Çingiz Hüseynzadə: “İnanıram ki, biz həm birinci Avropa Oyunlarını, həm də IV İslam Oyunlarını yüksək səviyyədə təşkil edəcəyik”

Çingiz Hüseynzadə: “İnanıram ki, biz həm birinci Avropa Oyunlarını, həm də IV İslam Oyunlarını yüksək səviyyədə təşkil edəcəyik”


   Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilib. Assambleyada 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkil olunması ilə bağlı qərar qəbul olunub. İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində İHİF-nin 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilib. Sevindirici haldır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yenidən növbəti dörd illiyə İHİF-nin vitse-prezidenti seçilib.
Tədbirdə həm də 2015-ci ildə İHİF-in növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi haqda qərar qəbul olunub. Assambleyada Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr İdarəsinin rəisi və "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-un beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakının təqdimatı ilə çıxış ediblər. Tədbir çərçivəsində "Bakı-2017” namizədlik kitabının da təqdimatı olub.
Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək, 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Oyunları, Ciddə şəhərində təşkil olunan İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası, idmançılarımızın sentyabr-oktyabr ayında İndoneziyada keçiriləcək III İslam Oyunlarına hazırlığı ilə bağlı söhbət etdik.

- Çingiz müəllim, Sizi ilk növbədə növbəti dörd illiyə yenidən İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilməyiniz münasibəti ilə təbrik edirik. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası Azərbaycanın idman tarixi üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Tədbir barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- Təbrikə görə çox sağ olun. Xatırladım ki, hələ keçən ilin oktyabr ayında keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında Bakının 2017-ci ildə İslam Oyunlarına ev sahibliyi etməsi ilə bağlı namizədliyimizi irəli sürmüşdük. May ayında ölkəmizə səfər edən İslam Həmrəyliyi İdman Federasiyasının 5 nəfərdən ibarət Təftiş Komissiyası paytaxtımızla tanış olmuşdu. Qurumun İcraiyyə Komitəsinin İslam Oyunlarının ölkəmizdə təşkili ilə bağlı rəyi müsbət idi. Amma bu qərar İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının iclasında təsdiq olunmalı idi. Biz bu Assambleyaya ciddi hazırlaşmışdıq, böyük bir Sifariş Kitabı nəşr etdirmişdik. Ölkəmizlə bağlı xüsusi videofilm hazırlanmışdı. Sevindirici haldır ki, Assambleyada bizim təqdimatımız çox böyük uğurla qarşılandı və İHİF üzvlərinin səsverməsi nəticəsində yekdilliklə Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərar qəbul olundu. Qeyd edim ki, Baş Assambleyadan bir gün əvvəl keçmiş İcraiyyə Komitəsinin iclası oldu. İclasda Bakının 2017-ci il İslam Oyunlarına namizədliyi böyük ruh yüksəkliyi ilə qəbul edildi. Assambleyada qəbul olunan vacib qərarlardan biri də növbəti Baş Assambleyanın 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı idi. Səsvermə nəticəsində quruma üzv olan 57 ölkənin nümayəndələri yekdilliklə növbəti Baş Assambleyanın Bakıda keçirilməsi qərarını təsdiq etdilər. Budəfəki Baş Assambleyada eyni zamanda 2013-2017-ci illər üçün qurumun yeni tərkibi müəyyən edildi. Qeyd edim ki, qurumun tərkibi 90 faiz dəyişildi. 4 vitse-prezidentdən ikisi öz vəzifəsindən getdi və onların əvəzinə iki yeni vitse-prezident seçildi. Hamad Kalkaba Malboum və mən yenidən quruma vitse-prezident seçildik. İHİF-in İcraiyyə Komitəsinin üzvləri isə yüz faiz yeniləndi. İHİF 1968-ci ildən indiyədək fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi və "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva seçildi. Qeyd edim ki, Azərbaycan İslam Həmrəyliyi İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir. Ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək keçiriləcək. IV İslam Həmrəyliyi Oyunlarının şüarı isə belədir: "Həmrəylik bizim gücümüzdür”.

