Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Qafur Rəhimov prezident səlahiyyətlərindən birdəfəlik əl çəkib.
68 yaşlı özbəkistanlı funksioner qərarını qurumun rəsmi saytı vasitəsi ilə açıqlayıb.
Bu posta ötən il noyabrın 2-də seçilmiş Q.Rəhimov bu ilin martında prezident səlahiyyətlərini müvəqqəti olaraq təhvil verib. Lakin AIBA-nın Nizamnaməsinə əsasən, o, bir il müddətində vəzifəsinə geri dönə bilərdi. Qurumun İcraiyyə Komitəsi iyunun 27-də müvafiq bəndi sənəddən çıxarmaqla, özbəkistanlı funksioneri geri dönmək hüququndan məhrum edib. Nəhayət, bu gün Qafur Rəhimov postunu birdəfəlik tərk etdiyini bildirib.
Qeyd edək ki, Q.Rəhimovun AIBA-nın prezidenti seçilməsi Beynəlxalq Olimpiya Komitəsini qane etmirdi. Ona görə də boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılması məsələsi gündəmdə idi.