Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilin yekunları ilə bağlı Abşeron Olimpiya İdman Kompleksində tədbir keçirib. Yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, milli komandanın məşqçilər korpusunun və yığmanın üzvləri iştirak ediblər.
Başa çatmaqda olan ilin Azərbaycan boksçuları üçün uğurlu olduğunu vurğulayan S.Mikayılov qarşıda komandamızı daha ciddi sınaqların gözlədiyini vurğulayaraq deyib: "Gələn il Olimpiya ilidir. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün, ilk növbədə, lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımi uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə Olimpiadada öz sözümüzü deyəcəyik”. Sonra N.Səfərov hesabat məruzəsi ilə çıxış edib.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov boksçularımıza böyük ümidlər bəslənildiyini qeyd edib, Olimpiya çempionu kimi tövsiyələrini verib.
R.Hüseynov boksçularımızın istər lisenziya yarışlarında, istərsə də Olimpiadada uğurla çıxış edərək xalqımızı sevindirəcəklərinə əminliyini bildirib.
Məşqçilər və boksçular isə çıxışlarında onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışacaqlarını deyiblər.