- Çingiz müəllim, İslam Oyunlarının təşkili üçün yalnız Bakının namizədliyi irəli sürülmüşdü?
- Bəli. Biz bu Oyunları təşkil etməklə bağlı istəyimizi bir neçə il bundan qabaq bildirmişdik. Artıq Bakının namizədliyi irəli sürüləndən sonra bu iddiada olan digər ölkələr öz namizədliklərini irəli sürməkdən imtina etdilər. Onlar qeyd etdilər ki, biz bilirik ki, Bakıda bu oyunlar yüksək səviyyədə keçiriləcək. Hətta Baş Assambleyanın iclasından sonra yeni seçilmiş İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə keçirilən ilk iclasda qurumun nümayəndələri qeyd etdilər ki, İslam Həmrəyliyi İdman Federasiyasının fəaliyyətində yeni dövr başlanır. Onlar bu yeni dövrü Bakının 2017-ci il İslam Oyunlarını təşkil etməsi, Könül xanımın İcraiyyə Komitəsinə üzv seçilməsi ilə əlaqələndirdilər.

- Çingiz müəllim 2017-ci il İslam Oyunları ilə bağlı Sifariş Kitabı özündə nələri əks etdirir?
- Namizədlik kitabı özündə Oyunların təşkili ilə bağlı bütün məsələləri incəlikləri ilə əks etdirir. Biz bu kitabda oyunların keçirilmə konsepsiyasını göstərmişdik. Çoxsəhifəli kitabda Azərbaycanın iqtisadi-siyasi vəziyyəti, idman obyektlərinin vəziyyəti, yarışların hansı idman növləri üzrə keçirilməsi və s. ilə bağlı məsələlər öz əksini tapmışdı. Sifariş Kitabında oyunları yüksək səviyyədə təşkil edəcəyimizi təsdiq edən bütün federasiyaların, bu işlə əlaqədar bütün nazirliklərin dəstək məktubları, Nazirlər Kabinetinin rəsmi məktubları yer almışdı. Biz çox samballı və dəyərli bir sənəd hazırlamışdıq. Mən deyərdim ki, İslam Həmrəyliyi İdman Federasiyasının tarixində hələ belə dəyərli təqdimat olmayıb.

- Çingiz müəllim, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti kimi Sizin əsas işiniz nədən ibarətdir?
- Biz ildə bir neçə dəfə toplanaraq federasiyanın fəaliyyəti ilə bağlı bir sıra vacib məsələləri müzakirə edirik. Federasiyanin işi təkcə İslam Oyunlarını təşkil etməkdən ibarət deyil. Federasiya həmçinin ayrı-ayrı növlər üzrə müxtəlif islam ölkələrində çempionatların təşkili ilə də məşğul olur. Bu il federasiyanın təşkilatçılığı ilə Səudiyyə Ərəbistanında ağırlıqqaldırma üzrə islam ölkələrinin çempionatı keçirildi. 20-dək ölkənin iştirakı ilə keçirilən yarışda Azərbaycan idmançıları da qüvvələrini sınadılar. Azərbaycan komandası ümumi hesabda üçüncü oldu. Azərbaycan bu yarışda güclü heyəti ilə deyil, ikinci heyətlə iştirak etmişdi.
İslam Həmrəyliyi İdman Federasiyasının təşkilatçılığı ilə eyni zamanda ayrı-ayrı yarışların keçirilməsi də nəzərdə tutulub. 2014-cü ildə Qətərdə islam triatlonu üzrə bir yarışın təşkil olunması planlaşdırılır. Qeyd edim ki, islam triatlonu islam ölkələrinin nümayəndələri tərəfindən yaradılıb. Məlumat üçün deyim ki, klassik triatlona üzgüçülük, qaçış və velosiped idmanı daxildir. İslam triatlonuna isə üzgüçülük, atçılıq və güllə atıcılığı növləri daxildir. Assambleyada bu yarışların keçirilməsi ilə də bağlı qərar qəbul olundu. Bir sözlə, İslam Ölkələri İdman Federasiyasının əsas işi islam ölkələrində idmanın inkişafına dəstək verməkdir. Onu da deyim ki, federasiya təkcə Olimpiya idman növlərinin deyil, qeyri-olimpiya idman növlərinin inkişafına da xüsusi diqqət yetirir. Qeyd edim ki, son dövrlərdə islam ölkələrində aviamodelçiliyə də böyük maraq var. İslam ölkələri arasında paraşüt idmanı üzrə də mütəmadi olaraq yarışlar keçirilir.

