Basketbol idman növü dünyada böyük populyarlığa malikdir. Bu idman növündə dünyanın bir sıra tanınmış komandaları mövcuddur. Bu növ olimpiya idman növü kimi bir sıra möhtəşəm idman yarışların proqramında yer alır. Azərbaycan basketbolçuları bir sıra yarışlarda fərqləniblər. 2005-ci ildə I İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbə Azərbaycan basketbolçularının dünya miqyaslı yarışlarda göstərdiyi ən böyük nailiyyətdir. Təsadüfi deyil ki, bu parlaq zəfərdən sonra dövlətimizin başçısı cənab İlham Əliyev bu uğuru tarixi qələbə kimi qiymətləndirmişdi. Qeyd edək ki, basketbolun 3X3 növü 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının da proqramına salınıb.
Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Məmmədyarovla görüşərək basketbolun ölkəmizdə vəziyyəti, I İslam Oyunlarında yığmamızın qazandığı qələbə, federasiyanın qarşıdakı planları ilə bağlı müsahibə aldıq.
- Qəhrəman müəllim, son illərdə federasiyasının fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik. Necə düşünürsünüz, basketbol üzrə yığma komandamızın son dövrlərdəki nailiyyətlərini qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycan Basketbol Federasiyasının son dövrlərdəki fəaliyyətindən söz açarkən əsasən 2008-2013-cü illəri əhatə etmək istərdim. Xatırladım ki, milli yığmamız 2008-ci ildə Şotlandiyada keçirilən Avropanın "C” divizionunda birinci yeri tutub. Basketbolçularımızın məşq şəraitinin yaxşılaşdırılması məqsədilə həmin ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz zalı federasiya tərəfindən təmir və lazımi avadanlıqla təhciz edilərək basketbol mərkəzinə çevrildi. Burada müntəzəm olaraq Uşaq-Yeniyetmə Liqası yarışları keçirilərək respublikamızda basketbolun inkişafına müəyyən təkan verdi. Bu mərkəzdə bir sıra istedadlı gənc basketbolçular yetişdi. Məsələn, mərkəzin yetirmələrindən olan Renat Urazayev Rusiyanın Yekaterinburq və Gürcüstanın Batumi şəhərlərində keçirilən beynəlxalq turnirlərin ən yaxşı oyunçusu adına layiq görülüb. Türkiyədə təhsil alan R.Urazayev buyaxınlarda "Zirvə” Universitetinin komandasının tərkibində Tələbə Basketbol Liqasının qalibi adını qazanıb. 2010-2011-ci illərdə yığmamız Avropa Çempionatının "B” divizionunun seçmə mərhələsində uğurla çıxış etdi. Komandamız yalnız güclü İsveç komandasını irəli buraxaraq "B” qrupunda ikinci yerə çıxdı. Ümumilikdə yığma komandanın nailiyyətlərinə gəlincə, 2005-ci ildə I İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbə Azərbaycan basketbolçularının dünya miqyaslı yarışlarda göstərdiyi ən böyük nailiyyətdir. Təsadüfi deyil ki, bu parlaq zəfərdən sonra dövlətimizin başçısı cənab İlham Əliyev yığma komandanın İslam Oyunlarında əldə olunan uğuru yüksək qiymətləndirdi. Cənab İlham Əliyev həmin görüşdə bu uğuru tarixi qələbə kimi qiymətləndirmişdi. "Artıq İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasının tarixinə yazılıbdır ki, basketbol yarışlarında ilk çempion Azərbaycan komandası oldu”-deyə İlham Əliyev bildirmişdi. Bu sözlər Azərbaycan basketbolunun gələcək inkişaf perspektivlərinin istiqamətini göstərdi. 2012-ci ildə də Avropa seçmə mərhələsində yığmamız yüksək oyunu ilə yadda qaldı. Təəsüf ki, biz yalnız top fərqinə görə Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilmədik. Onu da nəzərə almaq lazımdır ki, ilk dəfə Avropanın Almaniya, İsveç və Bolqarıstan kimi güclü yığmalarıyla finala çıxmaq üçün mübarizə aparırdıq. Bu seçmə mərhələ milli yığma üçün çox gözəl təcrübə meydanına çevrildi. Ümid edirəm ki, millimizin oyunlarını dərindən təhlil edərək biz növbəti seçmə mərhələdə daha yaxşı nəticə göstərəcəyik.
- 2017-ci ildə ölkəmizdə IV İslam ölkələri Həmrəyliyi Oyunlarının keçirilməsi planlaşdırılır. Basketbol idman növü mütləq idman növü kimi İslam Oyunlarının proqramında yer alıb. Qeyd etdiniz ki, 2005-ci ildə ilk dəfə keçirilən anoloji yarışda Azərbaycanın basketbol yığması qızıl medala layiq görülmüşdü. Növbəti İslam Həmrəylik Oyunlarına hazırlıq necə aparılacaq?
- Qeyd etmək istərdim ki, 2017-ci idə Bakıda keçiriləcək IV İslam ölkələri Həmrəylik Oyunlarından öncə ölkəmiz 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bildiyiniz kimi, bu Oyunların proqramına basketbolun 3X3 növü daxil edilib. Biz Avropa Oyunlarına ciddi şəkildə hazırlaşmalıyıq. Burada qazanılacaq uğurlu nəticə İslam Oyunlarında ikinci qalibiyyətimizə tutarlı zəmin yarada bilər.
