Türkiyə Qran-Prisi yenidən Formula 1 təqviminə salınıb. Avqustun 25-də Formula 1 cari mövsümün sonuncu dörd mərhələsinin vaxtını və yerini açıqlayıb. Formula 1 Türkiyə Qran-Prisi noyabrın 13-15-də “İstanbul Park”da təşkil olunacaq.
İki həftə sonra yarış Bəhreyndə davam etdiriləcək. Sahir trasında iki yürüş keçiriləcək. Bəhreyn Qran-Prisi noyabrın 27-29-na, Sahir Qran-Prisi isə dekabrın 4-6-na təsadüf edəcək. On yeddi mərhələdən ibarət dünya çempionatına dekabrın 11-13-də Əbu-Dabi yarışı ilə yekun vurulacaq.
Qeyd edək ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilməyib.
Formula 1 Türkiyəyə qayıdır