"Fənərbağça”da məşqçi istefası​

"Fənərbağça”da məşqçi istefası​

 

İstanbulun "Fənərbağça” basketbol klubu baş məşqçi Jelko Obradoviçlə yollarını ayırıb.​ Bu barədə İstanbul klubunun rəsmi internet portalında məlumat verilib.

Əslində, “sarı lacivərdilər” serbiyalı mütəxəssislə işbirliyini davam etdirmək istəyirdi. Belə ki, klubun prezidenti Ali Koç bir neçə gün əvvəl Belqraddan İstanbula gələn təcrübəli mütəxəssislə görüşərək ona 2 illik yeni müqavilə təklif etmişdi. Amma “Fənərbağça”nın rəhbəri bu dəfə Obradoviçin məvacibini artırmayacağını söyləmişdi. O, klubun borclarının çox olması ilə əlaqədar basketbol şöbəsinin büdcəsini də azaldacağını bildirmişdi.

Nəticədə klub prezidentindən düşünmək üçün vaxt istəyən serbiyalı mütəxəssis yenidən Belqrada qayıdıb. Dünən isə təcrübəli mütəxəssis “Fənərbağça” rəhbərliyi ilə əlaqə yaradaraq müqaviləni yeniləməyəcəyini deyib. Bu isə artıq əməkdaşlığın dayandırılması deməkdir.

Obradoviç həmçinin ailəsi ilə məsləhətləşdiyini və bir il heç bir komandada çalışmayacağını da elan edib.

Xatırladaq ki, 2013-cü ildən “Fənərbağça”da işləyən məşqçinin başçılığı altında İstanbul klubu 2017-ci ildə Avroliqanın qalibi olmuşdu.