Bütün qüvvəmizi səfərbər edib, qalib adı uğrunda mübarizə aparacağıq.
- Turnirin açılış mərasimində kimlər iştirak edəcəklər?
- Açılış mərasimində FİFA-nın nümayəndələri, CİSM-in prezidenti Hamad Kalkaba Malbum və Azərbaycanın idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Yarışın Təşkilat Komitəsinin sədri general-polkovnik Səfər Əbiyevdir. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və AFFA-nın baş katibi Elxan Məmmədov onun müavinləri təyin ediliblər.
- Yarışların keçiriləcəyi arenalar hansılardır?
- Oyunlar 4 stadionda təşkil olunacaq. Azarkeşlər qarşılaşmaları "Dalğa Arena”, "Zirə”, "Bayıl Arena” və "Şəfa” stadionlarında izləyə biləcəklər. Çempionatın açılışı "Dalğa Arena”da olacaq.