Azərbaycan futbol tarixində iz qoyan futbolçulardan biri də "Keşlə” Futbol Klubunun hazırkı baş məşqçisi Tərlan Əhmədovdur. Bir neçə gün əvvəl Tərlan müəllimlə görüşüb onun idmana gəlişi, qazandığı nailiyyətlərlə yanaşı, bizi maraqlandıran digər suallarla bağlı həmsöhbət olduq. Müsahibimiz suallarımızı səmimi cavablandırdı:
- Tərlan müəllim, futbola gəlişiniz necə olub?
- Mənim futbolla tanışlığım 1977-ci ildən Şirvan şəhərində başlayıb. O vaxt altı yaşım var idi. Evimizin yanındakı ərazidə tez-tez məhəllə futbolu oynayardıq. Məhəllə futbolu o vaxtlar çox sevilirdi. Böyük qardaşım İntiqam futbolla məşğul olurdu. Bir gün mənə dedi ki, sən də məşqlərə gəl. Beləliklə, məşqçi Hafiz Hüseynovun rəhbərliyi ilə futbolla məşğul olmağa başladım. İki dəfə "Dəri top” turnirində iştirak etdim. 1998-ci ildə Bakıya köçdüm və burada idman təmayüllü məktəbə qəbul oldum. Bundan sonra mənim peşəkar futbolçu karyeram başladı. Əvvəlcə, "Neftçi”nin əvəzedici heyətində, sonra gənclərdən ibarət SSRİ milli komandasında oynamağa başladım. Tədricən məşqçilərin diqqətini cəlb etdim və daha irəli gəldim. Bu gün isə "Keşlə” Futbol Klubunun baş məşqçisi kimi öz bilik və bacarıqlarımı gənclərlə bölüşürəm.
- Futbolu sizə bu qədər çox sevdirən nədir?
– Futbolu sevən təkcə mən deyiləm. Futbolu milyardlar sevir. Futbol sevgisinin hardan qaynaqlandığı heç kimə məlum deyil. Futbol sevgisi hamı üçün sirrlidir. Bu idman növü əvvəllər də sevilib, indi də sevilir, gələcəkdə də seviləcək. Bəlkə də, ona görə ki, dilindən, dinindən, irqindən asılı olmayaraq futbol insanları birləşdirir. Məsələn oyun zamanı legionerlə milli futbolçu eyni amal üçün mübarizə aparır, sevincləri də, kədərləri də bir olur. Hətta son zamanlar deyirlər ki, futbolun milliyəti yoxdur. Bu, təsadüfi deyil. Qeyd etdiyim kimi, futbolda ortaq hisslər insanları bir-birlərinə yaxınlaşdırır. Bir də görürsən ki, oyun zamanı əks-mövqedə dayanan azarkeşlər matçdan sonra dost kimi danışır, söhbət edirlər. Çünki hər ikisinin sevgisi eynidir-futbol.
- Necə düşünürsünüz, futbolda mübarizə aparmaq daha çətindir, yoxsa həyatda?
- Futbol mübarizəsi cəmi saat yarımdır. Həyat mübarizəsi isə bütün ömür boyu davam edir. Ona görə həyat mübarizəsi daha çətindir. Həm də futbolda hər şey göründüyü kimidir. Rəqibinin kim, dostunun kim olduğunu bilirsən. Həyat belə deyil. Bir də baxırsan ki, illərdir özünə dost, qardaş bildiyin insan qəfil sənə elə zərbə vurur ki…Yaxud da, əksinə, kimisə səhv tanıyırsan, lakin elə məqam olur ki, səni dost hesab etdiklərin yox, məhz indiyə kimi düzgün tanıya bilmədiyin o insan müdafiə edir. Üçüncü bir tərəfdən isə futbolda ancaq bir məqsəd-rəqib qapısına yol tapmaq üçün çalışırsan. Həyatda isə eyni zamanda həm ailəni dolandırmağa, həm işində fərqlənməyə, həm cəmiyyyətdə yer tutmağa…məcbursan.
