Çempionlar Liqası: qrupda bir qələbə bütün suallara cavab verəcək

Çempionlar Liqası: qrupda bir qələbə bütün suallara cavab verəcək
Bu gün və sabah UEFA Çempionlar Liqasının qrup mərhələsində son görüşlər keçiriləcək. Keçirilən 16 görüşdən sonra ÇL-də mübarizəni davam etdirən və Avropa Liqasına vəsiqə əldə edən komandaların adları müəyyənləşəcək. Artıq qrupda uğurlu çıxışı ilə vəsiqə əldə edən 8 komandanın adı müəyyənləşib. Digər komandalar isə hakimlərin start fitini gözləyir.
E qrupunda hər üç komandanın növbəti mərhələ şansı hələ də qalır. Günün ən tez başlayan iki matçında maraqlı görüşlər bizi gözləyir. "Zalsburq” doğma azarkeşlər önündə "Liverpul”u qonaq edəcək. Bu matçda avstriyalılar qələbə qazanacağı təqdirdə yarışda mübarizəni davam etdirə biləcək. "Zalsburq” Çempionlar Liqasının son qalibinə cavab vermək əzmindədir. Azarkeşlər ilk görüşə yəqin ki, unutmayıblar. "Enfild”də keçirilən görüşdə 3 top geri olmasına baxmayaraq, "Zalsburq” 1 saatın tamamında hesabı bərabərləşdirə bilmişdi. Lakin Məhəmməd Salahın 69-cu dəqiqədə vurduğu qol "Liverpul”a 3 xal qazandırmışdı. Qrupun digər görüşündə "Napoli” aktivində bir xalı olan "Genk”lə üz-üzə gələcək. İlk görüşdə qeydə alınan qolsuz heç-heçə nəticəsində məhz belçikalılar bir xal əldə etmişdilər. "Napoli” əgər bu matçda qələbə qazansa, növbəti mərhələyə vəsiqə əldə edə biləcək. Çünki, "Zalsburq” çətin ki, "Liverpul”a uduzsun.
F qrupunda da vəziyyət hələ ki, gərgin olaraq qalır. "Barselona” bu qrupda növbəti mərhələyə vəsiqə əldə edən yeganə komandadır. Lakin "İnter” İtaliyada qrup liderini məğlubiyyətə uğradıb, ikinci vəsiqəni özü üçün təmin etmək istəyir. İlk görüşdə səfərdə hesabı açıb, sonradan məğlub olan "İnter” həmin vəziyyəti təkrarlamaq istəməyəcək. Əks halda Dortmund "Borussiya”sı "Siqnal İduna Park”da "Slaviya”ya qalib, gəlib, "İnter”i qabaqlayacaq. Lakin "Slaviya”da asan rəqib deyil. Hər halda bütün suallara 90 dəqiqənin tamamında aydınlıq gələcək.
G qrupunda 4 komandanın hər birinin növbəti mərhələyə vəsiqə əldə etmək imkanı var. Hər hansı bir uğursuz çıxış sayəsində, "Leyptsiq”i çıxmaq şərtilə, komandalardan biri UEFA Avropa Liqasına da düşmək şansını itirə bilər. İlk görüşdə "Benfika”nı məğlubiyyətə uğradan "Zenit” səfərdə həmin nəticəni təkrarlamalıdır. Qalib olan tərəf ÇL-də mübarizəni davam etdirəcək. "Lion” isə Fransada "Leyptsiq”lə üz-üzə gələcək. Bu mövsüm uğurla çıxış edən, Bundesliqada zirvəyə yüksələn "Leyptsiq”i "Qrupama” stadionunda rəqibin güclü müqaviməti gözləyir.
H qrupunda 3 komanda iki vəsiqə uğrunda yarışacaq. "Çelsi” austsayder "Lill” məğlub edəcəyi təqdirdə, mübarizəni davam etdirəcək. Qrupun paralel keçən qarşılaşmasında "Ayaks” "Valensiya” ilə görüşəcək. "Mestalya”da öz qapısından 3 cavabsız top keçirən "yarasalar” Amsterdamda mütləq qələbə qazanmalıdır. Əks halda İspaniya təmsilçisi Avroliqada çıxış etməli olacaq. "Ayaks” özü də qələbəni düşünür. Məğlubiyyət Hollandiya çempionunu ÇL-dən uzaqlaşdıra bilər.
Sabah keçiriləcək görüşlərdə isə artıq bəzi komandalar ÇL-in növbəti mərhələsinə vəsiqəni təmin ediblər. A qrupunda PSJ, "Real”, B qrupunda "Bavariya”, "Tottenhem”, C qrupunda "Mançester Siti”, D qrupunda isə "Yuventus” oyunlara formal yanaşacaq.
 
Çempionlar
liqasının təqvimi:
 
10 dekabr
 
E qrupu
 
21:55 Zalsburq (Avstriya) - Liverpul (İngiltərə)
21:55 Napoli (İtaliya) - Genk (Belçika)
 
 
F qrupu
 
00:00 İnter (İtaliya) - Barselona (İspaniya)
00:00 Borussiya D. (Almaniya) - Slaviya (Çexiya)
 
G qrupu
 
00:00 Benfika (Portuqaliya) - Zenit (Rusiya)
00:00 Lion (Fransa) - Leyptsiq (Almaniya)
 
 
H qrupu
 
00:00 Çelsi (İngiltərə) - Lill (Fransa)
00:00 Ayaks (Hollandiya) - Valensiya (İspaniya)
 
11 dekabr
 
A qrupu
 
00:00 Brügge (Belçika) - Real (İspaniya)
00:00 PSJ (Fransa) - Qalatasaray (Türkiyə)
 
 
B qrupu
 
00:00 Bavariya (Almaniya) - Tottenhem (İngiltərə)
00:00 Olimpiakos (Yunanstan) - Srvena Zvezda (Serbiya)
 
C qrupu
 
21:55 Şaxtyor (Ukrayna) - Atalanta (İtaliya)
21:55 Dinamo (Xorvatiya) - Mançester S. (İngiltərə)
 
 
D qrupu
 
00:00 Atletiko (İspaniya) - Lokomotiv (Rusiya)
00:00 Bayer (Almaniya) - Yuventus (İtaliya)