Çingiz Hüseynzadə: “Yay Olimpiya Oyunlarının vətəni Afina şəhəri sayılırsa, Avropa Oyunlarının vətəni də Bakı şəhəri olacaq"

Çingiz Hüseynzadə: “Yay Olimpiya Oyunlarının vətəni Afina şəhəri sayılırsa, Avropa Oyunlarının vətəni də Bakı şəhəri olacaq"


2012-ci il Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə "İdman ili" elan olundu. Sərəncamdan irəli gələn tələblərə atletlərimiz yüksək şəkildə əməl etdilər. Ötən ilin ən mötəbər yarışlarından olan XXX London Yay Olimpiya Oyunlarında təmsilçilərimiz tarixi qələbə qazanaraq 10 medal əldə etdilər. Olimpiya yığmamız dünya miqyasında 30-cu, Avropa ölkələri arasında 15-ci yerə layiq görüldü. Ötən ilin əlamətdar hadisələrindən biri də dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə Avropa Oyunlarının keçirilməsi barədə qərarın qəbul edilməsi oldu. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var idi. Belə ki, səsvermə nəticəsində Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edildi. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs toplayan Bakı ev sahibliyi hüququnu əldə etdi. Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Departamentinin direktoru İlham Mədətov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil edirdi.
Ölkəmizdə belə bir mötəbər idman tədbirinin təşkili, sözsüz ki, bütün mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir və xalqımız tərəfindən sevinclə qarşılanır. Bu münasibətlə xalqımızı təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında ilk Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə və ölkəmizin böyük uğuru kimi səciyyələndirdi.
Artıq ölkəmizdə Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi də yaradılıb. Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək Avropa Olimpiya Oyunlarının ölkəmizdə təşkili, oyunlara hazırlığın gedişi, bununla bağlı paytaxtımızda görüləcək işlər və s. barədə müsahibə aldıq.

- Çingiz müəllim, Avropa Olimpiya Oyunları 2015-ci ildə ölkəmizdə keçiriləcək. Birinci dəfə təşkil olunan belə bir mötəbər idman tədbirinə Bakı şəhərinin ev sahibliyi etməsi təşəbbüsü necə yarandı?
- Neçə illərdir idi ki, Avropada Avropa Oyunlarının keçirilməsi məsələsi müzakirə olunurdu. Bu oyunların keçirilməsi ilə bağlı müxtəlif mübahisələr olurdu, müsbət fikirlər də var idi, mənfi fikirlər də. Qeyd olunurdu ki, digər qitələr öz oyunlarını keçirirlər. Təkcə Avropa qitəsində bu oyunlar təşkil olunmur. Bunu müxtəlif səbəblərlə əlaqələndirirdilər. Bir çoxları Olimpiya oyunlarını Avropa Oyunları kimi qiymətləndirirdi. Bunu Olimpiya oyunlarının Avropada yaranması ilə əsaslandırırdılar. Çoxları deyirdi ki, elə lap əvvəldən Olimpiya oyunlarında, əsasən, avropalılar iştirak ediblər və son dövrlərədək Olimpiya oyunlarında medalların əksəriyyətini də avropalılar qazanıblar. Amma son olimpiadalarda məlum oldu ki, vəziyyət heç də Avropa üçün yaxşı deyil. Londonda keçirilən Olimpiya oyunlarında məlum oldu ki, Avropa ölkələrinin təmsilçiləri medalların təxminən 48 faizini qazanıblar. Medalların 50 faizindən çoxunu isə digər qitələrin təmsilçiləri əldə ediblər. Bundan sonra, əlbəttə ki, Olimpiya oyunlarını sırf Avropa Oyunları kimi qiymətləndirmək düzgün olmazdı. London Olimpiadasından sonra bu məsələ daha çox müzakirə olunmağa başladı. İki il bundan öncə Avropa Olimpiya Komitəsi Avropa ölkələrinə bu qitədə oyunların keçirilməsi ilə bağlı məktubla müraciət etdi. O zaman Azərbaycan bu oyunların keçirilməsini dəstəklədi və biz hətta oyunların Bakıda keçirilməsi haqqında öz fikirlərimizi də bildirdik. Bütün bu müzakirələr öz müsbət həllini tapdı və nəhayət, Avropa Oyunlarının keçirilməsi və bu oyunların 2015-ci ildə təşkili qərara alındı. Bundan sonra Avropa Olimpiya Komitəsi bir çox ölkələrə bu oyunların keçirilməsi ilə bağlı müraciət etdi. Bu müraciətdən sonra biz oyunları keçirmək istədiyimizi bildirdik və Avropa Olimpiya Komitəsi ilə danışıqlar başlandı. Uzun müddətli danışıqlar prosesi zamanı Avropa Olimpiya Komitəsinin komissiyası Bakıya gəldi və paytaxtımızdakı şəraitlə tanış oldu. Keçən il dekabrın 8-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Avropa Oyunlarının keçirilməsi qərara alındı. Səsvermənin nəticələrinə görə, bu oyunların 2015-ci ildə Bakıda təşkili təsdiqləndi. Assambleyada bütün Avropa ölkələri iştirak edirdi.