- Amma futboldan fərqli olaraq həyatda bir neçə dəfə qırmızı vərəqə almaq olur…
- Doğrudur. Ancaq meydançada qırmızı vərəqə müvəqqətidir. Bir neçə oyundan sonra bu, unudulur və sən yenidən öz işini davam etdirirsən. Həyatda isə belə deyil. İnsan aldığı qırmızı vərəqənin cəzasını uzun müddət, bəzən dəəbədi çəkir. Bu, çox çətindir. Heç bir bəşər övladı səhvsiz yaşaya biilməz. Səhv edə-edə öyrənirlər. Əsas məsələ odur ki, bir səhvi ikinci dəfə təkrak etməyəsən. "Neftçi” klubunun sabiq baş məşqçisi, rəhmətlik Böyükağa Hacıyev həmişə deyirdi ki, futbol səhvlər oyunudur. Bu mənada futbol və həyat bir-birinə çox oxşayır. Heç biri səhvsiz maraqlı olmaz. Səhvlərdən danışmışkən, elə insanlar var ki, ancaq ətrafdakılarda səhv axtarırlar. Daha düşünmürlər ki, bəlkə də, ən böyük səhv özlərindədir. İnsan səhvi gərək əvvəl özündə axtarsın.
- Bəs siz həyatda neçə dəfə qırmızı vərəqə almısız?
- Bir neçə dəfə olub. Ancaq həmişə səbrli olmağa çalışmışam. Ümumiyyətlə, həmişə mənə qarşı haqsız davranan insanları Allaha və zamana tapşırıram. Heç vaxt hisslərə qapılmıram. Buna vaxtım yoxdur. Tanrının məndən nə istədiyini bilirəm və çalışıram ki, vəzifəmin üzərindən layiqincə gəlim. Bəzi insanlara görə qırmızı vərəqə almışam amma vaxt gələcək haqq-ədalət bərpa olunacaq. Həmişə o insanın arxasınca danışır, o insana arxadan zərbə vururlar ki, həmin insan irəlidə olur. Bax, bu fikir mənə təsəlli verir.
- Asudə vaxtınızı necə keçirirsiniz?
-Düzü, işim çox olur. Amma mütləq ailəmə, övladlarıma vaxt ayırıram. Bundan başqa müntəzəm olaraq mütaliə ilə məşğul olur, TOP klubların matçlarını izləyib analiz edir, dahi məşqçilərin fikirləri ilə tanış oluram. Bəzən dədostlarla görüşür, dərdləşir, nələrisə müzakirə edirik. Musiqiyə də qulaq asmağı sevirəm. Əgər bütün bunlar olmasa, məşqlərin stressini, yorğunluğunu çıxarmaq çox çətin olar. Nəzəri məşqlər məni xüsusilə yorur. Və çalışıram ki, yorğunluğu çıxarmaq üçün ziyanlı vərdişlərdən istifadə etməyim, əksinə, asudə vaxtımı səmərəli keçirim.
-Dediniz ki, mütali ilə də məşğulsunuz. Ən son oxuduğunuz kitab hansı olub?
–Bəli, mütaliəni çox sevirəm. Belə bir məşhur aforizm var: "Bədii ədəbiyyat oxumaq keçmiş yüz illiklərin ən dahi insanları ilə tanış olmaqdır”. Sonuncu oxuduğum kitab Qurban Səidin "Əli və Nino” romanıdır. Bu əsəri mənə tərifləmişdilər. Həqiqətən, böyük maraqla oxudum. Bundan başqa, psixologiyaya, idman hazırlığına aid kitablar oxuyur və çalışıram ki, təzəəldə etdiyim bilikləri məşqçilik fəaliyyətimdə də düzgün tətbiq edim.
– Futbol oynamağa vaxt tapırsınız?
- Bəli, hərdən veteran futbolçular-Yunis Hüseynov, Arif Əsədov, Musa Qurbanov və digərləri ilə birlikdə oynayırıq. Futbol mənim həyatımın ayrılmaz hissəsidir.
- Sizcə, idmançı olmaq daha çətindir, ya məşqçi?
– Əslində ikisi də çətindir. Həyatda asan heç nə yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, idmançı ancaq öyrədir və onu öyrədən var. Məşqçi isə öyrətməklə yanaşı, həm də özü öyrənir. Məşqçini öyrədən olmur. O, ancaq öz səhvlərindən dərs çıxarmalıdır. Bu mənada məşqçilik daha çətindir. Bu peşə insandan yüksək səbrlə yanaşı, eyni zamanda pedaqoqluq, psixoloqluq tələb edir.
- Siz həm idmançı, həm də məşqçi kimi tez-tez klub dəyişmisiniz. Bir klubdan digərinə keçəndə adaptasiya prosesi çətin omur ki?
- Peşəkar futbolçuların taleyi belədir. Peşəkar futbolçunun çiyin çantası həmişə hazır olmalıdır. Klublara adaptasiya olmaq isə həmin kollektivin daxili ab-havasından asılıdır. Belə ki, hər komandanın öz daxili qaydaları, belə demək mümkünsə, stereotipləri var. Elə klub var, ilk günlərdən hiss edirsən ki, sanki illərdir, buradasan. Bəziləri komandalara öyrəşmək isə, həqiqətən, bir az çətin olur. Dediyim kimi, bu həmin kollektivdən asılıdır.
