"Qarabağ” - "Gefle” matçı başa çatdıqdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirdi. Qazandıqları qələbə haqda danışan yerli mütəxəssisin fikrincə, hesabın daha böyük olmamasının əsas səbəbi futbolçularda soyuqqanlılığın çatışmaması ilə bağlı olub.
- Oyun haqda fikirlərinizi bilmək istərdik...
- Həqiqətən də, çətin qarşılaşma oldu. Ancaq belə bir matçın sonunda qələbə qazanmaq bizim üçün xoşdur. Futbolçular sona kimi qələbəyə inandılar. Belə müdafiə olunan komandaya qarşı oynamaq çətindir. Rəqib öz sahəsində sona kimi boşluq yaratmadı. Buna baxmayaraq, çoxlu 100 faizli qol imkanlarımız oldu. Komandamda soyuqqanlılıq çatışmadı. Öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Rəqib topu özündə çox rahat şəkildə saxlayırdı. Bizi İsveçdə həddindən artıq çətin oyun gözləyir. Burada rəqibimiz düşündüyümüz kimi oynadı. Səfərdə həddən artıq diqqətli olmalıyıq.
- Son oyunlarda Gelaşvilini niyə ilk dəqiqələrdən meydana buraxırsınız?
- Oyunun gedişində düşünürdüm ki, bu suallar mənə çox veriləcək. Onun karyerasına baxın, elə-belə futbolçu deyil. Gürcüstan yığmasının üzvüdür. İlk oyundan onun üstünə gedirlər. Gelaşvilinin ustalıq səviyyəsinə bələdik. Sizə bir şey deyim; 27 yaşında Stavrapol "Dinamo”suna gedəndə 8 oyun qol vurmadım. Onda azarkeşlər məni "qovmaq” istəyirdilər. Ancaq sonda 19 qolla 2-ci bombardir oldum. Hələ milliyə görə klubda 7 görüşü buraxmışdım.
- Qələbəni sizin adınıza yazmaq olar?
- Hələ formada deyiləm, uşaqlar məndən yaxşı oynayırlar (gülür).
- Start heyətində müəyyən yanlışlıqların olduğunu hiss etdiniz?
- Mən heyətdə olan futbolçulardan maksimum istifadə etdim. Reynaldonun zədəsi var idi, meydana buraxmaqda risk elədim. Həkim deyəndən sonra son 15-20 dəqiqə oynatdım. Vüqar Nadirov zədələndi, onun mövqeyində Corc Leroydan istifadə etdik və oyunu pis alınmadı. 2 cinah yarımmüdafiəçisinin olmamasını nəzərə almaq lazımdır. Muarem Muarem çoxdandır oynamırdı. Buna görə sol cinahda Ansi Aqolli yer aldı. Jumbinyonu 45 dəqiqə oynatmağı düşünmürdük. Ancaq o, yaxşı təsir bağışladı.
- "Qarabağ”ı növbəti mərhələ üçün daha şanslı sayırsınız?
- Rəqib çətin komandadır. Ancaq üstünlük bizim tərəfdədir. İlk növbədə, ona görə ki, evdə qol buraxmadıq. Qələbələrin sayını çoxaltmalıyıq ki, rəhbərlərin də futbola marağı artsın.
- Futbolçularınız oyunda "xəsislik” etmirdi ki?
- Yox, belə deməzdim. Futbolda "xəsislik” oldusa, onda oyun alınmaz. Müdafiədə boşluqlar oldu. Ancaq sonda bir-birini "sığortalayırdılar”. Səfərdə boşluqları aradan qaldırmalıyıq. Yeni transferlərə ehtiyac var. 4 dövrəlik çempionatda oynayacağıq. Üstəlik, kubok və millinin görüşlərini nəzərə almalıyıq.