- Bakı ilə yanaşı, Avropa Olimpiya Oyunlarını keçirməyə namizəd daha hansı şəhərlər var idi və Avropa Olimpiya Komitəsi seçim zamanı hansı meyarları əsas götürmüşdü?
- Bu oyunların keçirilməsi ilə bağlı qərar qısa müddət ərzində verildiyinə görə bununla bağlı seçim elan olunmamışdı. Sadəcə, hansı şəhərin daha çox hazırlıqlı olduğu nəzərə alınmışdı. Qeyd etdiyim kimi, Avropa Olimpiya Komitəsinin komissiyası paytaxtımıza səfər etmişdi. Bundan başqa, məlum olduğu kimi, biz 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün öz Sifariş kitabımızı hazırlayıb Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmişdik. Yəni Avropa Olimpiya Komitəsində və dünyanın Olimpiya komitələrində Bakı haqqında geniş təsəvvürlər var idi. Olimpiada-2016 və 2020-nin Sifariş kitablarında biz Bakının bütün imkanlarını göstərmişdik və Olimpiya komitələrinin nümayəndələrində belə bir tədbirin Bakıda keçirilməsinin mümkünlüyü ilə bağlı təsəvvür yaranmışdı. Digər bir məqam isə Avropa ölkələrində yaranan iqtisadi böhranla bağlı idi. Bildiyiniz kimi, bir çox Avropa ölkələrində iqtisadi böhran yaşanır və hətta 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına namizəd olan İspaniya bu səbəbdən öz namizədliyini geri götürdü. İqtisadi böhran şəraitində belə bir oyunların keçirilməsi çox çətin məsələdir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir və Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün ölkəmizdə hər cür şərait var.

-Çingiz müəllim, Avropa Olimpiya Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsini necə dəyərləndirirsiniz? Sizcə, bu oyunların təşkili Azərbaycana nə verəcək?
- Sözsüz ki, mən Avropa Olimpiya Oyunlarının təşkilini müsbət dəyərləndirirəm. Bu, Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisədir. Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ölkəmizə öz müsbət təsirini göstərəcək. Adətən, hər hansı Olimpiya oyunlarını keçirən şəhər yüksək inkişafa nail olur. İnkişaf etmiş böyük dövlətlərin Olimpiya oyunlarına ev sahibliyi uğrunda necə həvəslə mübarizə apardıqlarının şahidi olmuşuq. Olimpiya oyunlarını təşkil etmək üçün hər dəfə dünyanın ən böyük şəhərləri mübarizəyə qoşulurlar. Bu ölkələr mubarizəni elə-belə aparmırlar. Onlar bilirlər ki, bu oyunların keçirilməsi şəhərə böyük xeyir gətirir. London Olimpiadası Londonun, bir növ, simasını dəyişdi. Bu şəhərin inkişafdan qalmış yerlərində yeni Olimpiya obyektlərinin tikilməsi İngiltərə paytaxtının inkişafına çox böyük təsir göstərdi. 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları da Bakının bir şəhər kimi infrastrukturuna çox böyük təsir göstərəcək. Bu oyunların təşkili Azərbaycanda həlli vacib olan məsələlərin ortaya çıxmasına şərait yaradacaq. Ona görə də belə bir oyunların təşkilinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Əlbəttə ki, Azərbaycanın daxili və xarici siyasətinin bir hissəsini idman siyasəti təşkil edir. Avropa Olimpiya Oyunlarının təşkili Azərbaycanın Avropadakı mövqeyini gücləndirəcək, ölkəmizin nüfuzunu qaldıracaq. Bu oyunların ölkəmizdə keçirilməsi yerli əhalinin də marağına səbəb olacaq. İnsanlar ölkəmizdə bu oyunların keçirilməsinin tərəfdarıdırlar və bu oyunların keçirilməsini dəstəkləyirlər. Bu olimpiada, eyni zamanda, çoxlu turistlərin Azərbaycana gəlməsinə də səbəb olacaq. Bu oyunlardan sonra Azərbaycan böyük bir turizm mərkəzinə çevriləcək. Ümumiyyətlə, bunun müsbət tərəflərini saymaqla qurtarmaq olmaz. İdmanın tərəqqisi baxımından da Avropa Olimpiya Oyunlarının təşkili ölkəmizə xeyir verəcək. Azərbaycanda bütün idman obyektləri beynəlxaq səviyyəyə çatdırılacaq, idman infrastrukturu möhkəmləndiriləcək. Oyunların təşkili üçün bu gün bizdə olmayan yeni idman avadanlıqları ölkəmizə gətiriləcək və quraşdırılacaq. Azərbaycanda inkişaf etməmiş idman növlərinin inkişafı başlayacaq. Çünki biz ev sahibi kimi oyunların proqramında olan bütün idman növlərində iştirak edəcəyik və bu baxımdan həmin növlərdə də idmançılarımızı hazırlamalıyıq. Bütün bunlar Azərbaycan idmanının inkişafına böyük təkan verəcək.

