"Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Gefle” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra brifinq keçirdi. Ağdam təmsilçisinin rəhbəri komandasının pley-off mərhələsinə çıxacağına inandığını vurğuladı.
- "Gefle” ilə qarşılaşma barəsində nə deyə bilərsiniz?
- Hər şeyin yaxşılığa doğru bir mənası var. "Qarabağ” zülm görmüş məzlumların, azərbaycanlıların bir simvoludur. Bu klub Qarabağın dünyada Azərbaycana məxsus olmasını göstərən bir sənəddir. Yəni "Qarabağ” təkcə idman yönümlü bir klub deyil. Biz bu klubu, "Azərsun” şirkəti olaraq, uzun illərdir ki, dəstəkləyirik. "Qarabağ”, eyni zamanda, Azərbaycanın gənc nəslinin klubudur. Əminəm ki, onların hamısının ürəyində Qarabağ sevgisi var. Hamınızı qələbə və gözəl oyun münasibəti ilə təbrik edirəm. İndi 3-cü təsnifat mərhələsi idi. Növbədə pley-off mərhələsi var.
- Necə düşünürsünüz, bu hesab pley-offa keçmək üçün yetərli olacaq?
- İnşallah, ümid edirəm. Təbii ki, bəlli olmaz cavab qarşılaşmasında necə olacaq. Ancaq rəqibdən üstün olduğumuzu gördünüz. Komandamız güclüdür. Oyunçularımızın ayağından top qaçmır. Ümid edirəm ki, "Qarabağ”ın bayrağını növbəti mərhələyə də daşıyacağıq.
- UEFA Avropa Liqasının qrupuna düşmək üçün komandanın bir qədər də gücləndirilməsinə ehtiyac olduğunu düşünürsünüzmü?
- Qurban Qurbanov bizim fəlsəfəmizə uyğun bir insandır. Ona demişəm ki, nəyə ehtiyacın varsa, söylə, biz də dəstək olaq. İnşallah, yeni stadion tikdiririk. Özümüzün stadionu olacaq. Ehtiyac olarsa, transferlər ediləcək.
- Kluba dəvət edilən yeni futbolçular xoşunuza gəldi?
- Özünüz də gördünüz ki, yaxşı transferlərdir. Ancaq "Qarabağ” həmişə azərbaycanlı futbolçulara güvənib. Bundan sonra da daha çox yerli gənc futbolçuları yetişdirməyə üstünlük verəcəyik.
- İsveçdə də komandanın yanında olacaqsınız?
- Əlbəttə. Ora da gedəcəyəm. Mən olmasam da, vitse-prezidentimiz Tahir Gözəl orada olacaq.