İyulun 3-14-də İtaliyanın Napoli şəhərində Tələbələrin XXX Yay Universiadası təşkil olunacaq. İştirakçıların sayına görə, planetin ən böyük idman tədbirlərindən biri olan universiada yarışlarına bu il də böyük maraq var. 18 idman növü üzrə keçiriləcək yarışlarda ümumilikdə, 8 mindən çox idmançı mübarizə aparacaq. Mötəbər idman yarışında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Napoli Universiadasında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaq. Buyaxınlarda "Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyevlə görüşdük. Müsahibimiz Napoli Universiadasına hazırlıq və digər məsələlər barəsində qəzetimizə ətraflı məlumat verdi.
- Tofiq müəllim, buyaxınlarda Napolidə təşkil olunan tədbirdə iştirak etdiniz. Universiadaya hazırlıq prosesi yekunlaşıb?
- Bildiyiniz kimi, bu il Tələbələrin XXX Yay Universiadası İtaliyanın Napoli şəhərində keçiriləcək. Buyaxınlarda elə bu məsələ ilə bağlı İtaliyada konfrans təşkil olundu. Napolidə təşkil olunan konfransda universiadada iştirak edəcək ölkələrin nümayəndələri iştirak edirdilər. Tədbirdə yarışa hazırlıq, idman obyektləri, hotellər və digər məsələlər barədə məlumatlar verildi. Demək olar ki, hazırlıq işləri yekunlaşıb. İdman obyektləri, idmançıların məskunlaşacağı məkanlar və hotellər yarış üçün tam hazır vəziyyətə gətirilib. Bir sözlə, yarışla bağlı hər şey tam qaydasındadır.
- Bəs komandamız bu böyük idman tədbirinə necə hazırlaşır?
- Komandamız Napoli Universiadasında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaq. Tələbə-idmançılarımız bu yarışlarda atletika, cüdo, qılıncoynatma, bədii gimnastika, idman gimnastikası və taekvondo idman növlərində iştirak edəcəklər. Komandamız universiada yarışlarına yüksək səviyyədə hazırlaşır. Azərbaycan idmançıları hər zaman tələbələrin yay universiadalarında ölkəmizə medallar qazandırıblar. İnanıram ki, atletlərimiz Napoli Universiadasında da bu uğuru təkrarlayaraq ölkəmizə medallarla qayıdacaqlar. Çalışırıq ki, ən güclü idmançılarımız Napolidə iştirak etsinlər. Əminliklə deyə bilərəm ki, komandamızın heyəti təcrübəli idmançılardan formalaşıb.
- Qeyd etdiniz ki, komandamız bu yarışda güclü idmançılarla təmsil olunacaq. Maraqlıdır, idmançılarımızdan hansı nəticələri gözləyirsiniz?
- Taekvondo, atletika, cüdo idman növlərində nəticələr gözləyirəm. Əsas medal ümidlərimiz qeyd etdiyim bu idman növlərində çıxış edəcək idmançılaradır. Lakin bu o demək deyil ki, digər idmançılarımız zəifdir və biz onlardan medal gözləmirik. Komandamızda yer alan hər bir idmançımız medal qazanmaq potensialına malikdir. İnanıram ki, Napoli Universiadası komandamız üçün uğurlu olacaq.
- Universiada yarışlarında hər zaman 10 mindən çox idmançı iştirak edirdi. Napoli-2019-da isə bu rəqəm təxminən 8 minə bərabərdir. Builki universiadada iştirakçıların sayının az olması nə ilə əlaqədardır?
- 18 idman növü üzrə keçiriləcək Napoli Universiadasında ümumilikdə 8 mindən çox tələbə-idmançı mübarizə aparacaq. Bu say digər illərdə təşkil olunan universiadalarla müqayisədə azdır. Qeyd edim ki, bundan əvvəlki universiadalarda təxminən 14-15 minə yaxın idmançı iştirak edib. Bu dəfəki universiadada iştirakçıların sayının az olması İtaliyada atletlərin qalması üçün nəzərdə tutulan yaşayış yerlərinin az olması ilə əlaqədardır. Napolidə Atletlər kəndi yox idi. Əslində builki universiada yarışları Braziliyada təşkil olunmalı idi. Lakin Braziliya şəhərinin meri dəyişdirildikdən sonra, yeni təyin olunan mer yarışdan imtina etdi. Bu səbəbdən də Beynəlxalq Universitet İdmanı Federasiyası (FİSU) onları beynəlxalq məhkəməyə verdi. Belə olan halda, yarışların təcili olaraq İtaliyanın Napoli şəhərində keçirilməsi qərara alındı. Əslində idmançıların qalması üçün 15 min nəfərlik yaşayış yeri tikilməli idi. Lakin İtaliya rəhbərliyi vaxta görə bu məsələləri çatdıra bilmədi. Elə bu məsələlərə görə onlar atletlərin qalması üçün 8 min nəfərlik yaşayış yeri inşa edə biliblər. Bunun üçün FİSU bizə və digər ölkələrin nümayəndələrinə məktub göndərərək bildirib ki, idmançıların sayı mümkün qədər azaldılsın. Yəni yer məhdudiyyətinə görə komandamız universiada yarışlarında geniş heyətlə təmsil oluna bilməyəcək.
- Bu problem universiadanın proqramına daxil olan idman növlərinin də sayına təsir edib?
- Bəli. Ümumiyyətlə, Tələbələrin Ümumdünya Yay Universiadası 11 idman növündən az olmayaraq keçirilməlidir. Bu, yarışların qaydasıdır. Universiadaya ev sahibliyi edən ölkə əlavə olaraq yarışın proqramına öz istəklərinə uyğun yeni idman növlərini daxil edə bilər. Buna misal olaraq 2013-cü ildə təşkil olunan Kazan Universiadasını göstərmək olar. Bu universiadada yarışlar 25 idman növü üzrə keçirilirdi.
- Tələbərin Yay Universiadası ilə İkinci Avropa Oyunları arasındakı müddət çox azdır. Bu məsələ güclü idmançılarımızın universiadada iştirak etməməsinə təsir etməyəcək?
- Belə hal cüdoçularda yaranmışdı. Azərbaycan Cüdo Federasiyasından bizə bildirmişdilər ki, cüdoçular unversiadadan sonra Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verən yarışda iştirak edəcəklər. Federasiya zədə səbəbinə görə bundan bir qədər ehtiyat edirdi. Digər idman növlərində isə belə hal müəyyən olunmayıb.
- Napolidə yarış ərəfəsində hansı tədbirlər keçiriləcək?
- FİSU-nun tədbirləri çox olur. Bu il də belə olacaq. Universiada çərçivəsində müxtəlif konfranslar təşkil olunacaq.
Azər Əlizadə