- Siz uzun müddət milli komandanın da şərəfini qorumusunuz. Milli komandanın oyunçusu kimi stadiona çıxmaq necə hissdir?
- Bu, milləti təmsil etmək deməkdir. Həmin hissləri sözlə ifadə etmək mümkün deyil. Yarandığı gündən 2005-ci ili kimə milli komandada oynamışam. Son oyunu Avstriya yığmasına qarşı keçirmişəm. Həmin vaxt müəyyən söz-söhbətlər var idi. Mənim adımı ləkələməyə çalışırdılar. "Karvan” Futbol Klubunda oynayır və təxminən bir il idi ki, milli komandaya buraxılmırdım. Avstriya ilə oyun ərəfəsində mənə dedilər ki, ümid ancaq sənədir, müdafiə xətti boşdur. Söz verdilər ki, əgər bu matça çıxsam növbəti oyunlarda da oynayacam. Ancaq yalan olduğunu, cəmi bircə oyunluq meydana çıxdığımı bilirdim. Çox düşündüm. Nəhayət, milli təəssübkeşlik hissi qalib gəldi və həmin görüşdə qələbə üçün mən də çalışdım. Oyunda hesab açılmadı. Uelsdə keçirilən cavab görüşündən sonra isə mən milli komanda ilə həmişəlik sağollaşdım.
- Hansı kluba azarkeşlik edirsiniz?
- Ölkəmizdə "Neftçi” və "Qarabağ”a azarkeşlik edirəm. Çünki peşəkar futbolçu kimi yetişməyimdə bu iki kluba borcluyam. Böyük futbola gəlməyim "Neftçi”də oynadığım vaxtlardan başlayır. Ən ağır dövrdə, yəni 1993-1997-ci illərdə isə "Qarabağ”ın şərəfini qorumuşam. Ona görə də bu iki klub mənim üçün çox əziz və doğmadır. Lakin, əlbəttə, yaşıl meydanda biz rəqibik. Avropada isə artıq 30 ilə yuaxındır "Real Madrid”ə azarkeşlik edirəm. O vaxtlar "Kral klubu”nda çıxış edən Fernando Yerronun texnikasını, taktikasını çox bəyənir və onun oynadığı matçları xüsusi maraqla izləyirdim. Təkcə Ronaldoya görə "Yuventus”un da qələbələrinə sevinirəm. Çünki o, çox alicənab insandır, müsəlmanlara çox dəstək olur. Bu xüsusiyyətinə görə Ronaldoya böyük simpatiyam var.
- Sizcə, 90 dəqiqə futbolçu, məşqçi, ya azarkeş üçün daha çətindir?
- Məncə, hər biri üçün eyni dərəcədə çətindir. Futbolçu da, məşqçi də, azarkeş də eyni həyəcanı yaşayır. Futbolçu üçün ona görə çətindir ki, o, zəhmətinin bəhrəsini görmək, göstərilən etimadı, azarkeşlərin inamını doğrultmaq istəyir. Hər bir futbolçu başa düşür ki, nəinki məğlubiyyətlə, bircə səhvlə azarkeşlərin inamını itirə bilər. Məşqi üçün ona görə çətindir ki, o, kənardan oyuna baxır. Həyəcan, stress keçirir. Komandasının qalib gəlməsini istəyir. Ancaq qıraqdan məsləhət verməkdən və bəzən var gücü ilə qışqırmaqdan savayı əlindən heç nə gəlmir. Hər məğlubiyyət məşqçinin ömrünü bir az da qısaldır. Adətən müəllimlərin əlində su olur. Əgər matç zamanı əlimizdə su olmasa, biz, bəlkə də, çoxdan şəkər xəstəliyinə tutulmuşduq. Azarkeş isə biletə pul verib qarşılaşmaya ona görə gəlir ki, komandasının qələbəsinə sevinsin. Əlbəttə, məğlubiyyəti görməkdən ötrü biletə pul verməzlər.
- Bir çoxları belə düşünür ki, ölkə futbolunu daha da inkişaf elətdirmək üçün uşaq futboluna daha böyük diqqət və qayğı göstərilməlidir. Bir mütəxəssis kimi sizin bu barədə fikirləriniz necədir?
