Marina Nekrasova indiyədək karyerasında bir sıra uğurlar əldə edib. Gimnastımız bugünlərdə Ümumdünya XXX Yay Universiadasından vətənə qızıl medalla qayıdıb. Xanım gimnastımızla məşq edərkən görüşdük.
- Marina, səni gimnastikaya gətirən nə oldu?
- Mənə gimnastikanı valideynlərim sevdiriblər. 3 yaşım var idi idman zalına gələndə. Mənim yaşıdlarım gəlinciklə oynayanda mən çətin məşqlər edirdim. Təlim-məşq toplanışları, yarışlar və s. çox xoşuma gəlirdi. Bu gün peşman deyiləm və yaxşı ki, idmandayam.
Məşqlərə əkiz bacımla birlikdə gedirdik. Onda yaxşı alınırdı, nəinki məndə. Amma bacım gimnastikadan tez getdi. Mən isə davam etdim. İlk uğurumu 10 yaşımda məşğul olduğum məktəbdə qazanmışam. Peşəkar idmançı kimi ilk uğurum 2013-cü ildə Voronin Kubokunda olub. Bu yarışda gümüş medal qazandım. Daha sonra 2014-cü ildə Lyublena (Sloveniya) şəhərində keçirilən Dünya Kubokunda 4-cü, Kotbusda (Almainya) şəhərində təşkil edilən yarışda isə 6-cı oldum.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında fərqlənə bilməsəm də, növbəti il Bakının ev sahibliyi etdiyi Dünya kuboku yarışlarında bürünc medala layiq görüldüm.
- Universiadada ölkəmizə qızıl medal qazandırdın. Qələbə təəssüratlarının bizimlə bölüşməni istərdik.
- II Avropa Oyunlarından dərhal sonra XXX Ümumdünya Yay Universiadasında çıxış etdim. Yorğunluq var idi, amma qələbəyə inanaırdım. Təsnifat yarışlarında yıxılmağım məni çox məyus etdi. Məşqçimin tapşırıqları əsasında özümdə güc toplayaraq sonrakı yarışlarda daha inamla çıxış etdim və finala düşməyi bacardım. Final günü özümü sakit və rahat hiss edirdim, həyəcan yox idi. Şükürlər olsun ki, Azərbaycana qızıl medalla qayıtdım. Bir danılmaz həqiqət var ki, idmanda güclülər qalib gəlir.
- Minskdəki çıxışın barədə nə deyə bilərsən?
- Yarışda əhval-ruhiyyəm çox yaxşı idi. Məşqçim proqramda dəyişiklik etmişdi, yəni Minskdə yeni tullanmanı sınaqdan keçirdik. Hər şey yaxşı olsa da, sadəcə, içimdə bir qorxu var idi ki, birdən alınmaz. Bu hiss mənə mane oldu. Bu, mənim üçün bir təcrübə oldu. Çalışacağam ki, sonrakı yarışlarda daha da inamla çıxış edim.
- Sevimli məşğuliyyətin varmı?
- Məşqlərdən boş vaxtım qalanda rəsm çəkirəm, toxuyuram. Yemək hazırlamağı çox sevirəm.
- Ən böyük arzun nədir?
- Olimpiya Oyunlarının medalını qazanmaq istəyirəm. Bu, hər bir idmançı kimi, mənim də arzumdur. İkinci arzum isə məhz Olimpiya medalından sonra ailə həyatı qurmaq, övlad sahibi olmaqdır. Sonda AGF-nin rəhbərliyinə gimnastlar üçün yaratdığı şəraitə görə minnətdarlığımı bildirirəm. Biz bir komandayıq.