- Çingiz müəllim, Avropa Olimpiya Oyunlarının təşkili ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Oyunlara hazırlıq işləri necə gedir?
- Xatırladım ki, dekabrın 8-də Romada Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul olunduqdan sonra başqa bir mərasim keçirildi. Bu mərasimdə Avropa Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında müqavilə imzalandı. Avropa Olimpiya Komitəsi tərəfindən bu müqaviləni Patrik Hikkey, Azərbaycan Milli Olimpiya Komitəsinin adından mən, Azərbaycan dövlətinin adından isə gənclər və idman naziri Azad Rəhimov imzaladıq. Müqaviləyə əsasən, oyunların keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yanvar ayında yaradılmalı idi. Qeyd edim ki, mart ayının ortalarına kimi bu oyunların proqramı təsdiq olunmalıdır. Proqramda olimpiadanın hansı idman növləri üzrə keçirilməsi məsələsi yer alacaq. Bizdə həmin idman növləri ilə bağlı ümumi bir təsəvvür var. Amma bu, rəsmi şəkildə təsdiq olunmayıb. Eyni zamanda, oyunların təsnifat sistemi də hələ bəlli deyil. Yarışda neçə komanda, idmançı iştirak edəcək, atletlər hansı yarışlarda iştirak etməklə olimpiadaya qatılmaq hüququ qazanacaqlar? Bu məsələlər hələ tam müəyyən olunmadığına görə biz hazırlıq prosesinə tam başlaya bilmirik. Mart ayında bu məsələlər həllini tapandan sonra hazırlıq prosesinə tam olaraq başlanılacaq. Əlbəttə ki, bütün bunlara baxmayaraq, həlli vacib bəzi məsələlər var və onların üzərində iş gedir. Obyektlərin lazımi səviyyəyə çatdırılması, yeni obyektlərin tikilməsi ilə bağlı işlər davam etdirilir. Hazırda paytaxtımızda Olimpiya stadionu, su idman növləri üçün kompleks, gimnastika kompleksi tikilir. Qeyd edim ki, Təşkilat Komitəsinin nəzdində müəyyən strukturlar yaranacaq. Hazırda həmin strukturların yaradılması prosesi həyata keçirilir. Oyunların işıqlandırılması, təhlükəsizlik, ekologiya, qonaqların qəbul edilməsi, yerləşdirilməsi, nəqliyyat, qidalanma, biletlərin satışı, zalların azarkeşlərlə təmin olunması və bu kimi bir çox məsələlərin həlli ilə xüsusi qruplar məşğul olacaqlar. Sözsüz ki, bizə bu işdə kömək etmək üçün xarici mütəxəssislər dəvət olunmalıdırlar. Bəzi işlərin görülməsi üçün məhz Olimpiya oyunlarında təcrübəsi olan, Olimpiya oyunlarında işləmiş mütəxəssisləri cəlb edəcəyik. Bununla bağlı da işlər davam etdirilir. Artıq bir sıra xarici mütəxəssislər öz işlərini bizə təqdim ediblər.

