Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında keçirilən kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Kəngərli rayonlarının, həmçinin "Turan” və "Odlar yurdu” idman klublarının təmsilçiləri də iştirak ediblər.
İki yaş qrupunda 11 çəki dərəcəsi üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın yekununa əsasən 13-15 yaş qrupunda Sadiq Hacıyev, Azər Zamanlı, Vaqif Orucov, Şəmsəddin Əliyev, Miryusif Seyidbəyli, Elton Səfərli və Fərid Məhərrəmov birinci yeri tutublar. 15-17 yaş qrupunda isə Raul Seyidli, Qənbər Nəqiyev, Ayhat İmranlı və Sunay Şükürlü öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.