Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç yerli federasiyaların prezidentləri və UWW-nin İcraiyyə Komitəsinin üzvləri ilə veb-konfrans təşkil edib.
Azərbaycan Güləş Federiyasının (AGF) Mətbuat xidmətindən verilən məlumata görə, iclasda koronavirusun güləşə təsiri və növbəti addımlarla bağlı müzakirələr aparılıb.
Müzakirələrdə UWW-nin büro üzvü, AGF-nin prezident əvəzi Namiq Əliyev də iştirak edib. Qeyd olunub ki, pandemiya ilə əlaqədar Tokio-2020 Yay Olimpiya Oyunları da daxil olmaqla, bütün yarışlar təxirə salınıb, idmançıların məşqləri dayandırılıb.
Büdcə və investisiyalar, ofis fəaliyyətinin dayandırılması, işlərin 50 faiz məhdudlaşdırılması və s.qərarlar qəbul olunub. Onlayn təhsil proqramları isə gələn ay hazır olacaq.
UWW yerli federasiyaları yeniliklərlə bağlı ölkələrini məlumatlandırmağa çağırıb. Beynəlxalq yarışlardan əvvəl regional turnirlərin məhdud sayda ölkənin iştirakı ilə keçirilməsi tapşırığı da verilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı pandemiya elan etdikdən sonra UWW bütün yarışları iyulun 1-dək təxirə salıb. Bunların arasında Tokio olimpiadasına vəsiqə qazandıran lisenziya turnirləri, eləcə də yeniyetmə və gənclər arasında Avropa çempionatları da var.