- Avropa Olimpiya Oyunlarında iştirak edəcək idmançıların sayında məhdudiyyətlər olacaqmı? İştirakçıların sayı ilə bağlı konkret rəqəm varmı?
- Bununla bağlı bəlli rəqəm, hələ ki, yoxdur. Qeyd etdiyim kimi, bütün bunlar Avropa Olimpiya Oyunlarının proqramı təsdiqlənəndən sonra müəyyənləşəcək. Məsələn, yay Olimpiya oyunlarının proqramı, yarışların keçirilmə qaydaları dəqiq müəyyən olunduğu üçün olimpiada iştirakçılarının sayı da əvvəlcədən məlumdur. Avropa Olimpiya Oyunlarında yarışların, təxminən, 15 idman növü üzrə keçirilməsi ilə bağlı razılıq var. Burada əsas nüans ondan ibarətdir ki, oyunlar Avropa Olimpiya Komitəsinin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən keçirilsə də, proqrama daxil ediləcək idman növləri üzrə yarışlar beynəlxalq və Avropa federasiyaları tərəfindən təşkil ediləcək. İlk növbədə, federasiyalar Avropa Oyunlarında iştirak etmək istədiklərini bildirməlidirlər. Hazırda müxtəlif federasiyalarla danışıqlar aparılır. 13 federasiya artıq öz razılığını verib. İdman növlərinin sayı müəyyənləşəndən sonra idmançıların və komandaların sayı bilinəcək.

- Bəs ev sahibi kimi hər hansı bir idman növünün proqrama salınması ilə bağlı ölkəmizin istəyi nəzərə alınacaqmı?
- Bununla bağlı öz təkliflərimizi vermişik. Bizim proqrama salınmasını istədiyimiz idman növləri var. Amma həmin növlər üzrə Avropa federasiyalarının razılığı da vacibdir. Hazırda Avropa Olimpiya Komitəsi tərəfindən federasiyalarla danışıqlar aparılır. Yarışların təşkilinə birbaşa olaraq federasiyalar cavabdehlik daşıyır. Çünki yarışlar həmin federasiyaların qaydaları əsasında keçirilir. Adətən, federasiyalar yarışları hakimlərlə təmin edir, yarışların keçirildiyi qurğuların hansı vəziyyətdə olduğunu müəyyənləşdirir. Onu da qeyd edim ki, hansısa idman növünun proqrama salınmasını istəmiriksə, biz ev sahibi kimi buna etiraz edə bilərik. Avropa Oyunlarının proqramına Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də salınması nəzərdə tutulur. Əgər oyunların proqramı 15 Olimpiya idman növü ilə dolarsa, ola bilər ki, qeyri-Olimpiya idman növlərinə 16-cı idman növü kimi əlavə yer verilsin. Təsnifat yarışlarının təşkili də müxtəlif növlər üzrə federasiyalara aiddir. Hər hansı federasiya Avropa çempionatını təsnifat yarışı kimi də keçirə bilər. Düzdür, elə federasiyalar var ki, onlar hər il Avropa çempionatı keçirmir. Belə olan halda təsnifat yarışı qismində əlavə turnirlər təşkil edilə bilər. Hətta ola bilər ki, Avropa Olimpiya Komitəsi idmançıların seçimini təsnifat yarışları üzrə deyil, reytinq üzrə müəyyənləşdirsin. Belə bir təcrübə artıq var. Xatırladım ki, iki ildən bir keçirilən yeniyetmələrin Avropa Olimpiya festivallarında idmançıların seçimi reytinq üzrə aparılır.