– Sözsüz, belədir. Uşaq futbolu futbolun təməlidir. Təməl nə qədər möhkəm olarsa, bu, ümumi işin keyfiyyətinə iki qat müsbət təsir göstərəcək. Əslində uşaq futbolunun inkişafı üçün böyük bir maliyyə vəsaitinə ehtiyac da yoxdur. Çünki klublara onsuz da pul ayrılır. Əsas odur ki, istək və düzgün yanaşma olsun. Bəzən düşünürlər ki, şagird ya oxumalı, ya da idmanla məşğul olmalıdır. Əsla belə deyil. Əksinə, idmançı, xüsusilə futbolçu həm də savadlı olmalıdır. Unutmaq olmaz ki, futbol özü bir elmdir. Yaxşı futbolçu kimyadan tutmuş anatomiyaya kimi bütün fənləri oxumalıdır. Meydanda futbolçunun hərəkətlərindən, topla rəftarından bilinir ki, o, dəqiq elmlərdən nə qədər xəbərdardır. Bir çox Avropa ölkələrində, o cümlədən Türkiyədə şagirdlərin inkişafı üçün təhsil nazirliyi ilə müxtəlif idman klubları iş birliyi yaradıb. Şagird səhər məktəbə, axşam isə məşqə gedir. Və ya, əksinə. Əgər ölkəmizdə böyük futbolu daha da inkişaf elətdirmək istəyiriksə, biz də bu yanaşmanı qəbul etməliyik. Bir klubda məşğul olan idmançılar eyni məktəbdə oxumalıdırlar və xüsusi xidməti avtobuslar onları dərsdən məşqə, məşqdən evə aparmalıdır. Çatışmazlıq təkcə bu deyil. Çalışmaq lazımdır ki, uşaqlara humanist yanaşma olsun. Seçim zamanı ancaq istedad nəzərə alınsın, başqa amillər yox. Çünki ancaq istedad daimidir. Məşqçilərə kifayət qədər maaş verilməlidir ki, onlar, necə deyərlər, valideynin cibinə baxmasınlar. Bunlarla yanaşı müşahidələriməəsasən bizdə diskussiyalara yer verilmədiyini deyə bilərəm. Mən "Beşiktaş” klubunda olanda gördüm ki, məşqçilərə müxtəlif matçları izlədirlər. Sonra oyunu yazılı surətdə təhlil etmək üçün müəllimlərə vaxt verilir. Məşqçilər öz analizlərini yazırlar və ardınca fikirlər müzakirə olunur. Bu, bizdə də belə olmalıdır. Atalar demişkən, ağıl ağıldan üstündür. Gərək müxtəlif rəylər, toqquşan fikirlər olsun ki, düzgün əqli nəticə meydana çıxsın. Avropa futbolu ilə rəqabət aparmaq istəyiriksə, mütləq bu amillərə diqqət yetirməliyik.
- 2018-ci ildən "Keşlə” Futbol Klubunun baş məşqçisi kimi çalışırsınız. Bu vəzifəyə gəldikdən sonra hansı dəyişiklikləri həyata keçirmisiniz?
- Xüsusi bir dəyişiklik etməmişəm. Keçən il komandadakı vəziyyət arzuolunan səviyyədə deyildi. Heyətdə istədiyim ab-havanı yarada bilmirdim. Bu il isə, şükür olsun, vəziyyət daha yaxşıdır. Və biz addım-addım uğura doğru gedirik.
- "Keşlə” Futbol Klubu bu gün Premyer Liqa cədvəlində ancaq lider "Qarabağ”dan geri qalır. Yəqin, bu nailiyyət xeyli dərəcədə sizin sayənizdə mümkün olub…
– Belə deməzdim. Düzdür, mən baş məşqçiyəm. Taktikanı mən müəyyənləşdirirəm. Ancaq bu o demək deyil ki, uğur mənim hesabıma qazanılır. Əldə edilən hər bir nəticədə klubun idarə heyətinin üzvlərindən tutmuş, sürücüyə, xadiməyə, aşbaza qədər hər kəsin xidməti var. Ümumiyyətlə, uğur kollektivin əməyin məhsuludur. Bir də ki, biz hələ uğurun başlanğıcındayıq. Üç oyundan altı xalımız var. Qarşıda hələ böyük bir marafon bizi gözləyir. Ona görə də tələsməyə dəyməz. Hər şey sonda məlum olur. Futbolda da, həyatda da.
- Sonda nə demək istəyirsiniz?
– "Qarabağ” Futbol Klubuna arzu edirəm ki, qrup mərhələsindən çıxaraq bizi sevindirsin. Ümumilikdə isə çox istəyirəm, futbolda həmrəylik olsun, hamı gücünü bir yerə qoysun. Sizə də biz idmançıları daim diqqətdə saxladığınız üçün təşəkkür edirəm.
Kənan Novruzov