Hamad Kalkaba: “Dünya kubokunun təşkilatçılığını yüksək dəyərləndirirəm”

Hamad Kalkaba: “Dünya kubokunun təşkilatçılığını yüksək dəyərləndirirəm”


Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba hərbçilər arasında futbol üzrə I Dünya kubokunun keçirildiyi günlərdə ölkəmizdə olub və yarışların gedişini izləyib. O, turnirin yekunları ilə bağlı "Olimpiya dünyası” qəzetinə müsahibə verdi.
- Hərbçilər arasında futbol üzrə I dünya kuboku artıq yekunlaşdı. Azərbaycanın futbol meydançalarında baş verənlər sizdə hansı təəssüratlar oyatdı?
- Ölkənizdə bundan əvvəl də Beynəlxalq Hərbi İdman Şurası xətti ilə hərbçilər arasında dünya çempionatları keçirilib. O yarışlarda mən özüm iştirak etməmişəm, ancaq həmin yarışların yüksək səviyyədə təşkil edilməsi barədə eşitmişəm.
Hərbçilər arasında futbol üzrə I Dünya kubokunun təşkili və keçirilməsinə gəldikdə isə, mən özüm açılış mərasimində də, oyunlarda da iştirak etdim. Burada hər şeyi özüm gördüyümdən təəssüratlarımı söyləyə bilərəm. İlk növbədə, Beynəlxalq Hərbi İdman Şurasında çalışan Azərbaycan nümayəndələrinin aktiv fəaliyyətini, hərbçilər arasında futbol üzrə I Dünya kubokunun açılış mərasimi və oyunların Bakı şəhərində arzuolunan səviyyədə keçirildiyini bildirirəm və çox yüksək dəyərləndirirəm. Bu yarışlarla bağlı onu deyə bilərəm ki, Dünya kubokunun Bakıda keçirilməsi ilə bağlı burada bir neçə görüşlərim oldu. O cümlədən, mən birinci dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə görüşdüm və cənab Prezident məni əmin etdi ki, Dünya kuboku Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək. Mən indi bu sözlərin həqiqət olduğuna bir daha əmin oldum. Xüsusilə onu qeyd etmək istərdim ki, Azərbaycan tərəfi hərbçilər arasında futbol üzrə I Dünya kubokunun təşkili ilə bağlı kifayət qədər hazırlıq işləri görüb. Yarışların gedişi göstərir ki, turnir yüksək səviyyədə keçirilib.
Eyni zamanda, mən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevə öz təşəkkürümü bildirmək istəyirəm. Ona görə ki, cənab nazir həmişə bizim təşəbbüs və arzularımıza yetərincə diqqətlə yanaşıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də hərbçilər arasında futbol üzrə I Dünya kubokunun yüksək səviyyədə təşkil edilməsi üçün cəlb olunub və bu məqsədlə xeyli hazırlıq işləri görüblər.

- Turnirdə oyunların gedişini, hakimlərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Sizin suala cavab verməzdən əvvəl bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Bildiyiniz kimi, Dünya kuboku yeni bir tədbirdir. İndiyədək Beynəlxalq Hərbi İdman Şurası xətti ilə futbol üzrə dünya çempionatları keçirilib. Həmin çempionatlarda 12 komanda iştirak edirdi. Hazırda yeni qaydalarla keçirilən hərbçilər arasında futbol üzrə I Dünya kubokunda 16 komanda iştirak edir. İndi bu yarışlarda qitələrdən seçilmiş komandalar cəlb olunurlar. Mən FİFA-nın prezidenti Yozef Blatterə kubok yarışlarının keçirilməsi barədə müraciət etmiş və təklif etmişdim ki, Dünya kubokunda iştirakçılar qitə yarışları nəticəsində iştirak hüququ qazansınlar. FİFA təşəbbüsümüzü dəstəklədi.
Bilirsiniz ki, Beynəlxalq Hərbi İdman Şurasının bir devizi var: "İdman vasitəsilə dostluq”. Hazırda dünyada futbol ən çox sevilən idman növüdür. Ona görə istəyirik ki, hərbçilər arasında da futbol populyar olsun, yarışlarda daha çox idmançı, tamaşaçı iştirak etsin. Hərbçilər arasında futbol üzrə I Dünya kubokunda iştirakçıların hamısı əsgərlərdir. Onların əsas məqsədi yaşıl meydançaya çıxıb azarkeşlərin dəstəyi ilə futbol oynamaqdır. Bir sözlə, biz çalışırıq ki, futbola marağı daha da artıraq və futbol üzrə kuboku keçirməklə ona yeni məzmun verək. Bakıda keçirilən hərbçilər arasında futbol üzrə I Dünya kubokunda bu işin, əslində, bünövrəsi qoyulur. Düz yolda olduğumuz turnirin gedişində bir daha təsdiqini tapdı. Oyunlar, bayaq dediyim kimi, yüksək səviyyədə təşkil olunub, hakimlər matçları obyektiv idarə ediblər. Bizə də bu lazımdır.

- Bakıda keçirilən turnir barəsində xoş sözlər dediniz. Bunun Azərbaycanla Beynəlxalq Hərbi İdman Şurası arasında münasibətlərə təsiri necə olacaq?
- Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, eyni zamanda, müdafiə naziri general-polkovnik Səfər Əbiyevə bu barədə öz fikrimi artıq bildirmişəm. Arzu edirəm ki, 2019-cu ildə Dünya Hərbi İdman Oyunları Azərbaycanda keçirilsin. Ona görə ki, 2015-ci ildə ölkənizdə ilk Avropa Oyunları təşkil ediləcək. O zaman idmançıların sərəncamına veriləcək infrastrukturdan 2019-cu ildə biz də istifadə edə bilərik. Beynəlxalq Hərbi İdman Şurası üçün hərbi idman oyunları böyük önəm daşıyır. Bu oyunlarda 8 minədək hərbçi, 130 ölkənin nümayəndəsi iştirak edəcək. Mənə elə gəlir ki, bu arzularım gerçəkləşəcək.

- Hərbçilər arasında futbol üzrə I Dünya kubokunun proqramına Bakının görməli yerləri ilə tanışlıq da daxil edilmişdi. Cənab prezident, siz paytaxtımızla tanış ola bilmisinizmi və buradan hansı təəssüratla ayrılırsınız?
- Mən buraya gələrkən gördüm ki, Bakı çox sürətlə inkişaf edən dünya şəhərlərindəndir. İlk dəfə mən paytaxtınızda 2010-cu ildə olmuşdum. İndiki gəlişimdə gördüm ki, şəhər nə qədər dəyişib, inkişaf edib, daha da gözəlləşib. Doğrudan da, bu, mənə çox böyük təəssürat bağışlayıb. Onu da deyim ki, azərbaycan xalqı olduqca qonaqpərvər və sülhsevərdir. Mən burada olduğum müddətdə bir daha əmin oldum ki, xalqınıza xas sülh mədəniyyəti başqa regionlara əsl nümunə sayıla bilər.