“Olimpiya Oyunları - Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Olimpiya Oyunları - Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən “Olimpiya Oyunları - Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
MOK-dan “Olimpiya dünyası” qəzetinə bildiriblər ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Komitənin Azərbaycan idmanının, milli atletlərin təbliği və populyarlaşdırılması sahəsində çoxşaxəli fəaliyyəti haqqında danışıb. O, Olimpiya hərəkatının uğurlarının daha geniş auditoriyaya çatdırılması üçün müxtəlif istiqamətlərdə tədbirlərin, o cümlədən yazı, rəsm müsabiqələrinin keçirildiyini, Olimpiya çempionlarına həsr olunan sənədli filmlərin çəkildiyini qeyd edib. Belə tədbirlərin arasında yazı müsabiqələrinə MOK-un xüsusi önəm verdiyini qeyd edən Çingiz Hüseynzadə bunu jurnalistlərin Olimpiya hərəkatı və milli olimpiyaçıların qələbəyə gedən yolu araşdırmasına, təhlil etməsinə və Azərbaycan atletinin portretinin vətəndaşlara olduğu kimi çatdırılmasına xidmət etməsi ilə əlaqələndirib. MOK-un vitse-prezidenti bildirib: “Qalib yazıların hər üç qəhrəmanı sözün əsl mənasında qəhrəmandırlar. Dost yolda tanınar. Mən bu idmançılarla yol yoldaşı olmuşam, yarışlardan əvvəl həyəcanlarının, qalibiyyətlərinin, məğlubiyyətlərinin şahidi olmuşam. Onların vətənə, idmana olan sevgisi, yaşadıqları, həyat yolları maraqlıdır”.
MOK-un yazı müsabiqələrinə xüsusi dəyər verməsini şərtləndirən səbəblərdən biri də illər keçdikcə oxucu auditoriyası dəyişdiyi halda idmançının karyerasının davam etməsi və onların əvvəlki ilə yanaşı yeni qalibiyyətlərinin də yeni oxucu auditoriyasına çatdırılmasına imkan verməsi olduğunu deyən Ç.Hüseynzadə vurğulayıb: “Milli atletlərimiz hər dəfə yarışa çıxanda ilk olaraq, Azərbaycan bayrağını yüksəltmək, dövlət himnini səsləndirmək, daha sonra isə öz qalibiyyətləri haqda düşünürlər”.
Azərbaycan olimpiyaçılarının fədakarlığının tərənnüm etdirilməsi istiqamətində Olimpiya çempionları haqqında MOK-un təşəbbüsü ilə çəkilən sənədli filmlərin də böyük rolu olduğunu qeyd edən Çingiz Hüseynzadə hazırda inşası davam edən Milli Olimpiya Muzeyinin istifadəyə verilməsindən sonra orada Olimpiya qaliblərinin guşələrinin yaradılacağını, nümayiş olunan eksponat, material və fotoşəkillərin gələcəkdə jurnalistlərə rahatlıqla geniş məlumat almalarına imkan verəcəyini bildirib.
Yazı müsabiqəsinin qalibləri çıxış edərək Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilən yazı müsabiqəsinin, onlara araşdırma yazı hazırlamaq arzusunda olduqları idmançıları yaxından tanımaq imkanı verdiyini qeyd ediblər. Bu səpgili müsabiqələrin jurnalistin peşəkar kimi inkişafında xüsusi rolunu qeyd edən jurnalistlər, eyni zamanda, qlobal koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar elan edilmiş karantin rejimi şəraitində qələm sahiblərinə əlavə dəstək və stimul olduğunu bildiriblər.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev onun haqqında mətbuatda yazıların çox olmasına baxmayaraq, müsabiqəyə təqdim olunmuş məqalənin xüsusi yeri olduğunu, boksçular, Olimpiya oyunları mükafatçıları Fuad Aslanov və Şahin İmranov onlar haqqında məqalələrin yazı müsabiqəsinin qalibləri arasında olmasından sevinc duyduqlarını qeyd ediblər.
Tədbirin sonunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyəti Sənan Abdullayevin (Xəzərxəbər.az) boksçu Fuad Aslanova həsr olunmuş “Afina kəşfiyyatçısı” yazısını birinci yerə layiq görüb. Sahib Əsədbəylinin (Kaspi.az) cüdoçu İlham Zəkiyevlə bağlı “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” və Səbuhi Musayevin (Oxu.az) Şahin İmranova həsr olunmuş “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazıları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Jurnalistlərə, müvafiq olaraq, 500, 300 və 200 manat məbləğində pul mükafatları, eləcə də diplomlar təqdim olunub.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə milli olimpiyaçıların mübariz və cəsarətli addımları ilə qalibiyyətə gedən həyat yolu haqqında yazdıqları yazılara görə müsabiqədə iştirak edən bütün jurnalistlərə təşəkkürünü bildirib, onlara çətin və məsuliyyətlə işlərində uğurlar arzulayıb.