- 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək İslam Oyunlarına hazırlıq necə aparılacaq?
- Məlum olduğu kimi, 2015-ci ildə ölkəmizdə birinci Avropa Oyunları keçiriləcək. Avropa Oyunları ilə İslam Həmrəyliyi Oyunlarının bir-birinə oxşar cəhətləri çoxdur. Ölkələrin sayı, keçiriləcək idman növləri, oyunların təşkili ilə bağlı tələblər demək olar ki, eynidir. Biz 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla yanaşı, 2017-ci ildə keçiriləcək İslam Oyunlarına da hazırlığı həyata keçirəcəyik. 2015-ci ildə birinci Avropa Oyunlarının təşkili üçün nəzərdə tutulan idman obyektlərindən 2017-ci ildə keçiriləcək İslam Oyunlarında da istifadə edəcəyik. İslam oyunları üçün yeni idman obyektlərinin inşasına ehtiyac olmayacaq.

- Çingiz müəllim, ölkəmizdə təşkil olunacaq IV İslam Oyunlarının proqramı necə, tam olaraq müəyyənləşibmi?
- Biz Sifariş Kitabında proqrama salınacaq idman növlərinin siyahısını qeyd etmişik. Orada 15 Olimpiya, 1 milli və 2 para idman növü yer alıb. Milli idman növü kimi biz zorxananı proqrama daxil etmişik. IV İslam oyunlarında para-cüdo və para-taekvondo üzrə yarışların keçirilməsini istəyirik. Çünki bu idman növləri bizdə yüksək səviyyədə inkişaf edib. Ümumilikdə, 17-18 idman növünün proqrama daxil edilməsi nəzərdə tutulub. Əlbəttə ki, bu son qərar deyil. Oyunların təşkili ilə bağlı bir çox məsələlər 2015-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında tam dəqiqləşəcək.

- Bildiyimizə görə artıq sentyabr-oktyabr ayında İndoneziyada keçiriləcək III İslam oyunlarının proqramı da təsdiqlənib. Ümumiyyətlə, bu oyunlarda neçə ölkənin iştirakı planlaşdırılır?
- İndoneziyada keçiriləcək III İslam Oyunlarının vaxtı tam dəqiqləşib. Bu oyunlar sentyabrın 22-dən avqustun 1-dək keçiriləcək. Oyunların proqramında bir sıra dəyişikliklər edildi. İdman növlərinin sayı azaldılaraq yarışların 13 idman növü üzrə keçirilməsi qərara alındı. Bu idman növlərindən 12-si Olimpiya və 1-i qeyri-olimpiya idman növüdür. Qeyri-olimpiya idman növlərindən yalnız uşu proqramda saxlanıldı. Xatırladım ki, əvvəlki proqramda İndoneziyanın bir sıra milli idman növləri yer almışdı. Həmin idman növləri proqramdan çıxarıldı. Baş Assambleyadan bir gün əvvəl İndoneziyanın idman naziri və Səudiyyə Ərəbistanının səfirinin iştirakı ilə iclas keçirildi. Oyunların keçirilməsi ilə bağlı öhdəçilik sənədi imzalandı. Qeyd edim ki, İslam Oyunlarında hər bir ölkəyə kvota verilir. Ümumilikdə komandanın bütün idman növləri üzrə maksimal tərkibi 180-ə nəfərə yaxındır. Mənə elə gəlir ki, ev sahibindən başqa, oyunlarda tam heyətlə iştirak edəcək digər ölkə olmayacaq. İdmançıların bütün idman növlərində iştirak edə bilməməsi İndoneziyaya yol xərclərinin baha olması ilə əlaqədardır. Bir çox kasıb ölkələr idmançılarını yarışlara göndərə bilmirlər. Bilirsiniz ki, yarışlarda idmançılar üçün iştirak haqqı ödənilir. Buna görə də Assambleyada belə bir qərar qəbul olundu ki, Səudiyyə Ərəbistanı tərəfindən İslamiadada iştirak edəcək hər ölkədən 5 və ya 4 idmançı ilə bir məşqçinin yol pulu ödənilsin. Elə ölkələr var ki, bu yarışlarda 10-15 idmançı ilə iştirak edəcək. Yarışlarda kiçik heyətlə iştirak edəcək kasıb islam ölkələri üçün 5 nəfərin yol xərcinin ödənilməsi böyük köməkdir.

