«Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim»

«Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim»

Bu yaxınlarda Şuşa Uşaq Gənclər İdman - Şahmat Məktəbinin direktoru Əbülqasım Novruzovun yeni kitabı işıq üzü görüb. Kitab XX əsrdə yaşamış məşhur şuşalı, futbol üzrə beynəlxalq dərəcəli hakim Tofiq Bəhramova ithaf olunub. “Şuşalı laynsman Tofiq Bəhramov” adlı kitabda Azərbaycanın futbol tarixindən, keçmiş SSRİ-də və beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında layiqincə hakimlik etmiş və DÇ-1966-nın finalında İngiltərə kraliçası tərəfindən "Qızıl fit" və "Qızıl İlahə"nin kiçik model mükafatını almış Tofiq Bəhramov haqqında maraqlı məlumatlar yer alıb.
Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu müəlifin işıq üzü görmüş sayca altıncı kitabıdır. Buna qədər “Suşanın idman tarixi və idmançıları”, “Şuşa futbolu”, “Şuşalı Qaçay pəhləvan”, “Şuşada voleybolu sevirdilər”, Şuşalı güləşçilər” kitabları müxtəlif illərdə oxuculara təqdim edilib.
Bu kitablar 2015, 2017 və 2019-cu illərdə ilin mükafatlara layiq görülüb.  
Müəllif kitab haqqında fikirlərini “Olimpiya dünyası” qəzetinə bildirib.  
“Mən bir şuşalı kimi Şuşanın idman tarixindən bəhs edən kitabların müəllifiyəm. Müxtəlif illərdə bir sıra qəzet və jurnallarda Şuşa idmanı haqqında 120-ə yaxın məqaləm çapdan çıxıb. Bildiyiniz kimi, Tofiq Bəhramov da Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinin “Çuxur” məhəlləsində anadan olub. Onun uşaqlıq illəri Şuşada keçib. Sonra o, atasının işləri ilə əlaqədar olaraq, əvvəlcə Ağdama, bir qədər vaxtdan sonra isə Bakıya köçməli olmuşdur. Mən də bir şuşalı kimi, dünya şöhrətli futbol hakimi Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim. Oxucular bu kitabda Tofiq Bəhramov haqqında xatirələr, Şuşanın Cıdır düzündən İngiltərənin “Uembli” stadionunadək olan çıxışlarından bəhs edən məlumatlar yer alıb. Kitabda həmçinin onun həyat və yaradıcılığından, futbola olan böyük marağından və təsadüf nəticəsində futboldan hakimliyə keçməsi haqqında da məlumatlar əldə etmək olar. Tofiq Bəhramov yeganə azərbaycanlı futbol hakimidir ki, dünyanın 52 ölkəsində yaşıl meydanlarda hakimlik edib və 1 dəfə də olsun heç bir futbolçuya qırmızı vərəqə göstərməyib. Eyni zamanda o, 2 dünya çempionatının final yarışlarında hakimlik edib”, - deyə kitabın müəllifi bildirib.
Qeyd edək ki, Əbülqasım Novruzov müxtəlif illərdə “Azərbaycanın Bədən Tərbiyəçisi və İdman əlaçısı” döş nişanı, “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalı ilə təltif olunub.