Boksçularımızın Dünya Çempionatındakı rəqibləri məlumdur

Boksçularımızın Dünya Çempionatındakı rəqibləri məlumdur

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. 78 ölkədən 365 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri müəyyənləşib. Səkkiz nəfərdən ibarət komandamızın dörd üzvü mübarizəyə otuzikidəbir, digərləri isə onaltıdabir finaldan qoşulacaqlar.
Çempionatda 75 kiloqram çəki dərəcəsində çıxış edən Amin Kuşkov sentyabrın 9-da Türkmənistan idmançısı Nursahar Pazziyev ilə görüşəcək. Tayfur Əliyev (57 kq) sentyabrın 11-də isveçrəli Tiaqo Puqno ilə qarşılaşacaq. Sentyabrın 12-də Bəxtiyar Qazıbəyov (63 kq) qazaxıstanlı Zakir Safyullin, bir gün sonra isə Lorenzo Sotomayor (69 kq) Avstriya təmsilçisi Yason Mallya ilə üz-üzə gələcəklər. Məsud Yusifzadə (52 kq) sentyabrın 14-də Mərakeş boksçusu Səid Mortaci ilə mübarizə aparacaq. Sentyabrın 15-də boksçumuz Dominqes Alfonso (81 kq) təmsilçisi Qazimaqomed Calidov və serbiyalı Aleksander Markoviç duelinin qalibi ilə qüvvəsini sınayacaq. Həmin gün İsmayıl Yaqubov (91 kq) Ukrayna təmsilçisi Marat Qriqoryan ilə döyüşəcək. Məhəmməd Abdullayev (91 kq yuxarı) sentyabr 16-da çinli Danabieke Bayıkevuzi ilə görüşəcək.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunacaq. Yekaterinburqdakı "EXPO Arena”da baş tutacaq yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.