Beynəlxalq Şahmat Federasiyası (FIDE) veteran şahmatçılara illik maliyyə dəstəyini artırıb.
Veteran şahmatçılara ayrılan illik vəsaitin məbləği 56 min avroya çatdırılıb. Bu ilin aprelində 35 min avro şahmatın inkişafına töhfə verən veteran idmançılar arasında bölüşdürülüb. FIDE Şurası tərəfindən təyin olunmuş xüsusi komissiyanın daha 15 min avronun veteranlar arasında bölüşdürülməsi üçün müraciətlərə baxacağı bildirilmişdi. FIDE-yə yardım üçün 30-dan artıq müraciət daxil olub.
Bununla əlaqədar, FIDE rəhbərliyi seçimləri nəzərdən keçirib və maliyyə yardımının ikinci dövrəsinin 15 min avrodan 21 min avroya qədər artırmağı qərara alıb.
Vəsait şahmatın inkişafında böyük əməyi olan, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar, məşqçilər və mütəxəssislər üçün nəzərdə tutulub.