- Yəqin ki, artıq III İslam Oyunlarına hazırlıqlara başlanılıb.
- Vaxtın dəyişməsi ilə bağlı bir sıra problemlər meydana çıxıb. Bundan əvvəl oyunların iyun ayında keçirilməsi nəzərdə tutulurdu. Biz həmin vaxt oyunlara böyük bir komanda hazırlamışdıq. İyun ayında biz basketbol üzrə komandamızı İslamiadaya göndərmək istəyirdik. Düşünürdük ki, basketbolçularımız yenə də ilk oyunlarda olduğu kimi İslamiadada çempion olacaqlar. Amma çox güman ki, biz bu komandanı sentyabr ayında İslam Oyunlarına göndərə bilməyəcəyik. Çünki yığma komandanın tərkibində xarici ölkələrdə oynayan idmançılar var. Bu basketbolçular sentyabr ayında beynəlxalq yarışların təqvim planına uyğun olaraq başqa yarışlarda iştirak etməlidirlər. Zəif heyətlə oyunlarda iştirak etməyin isə mənası yoxdur. Çünki basketbol üzrə yığmamız birinci İslam Oyunlarının qalibi olub. Digər idman növləri üzrə komandaların hansı heyətlə yarışlara qatılmasını beynəlxalq yarışların təqvim planına uyğun olaraq müəyyənləşdirəcəyik.

- Çingiz müəllim ölkəmizdə birinci Avropa Oyunlarının, IV İslam Oyunlarının təşkili yəqin ki, gələcəkdə Yay Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə zəmin yaradacaq.
- Xatırladım ki, 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarının təşkili üçün Bakının namizədliyi irəli sürüləndə tutulan əsas irad Azərbaycanda kompleks yarışlarının keçirilməməsi və ölkəmizin kompleks yarışlarının təşkilində təcrübəsinin olmaması ilə bağlı idi. Yəqin ki, Avropa Oyunlarının və İslam oyunlarının təşkilindən sonra kompleks yarışların keçirilməsində təcrübəmizin olmaması ilə bağlı bizə heç bir irad tutulmayacaq. Ölkəmiz Avropa və İslam oyunlarında kompleks yarışları nə dərəcədə uğurlu keçirmək bacarığını nümayiş etdirəcək.
Tarixdə ilk dəfə olaraq Avropa Oyunları Azərbaycanda keçiriləcək və mən əminəm ki, biz bunu uğurla həyata keçirəcəyik. Bu, bizim üçün böyük təcrübə olacaq. Hesab edirəm ki, İslam Oyunlarının təşkilində heç bir çətinliklə üzləşməyəcəyik. Avropa Oyunlarından sonra təşkilatçılıq baxımından yerli kadrlarımız yetişəcək. Çünki bu Oyunlarda könüllülərin xidmət göstərməsi, nəqliyyatın, təhlükəsizliyin təşkili prinsiplərini, 10 minə yaxın insanın yerləşdirilməsi və qidalanması, idman obyektlərində yarışların təşkili məsələlərini yüksək səviyyədə həyata keçirməliyik. Kompleks yarışlar adi Avropa və dünya çempionatı kimi deyil. Bu yarışlar bir qədər fərqli xarakter daşıyır. Məsələn, hər hansı dünya çempionatına 10 nəfər yüksək səviyyəli qonaq gəlirsə, bu cür idman yarışlarında dövlət başçılarından tutmuş bütün iştirakçı ölkələrin Olimpiya komitələrinin rəhbərləri, beynəlxalq federasiyaların rəhbərləri də iştirak edirlər. Buna görə də kompleks yarışların təşkili bir qədər çətindir. İnanıram ki, biz həm birinci Avropa Oyunlarını, həm də IV İslam Oyunlarını yüksək səviyyədə təşkil edəcəyik.

