Rusiyanın qadın voleybolçulardan ibarət "Uraloçka" komandasının baş məşqçisi Nikolay Karpol dünya rekordu müəyyənləşdirib.
Əfsanəvi mütəxəssis 51 ildir Yekaterinburq komandasında çalışır. 82 yaşlı baş məşqçi adının "Ginnesin Rekordlar Kitabı"na salınması üçün hələ müraciət etmədiyini bildirib: "Mən artıq rekordu bir il keçmişəm. Eyni komandada 51 il işləmişəm. Amma hələ müvafiq ərizə verməmişik".
Karpol dünya rekordu müəyyənləşdirmək istədiyini hələ 2017-ci ildə açıqlayıb. O, Ginnesin Rekordlar Kitabına düşmək üçün tarixi nailiyyəti təsdiqləyən lazımi sənəd və sübutları təqdim etməlidir. Ahıl yaşına rəğmən, o, gələn mövsüm də "Uraloçka"nın sükanı arxasında olacaq. Rusiyalı mütəxəssis bu komandaya 1969-cu ildən rəhbərlik edir.
Qeyd edək ki, Nikolay Karpol dünyada voleybol, Rusiyada isə oyun növləri üzrə ən titullu baş məşqçisidir. O, eyni zamanda çalışdığı SSRİ millisi ilə 2 dəfə (1980, 1988) olimpiya, bir dəfə (1990) dünya, 3 dəfə (1979, 1989, 1991) Avropa, Rusiya yığması ilə 4 dəfə (1993, 1997, 1999, 2001) Avropa çempionluğu əldə edib. "Uraloçka"da isə Karpol 11 dəfə SSRİ çempionu, 3 dəfə SSRİ Kuboku, 14 dəfə Rusiya çempionu, 8 dəfə Avropa Çempionlar Kuboku və 1 dəfə Kuboklar Kubokunun qalibi olub.