AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Qarabağ” - "Gefle” matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Assosiasiya rəhbəri "Qarabağ”ın 1:0 hesablı qələbəsindən və az da olsa millimizin baş məşqçisi Berti Foqtsun işindən danışıb.
- Oyun Sizdə hansı təəssüratlar yaratdı?
- Əla oyun oldu. Bu cür oyun nümayiş etdirdikləri üçün "Qarabağ”a "çox sağ ol” deyirəm. Fikrimcə, çox qol vura bilərdik. Amma alınmadı.
- Avrokuboklarda cəmi bir klubumuz qalıb. "Qarabağ”ın qrup mərhələsinə düşəcəyinə inanırsınızmı?
- İnamsız yaşamaq olmaz. Gərək, hər zaman inanasan.
- İsveçdə keçiriləcək cavab matçını izləməyi düşünürsünüzmü?
- Bu haqda dəqiq bir söz deyə bilmərəm. Ancaq əminəm ki, Qurban Qurbanov bizi səfərdəki oyunda da qələbə ilə sevindirəcək. Bu oyuna əsaslanıb deyə bilərəm ki, "Qarabağ” səfərdə də özünü yaxşı tərəfdən göstərəcək.
- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində klubdakı həmkarlarının ondan incidiyini deyib...
- Normal fikirdir. Hələ qarşıda millimizin 3 rəsmi oyunu var. Həmin görüşlər keçirilməli, baş məşqçi müqaviləsinin sonuna qədər işini yerinə yetirməlidir. Hara tələsirsiniz? Siz insanı oyunqabağı həvəsdən salırsınız.
- Berti Foqts 5 il ərzində gördüyü işləri 3 oyunla dəyişəcək?
- 5 il ərzində nə iş görməli idi? Əvvəllər maksimum 5 xal toplamağımıza görə sevinirdik. Onun rəhbərliyi altında yığmamız qrup oyunlarındakı xallarının sayını 7-yə yüksəltdi. Halbuki, 20 ildə ən yaxşı göstəricimiz 5 xal idi.
- "Qarabağ”ın heyətində yaxşı oyununa görə adını xüsusi qeyd etmək istədiyiniz futbolçu varmı?
- Hamısı yaxşı oynadı. Bu cür oyunu səfərdə də nümayiş etdirsələr, qələbə qazanacağıq.