AFFA son illər uşaq futbolununu inkişafı üçün əlindən gələni edir. Bununla bağlı bir neçə layihə həyata keçirən futbol federasiyası xarici klublarla da əməkdaşlıq etmək niyyətindədir. Qurumun son 3 ay ərzində gördüyü işlərlə yaxından tanış olmaq üçün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdük.
- Elxan müəllim, AFFA üçün əsas prioritet mövzulardan biri uşaq futboludur. Bununla bağlı hansı xarici klublarla əməkdaşlıq etmək niyyətindəsiniz?
- Hamı Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməli olduğunu deyir. Lakin mətbuatdan kənarda hər kəs əsas yığmanın nəticələri ilə maraqlanır. Biz də uşaq futbolunun inkişafı üçün layihələr qururuq. Bizim üçün uşaq futbolunun inkişafı başqa ölkələrdəki kimi kommersiya layihəsi yox, sosial layihədir. Bu daha çox uşaqların sağlam həyat tərzi sürməsinə xidmət edir.
"Ayaks”, "Sportinq”, "Barselona” kimi klublarla ölkəmizdə futbol akademiyasının açılması haqda danışıqlar aparmışıq. "Sportinq” bunun üçün 2 məkandan istifadə edəcək. Onlardan biri "Bayıl Arena”dır. Digəri isə hələ müəyyənləşməyib. "Barselona” ilə isə danışıqları hələ yekunlaşdırmamışıq. Onların iş prinsipi 2 yöndə olacaq. Birincisi, onların pulunu AFFA və ya klubu ödəyəcək. İkincisi isə valideyn öz hesabına "Barselona” akademiyasının təhsil haqqını ödəyəcək. Bütün bunlar həm də ona görədir ki, dünya klubları Azərbaycandakı infrastrukturu görsün. "Mançester Yunayted” məşqçiləri "Bakcell Arena”nı görəndə çox bəyənmişdilər. Hələ qızlar arasında dünya çempionatında göstərə bildik ki, ölkəmizdə futbol infrastrukturu var.
- Buyaxınlarda "Bakcell” şirkətinin "Mançester Yunayted”lə layihəsi əsasında 14 yaşlı uşaqlar üçün düşərgə təşkil olundu. Hətta İngiltərəyə gedənlər arasında qadın futbolçu da var...
- "Mançester Yunayted”lə layihənin ilkin mərhələsindən sonra 32 futbolçu Bakıda toplanış keçdi. Onlardan da Mançesterə yollanacaq 6-sı müəyyənləşib. Həmin 32 futbolçu arasında birinin qız olmasını qeyd etməliyəm. Bunda ölkəmizdə keçirilən qızlar arasında dünya çempionatının da rolu az deyil. Qızlar yığmamız 3-4 il əvvəl böyük hesabla uduzduğu Ukraynanı indi məğlub edir.
- EURO-2020-nin final mərhələsinin oyunlarının Bakıda keçirilməsi ilə bağlı məsələyə hansı vəziyyətdədir?
- Artıq namizədliklə bağlı sənədlər UEFA-ya göndərilib. Növbəti 12 ay ərzində yeni sənədlər toplayıb Avropa futbol qurumuna göndərməliyik. Burada mətbuatın da dəstəyi lazımdır. Yaxın 2 ay ərzində jurnalistlərlə görüşüb EURO-2020 ilə bağlı fikir mübadiləsi aparacağıq.
- Elxan müəllim, gələn ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. I Divizionun əsasnaməsində hansı dəyişikliklər olacaq?
- Gələn ay keçirilməli olan İcraiyyə Komitəsində I diviziondan Premyer Liqaya neçə komandanın çıxması məsələsi müzakirə olunacaq. Aşağı dəstə klubları lisenziya almaq istəmirsə, deməli yüksək liqada oynamaq istəmir. Biz Premyer Liqa ilə I divizionu birləşdirə bilərik. Amma belə olan halda keyfiyyət olmayacaq. Komandaların sayını 10-a endirməklə keyfiyyəti düşünmüşük. "Turan” kimi komandanı isə I Divizionda görmək maraqlı olacaq. I Divizionda yaş limiti onunla bağlıdır ki, ölkəmizdə aşağı dəstəyə gedən futbolçu artıq karyerasını başa vurmaq üzrə olur. Başqa ölkələrdə aşağı dəstədən yüksək liqaya oyunçular gəlirsə, bizdə bu çox aşağı səviyyədədir. Təxminən 4 faiz oyunçu I Diviziondan Premyer Liqa klubuna keçir. Məsələn, İspaniyada əvvəllər yığmamıza çağırılan Eddi İsrafilov III liqada oynasa da, 5 ilə Primera klubuna, oradan da İspaniya yığmasına düşəcəyinə ümid edir. Həm də aşağı yaş komandaları üçün liqalarda oynayan futbolçuların əksəriyyəti Premyer Liqa və I Divizion klubuna düşə bilmədiyi üçün karyerasını başa vurur. I Divizionda 21 yaşadək futbolçularla bağlı tətbiq olunacaq limit də bu məqsədlədir.
- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ilin sonunda müqaviləsi başa çatır. Almaniyalı baş məşqçi ilə müqavilə artırılacaq yoxsa yeni namizədin axtarışına başlamısınız?
- Millinin baş məşqçisi vəzifəsində Berti Foqtsa alternativ namizədlər siyahısı tərtib olunacaq. Yerli mütəxəssislər də namizəd ola bilər. Həm Foqts öz aldığı təklifləri nəzərdən keçirəcək, həm də biz namizədlərimizdən ibarət siyahıya baxacağıq. Millimizin seçmə mərhələdə 3 oyunu qalıb. Seçmə mərhələ başa çatandan sonra bu matçlarla bağlı hesabat hazırlanaraq, AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq. Qeyd edim ki, namizədlərlə bağlı siyahımız hazır olduqdan sonra yekun qərar verəcəyik.
- Klublarımızın avrokuboklardakı çıxışları barəsində nə deyə bilərsiniz?
- "Qarabağ” klubunu təbrik edirik. Onlar bizi sevindirdilər. Təəssüf ki, "Xəzər Lənkəran”la "İnter” 0:2 hesabı ilə məğlub oldu. Bu hesabın əvəzini çıxmaq çətin olacaq. "Neftçi” isə evdə heç-heçə etsə də, səfərdə uğur qazana bilmədi.
- Yeri gəlmişkən, 22 İyul - Milli Mətbuat Günü idi. Futbolumuzun inkişafında mətbuatın rolu danılmazdır. Dəyərli media nümayəndələrinə sözünüz nə olardı?
- AFFA rəhbərliyi adından media nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edir və onlara yaradıcılıq uğurları arzulayıram. Bütün dünyada futbolun təbliğatını mətbuatsız aparmaq mümkün deyil. Araşdırmalar göstərir ki, Azərbaycanda hər 2 saata 1 yerli futbol xəbəri düşür. Bu isə o deməkdir ki, artıq xəbər mətbuatı deyil, mətbuat xəbəri axtarır. Hər 2 saata 1 xəbərin yerli xarakter daşıması isə göstərir ki, futbolumuzda intensiv inkişaf var.
Rahib Səmədov