”Maklaren” Formula 1 komandası fevralın 13-də 2020-ci il çempionatı üçün bolid təqdim edəcək. Komanda bu barədə özünün “YouTube” kanalında məlumat verib. Kollektivin mətbuat xidmətinin yerləşdirdiyi videoda pilot Lando Norris guya abunəçilər üçün birbaşa yayım təşkil edir və arada “MCL35” indeksi veriləcək şassinin təqdimatı ilə bağlı müzakirələrin aparıldığı otağa daxil olur. Norris iştirakçıların hansı məsələni müzakirə etdiklərin soruşur və söhbətin təqdimatdan getdiyini
öyrənəndə bu sözləri deyir: “Eşitmişəm ki, fevralın 13-də, eləmi?” Əməkdaşlardan biri Norrisə yaxınlaşaraq kameranı söndürür. Videoçarx yarımçıq kəsilir.
Xatırladaq ki, növbəti çempionatda komandanın pilotları yenə də Lando Norris və oğul Karlos Sayns olacaqlar.
2020-ci ildə “Kral yürüşləri”nin birinci Qran-Prisi martın 13-15-də Avstraliyada keçiriləcək.