- Çingiz müəllim, ölkəmiz üçün ənənəvi olmayan idman növlərinin inkişafı üçün hansı işlər görüləcək? Bu idman növlərində legioner idmançılardan istifadə olunacaqmı?
- İdmançıların hazırlıq prosesi ilə birbaşa federasiyalar məşğul olacaqlar. Bəzi növlərdə komandalar legioner idmançılarla gücləndirilə bilər. Məsələn, bu gün bizdə reqbi komandaları var. Amma Azərbaycanda reqbi oynamaq üçün şərait yoxdur. Əgər bu növ proqrama salınsa, idmançıların məşq etmələri üçün şərait yaradılacaq, komandanın hazırlanması üçün də vaxt olacaq. Yarışların keçiriləcəyi dövrə kimi komanda normal şəkildə hazırlıq prosesi keçəcək. Amma ehtiyac duyularsa, federasiyalar tərəfindən legionerlər də dəvət olunacaq. Bu gün bütün dünyada idman industriyasında legioner məsələsi var. Bütün ölkələrdə idmançıların mübadiləsi prosesləri həyata keçirilir. Sözsüz ki, ehtiyac olarsa, bu proseslər qanun çərçivəsində həyata keçiriləcək. Qeyd edim ki, yay Olimpiya oyunlarında legionerlərin yarışlarda iştirakı məsələsi xüsusi qayda-qanunla tənzimlənir. Beynəlxalq federasiyaların isə öz qaydaları var. Hər hansı idmançının digər ölkənin komandasının tərkibində Yay Olimpiya oyunlarında iştirakı üçün, ən azı üç il həmin ölkədə yaşaması vacib şərtdir. Ancaq istisna hallarda, Olimpiya komitələri arasındakı razılığa əsasən legioner idmançı həmin ölkədə üç il yaşamadan da olimpiadada iştirak edə bilər. Amma dünya çempionatlarında iştirak zamanı legioner idmançılarla bağlı belə bir problem yaranmır. İlk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarında tətbiq olunacaq qaydalar gələcək oyunlara da şamil olunacaq.

- Çingiz müəllim, adətən, Olimpiya oyunları əsrarəngiz açılış mərasimləri ilə idmansevərlərin yaddaşında qalır. İlk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının açılış mərasiminin təşkili hansı rejissora həvalə olunacaq?
- Açılış mərasiminin yüksək səviyyədə keçirilməsi üçün xaricdən mütəxəssislər dəvət olunacaq. Hazırda London Olimpiya Oyunlarının açılış mərasiminin müəllifləri ilə də danışıqlar gedir. Bundan başqa, digər yüksək səviyyəli tədbirlərin rejissorları və ssenaristləri ilə də söhbətlər aparılır.

- Çingiz müəllim, bəs Olimpiya kəndinin hazır vəziyyətə gətirilməsi üçün hansı işlər həyata keçirilir?
- Metronun Koroğlu stansiyasının yanında qəsəbə tipli yer var. Orada tikilən binalar özəl təşkilatlara məxsusdur. Təşkilat rəhbərləri ilə danışıqlar aparılıb və birinci kompleksdə idmançıların yerləşdirilməsi qərara alınıb. Bu kompleksdə idmançıların yerləşdirilməsi üçün kifayət qədər yer var. Bizim hesablamalarımıza görə, Olimpiya kəndində 7000 nəfəri yerləşdirmək mümkündür. Hazırda orada təmir işlərinə başlanıb. Mənzil tipli binalar olduğuna görə evlərin Olimpiya kəndi normalarına cavab verən şəklə salınması üçün işlər aparılır.

- Necə düşünürsünüz, Çingiz müəllim, Sizcə, ölkəmizdə təşkil olunacaq ilk Avropa Olimpiya Oyunlarının özünəməxsusluğu nədə olacaq?
- Bu Oyunların rəsmi adı Avropa Oyunlarıdır. Bu oyunlar ilk dəfə keçiriləcək. Oyunların özünəməxsusluğu elə adından da bəllidir. İllər, yüzilliklər, minilliklər boyu Avropa oyunları davam edərsə, həmişə Bakıda keçiriləcək ilk Avropa oyunlarına istinad olunacaq. Yay Olimpiya oyunlarının vətəni Afina şəhəri sayılırsa, Avropa Oyunlarının vətəni də Bakı şəhəri olacaq. Bundan böyük özünəməxsusluq ola bilməz. Qalan məsələlərə gəlincə, biz, bir növ, mədəni olimpiada təşkil etməyə çalışacağıq. Avropa Olimpiya Oyunları zamanı ölkəmizdə çox geniş mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər çərçivəsində Azərbaycanın adət-ənənələrini, mentalitetini nümayiş etdirən mədəni proqramlar həyata keçiriləcək. Əcnəbi qonaqlara Azərbaycan mətbəxi, Azərbaycan mədəniyyəti, Bakının gözəlliyi, İçəri Şəhərin qədimliyi nümayiş etdiriləcək. Bu vaxtadək ölkəmizə gələn qonaqlar Azərbaycandan razı gediblər. İnanıram ki, bu oyunlar zamanı ölkəmizə səfər edən qonaqlar da razı qalacaqlar.