- Bugünlərdə idmançılarımız Avropa yeniyetmələrinin Olimpiya Festivalında uğurla çıxış ediblər. Həmişəki kimi budəfəki yarışlarda da sizin proqnozlarınız özünü doğrultdu. Siz əsas medalları cüdo və atletika idman növlərindən gözlədiyinizi demişdiniz.
- Olimpiya festivallarının tarixinə nəzər salsanız, medallarımızın yalnız cüdo və atletika idman növlərində əldə olduğunu görərsiniz. Məsələn, Serbiyada keçirilən festivalda atletika növündə üç medal qazanılmışdı. Budəfəki festivalda idmançılarımızın nəticəsini yüksək qiymətləndirirəm. Avropa səviyyəli yarışda qızıl medal qazanmaq böyük fəxrdir. Biz komanda hesabında ilk 15-likdə yer almışdıq. Bu, böyük nəticədir və onu göstərir ki, perspektivli gənclərimiz yetişir. Yeni idmançıların yetişməsi onu göstərir ki, idmanda inkişaf var. Sevindirici haldır ki, ənənəvi olaraq necənci dəfədir ki, festivallarda üçtəkanla tullanma üzrə idmançımız uğur qazanır.

- Çingiz müəllim, festivallarda medal qazanan idmançılarımızı təəssüf ki, sonradan böyük idmanda görə bilmirik. Sizcə bunun səbəbi nədədir?
- Hesab edirəm ki, festivallarda iştirak edən idmançıların çoxu idmandan uzaqlaşmır. Sadəcə, əksəriyyəti sonradan böyük idmanda nəticə qazana bilmir. Adətən, həmin yaş qrupunda eyni çəkidə üç-dörd nəfər bərabər səviyyəli idmançı olur. Məşqçilər onlardan ən yaxşı formada olan idmançını seçir. Bu yaş qrupu üzrə idmançılar festivaldan sonra adətən, Avropa birinciliklərində iştirak edirlər və uğur qazanırlar. Yaş artıqca idmanda rəqabət də artır. Yadımdadır, Elnur Məmmədlinin 16 yaşı olanda festivala onun çəkisində olan digər idmançını aparmışdılar. Amma sonra Elnur 17 yaşında Avropa çempionatında qalib gələrək özünü təsdiqlədi. Hər bir yeniyetmə çempion böyüklər arasında uğur qazana bilmir. Əgər siz ölkəmizdə ən populyar idman növü olan güləşə diqqət yetirsəniz, görərsiniz ki, hər il yeniyetmələr arasında Avropa və dünya çempionumuz olur. Amma həmin idmançılardan böyüklər arasında çox az idmançı nəticə qazanır. Bundan başqa idman dözümlülük tələb edir. Bundan əvvəlki festivalın üçtəkanla tullanma üzrə rekordunun sahibi Ənvər Zeynallı çox perspektivli idmançı idi. Təəssüf ki, məktəbi bitirdikdən sonra idmandan uzaqlaşdı. Atletika idman növündə dözümlü olmaq və daim öz üzərində işləmək lazımdır. Bir sıra döyüş növlərində rəqibi aldadıb ondan xal almaq mümkündür, atletikada isə sən zaman və məsafə ilə mübarizə aparırsan. Bu idman növündə fiziki imkanların və bədən quruluşunun da atletikaya uyğun olması vacib amildir.

- Çingiz müəllim necə düşünürsünüz, İndoneziyada keçiriləcək İslam oyunlarında hansı ölkə lider olacaq?
- İyun ayında keçirilməsi nəzərdə tutulan oyunların proqramı olduğu kimi qalsa idi, İndoneziya komanda hesabında birinci ola bilərdi. Amma indi biz dəqiq bilmirik ki, Qazaxıstan yarışa hansı səviyyəli komanda ilə gələcək. Məsələn, Qazaxıstan yüngül atletika üzrə yarışlarda güclü heyəti ilə çıxış etsə, ən azı, 20 medal qazanacaq. İranda da atletika, güləş, taekvondo idman növləri güclüdür. Əlbəttə, heyətlər tam məlum olmamış hansı ölkənin birinci olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Amma əminəm ki, 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Oyunlarında Azərbaycan komandası birinci olacaq.
Aysel Sultanova
Səadət Hakıyeva