- Azərbaycanın basketbol üzrə milli komandasına bir müddət əcnəbi mütəxəssis Rimas Kurtinaytis məşqçilik edirdi. Onun rəhbərliyi altında bir sıra nailiyyətlərimiz də oldu. Qarşıdakı yarışlarda milli komandanın heyətinə əcnəbi basketbolçuların və məşqçilərin cəlb olunması planlaşdırılırmı?
- Bəli, planlaşdırılır. Şübhəsiz ki, Olimpiya çempionu Rimas Kurtinaytisin ölkəmizdəki dördillik fəaliyyəti Azərbaycanda basketbolun inkişafına ciddi təsir göstərdi. O dövrdə qazanılan nailiyyətlərimiz - I İslam Həmrəylik Oyunlarının qızıl medalları (2005) və Albaniyada qazanılan İnkişaf Kuboku (2006) dediklərimin bariz nümünəsidir. Əcnəbi oyunçulara və məşqçilərə gəldikdə isə Avropa çempionatının seçmə oyunlarında Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə milli yığmanın heyətinə Çarlz Devis ("Banvit” Türkiyə), Nelson Spenser ("Gran Kanariya” İspaniya), Jeysi Keroll (Real Madrid” İspaniya) kimi güclü basketbolçuları cəlb etmişdik. Bundan başqa, Türkiyədə və Rusiyada uğurla çıxış edən Azərbaycan basketbolunun yetirmələri Rasim Başak, Orxan Aydın və Aleksandr Rındin milli yığmanı şərəflə təmsil etdilər. Xaricdə yaşayan bir neçə Azərbaycan əsilli basketbolçuları da gələcəkdə milli yığmanın tərkibinə cəlb etmək niyyətindəyik. Zərurət yaranarsa, yüksək səviyyəli əcnəbi məşqçi-mütəxəssisləri də milli yığmaya cəlb edəcəyik.
- Etiraf etmək lazımdır kı, bu gün basketbol üzrə ölkə çempionatına maraq bir qədər azdır. Bunu nə ilə əlaqəndirmək olar?
- Çempionatın əsas şərtlərindən biri güclü klubların və standartlara uyğun meydançaların mövcudluğudur. İnanıram ki, bu istiqamətdə görülən müəyyən işlər yaxın gələcəkdə oz bəhrəsini verəcək. Güclü klublar olarsa, rəqabət də artar. Belə olan halda azarkeşlər də meydanda maraqlı mübarizənin şahidi olarlar.
- Bölgələrdə basketbolun inkişaf etdirilməsi istiqamətində nə kimi işlər görülür?
- Bildiyiniz kimi Gəncə, Şəki və Cəlilabad rayonunu təmsil edən komandalar Azərbaycanda bölgə basketbolunun özülünü təşkil edir. Son illərdə Gəncədə basketbola diqqət və qayğı artıb. Təsadüfi deyil ki, XX Azərbaycan çempionatında Gəncə basketbolçuları finala qədər irəliləyərək gümüş medallara yiyələndilər. Amma biz fəaliyyətimizi adı çəkilən bölgə və şəhərlərlə məhdudlaşdırmırıq. Güman edirəm ki, may ayında Mingəçevir şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin 90 iliyinə həsr edilmiş beynəlxalq turnir Azərbaycanın digər bölgələrində basketbolun daha da populyarlaşdırılmasına xidmət etdi.
- Uşaq və yeniyetmələr arasında basketbola olan marağı artırmaq məqsədilə hansı işlər həyata keçirilir?
- Federasiyamız tərəfindən hər il müntəzəm olaraq Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışları keçirilir. Bu yarışlar üç yaş qrupunda (U-14, U-16, U-18) keçirilərək perspektivli gənc basketbolçuların üzə çıxarılmasına xidmət edir. Məsələn, keçən il U-16 yaş qrupunda məşqçi Teymur Qafarovun rəhbərliyi altında "Təhsil RİOEUGİM” komandası Gürcüstanın Batumu şəhərində beynəlxalq turnirdə uğurla çıxış edərək birinci oldu. Basketbolun gələcəyi uşaq basketbolunun inkişafından asılıdır. Bu baxımdan federasiya ölkədə məhəllə basketbolunun təbliğ və inkişaf etdirilməsi sitiqamətində işlər həyata keçirir.
- Azərbaycan Basketbol Federasiyasının qarşıdakı planları nədən ibarətdir və bu sahədə hansı yeniliklərin həyata keçirilməsi planlaşdırılır?
- Hazırda Azərbaycan Basketbol Federasiyası bütün səylərini Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığa yönəldib. Oyunların proqramına salınan 3X3 basketbolunun daha da inkişafı üçün işlər görülür. Qeyd etmək istərdim ki, bu yaxınlarda federasiyasının dəvəti ilə Dünya Basketbol Federasiyasının (FİBA World) 3X3 basketbol departametinin idman direktoru Kosta İlyev ABF-nin məşqçi-hakim korpusu üçün seminar keçirdi. Beynəlxalq Basketbol Federasiyası (FİBA) ölkəmizdə 3X3 basketbolun inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də bizə hərtərəfli yardım göstərməyə hazırdır. Digər tərəfdən Bakı və Azərbaycanın digər şəhər və bölgələrində 3X3 basketbolu üçün yararlı olan meydançalar haqqında məlumat bazası yaradılır. Bu işin ikinci mərhələsində federasiya ölkənin müvafiq qurumları ilə birgə müxtəlif səviyyəli yarışlar keçirmək niyyətindədir. İnanıram ki, 3X3 basketbolun ölkə miqyasında populyarlaşması ənənəvi basketbolun inkişafına yeni təkan verəcək.
Aysel Sultanova