7 boksçumuz 1/4 finalda

7 boksçumuz 1/4 finalda


Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında keçirilən Avropa birinciliyində 1/4 finalçılar məlum olub. Ötən gün Azərbaycan milli komandasının daha 7 üzvü rinqə çıxıb. Onlardan beşi öz döyüşlərini qələbə ilə başa vurub. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Bolqarıstan idmançısı Duşko Mixaylov üzərində qələbə qazanaraq, 1/4 finala yüksəlib. Həmyerlimizin növbəti rəqibi fransalı Samuel Kistourri olacaq.
Nəsrəddin Məmmədov da (56 kq) komanda yoldaşnın uğurunu davam etdirib. Onun Çexiyanı təmsil edən erməni əsilli Erik Aqatelyan üzərində qələbəsi əlamətdar olub. Millimizin üzvü 1/4 finalda rumıniyalı Fredi Nikusorla üz-üzə gələcək. .
Valeh Ramazanov isə mübarizəni 1/8 finalda dayandırıb. O, Bosniya və hersoqovinalı Adam Fetahoviçə uduzub.
Cavid Quliyev də (64 kq) 1/4 finala yüksələnlər arasındadır. Quliyev bolqarıstanlı Zdravko Popovu mübarizədən kənarlaşdırıb. Boksçumuz növbəti döyüşünü Rumıniya nümayəndəsi Vizana qarşı keçirəcək.
Nəbi Bağırov (75 kq) 1/8 finalda Rumıniya təmsilçisi Mixail Adrianı məğlub etsə də, 1/4 finalda onu gərgin görüş gözləyir. Boksçumuz yarımfinala vəsiqə qazanmaq üçün rusiyalı Aleksandr Aqafonovu üstələməlidir.
81 kq çəki dərəcəsindəki təmsilçimiz Rahil Məmmədli də 1/4 finaldadır. Yığmamızın üzvü türkiyəli Rəsul Kuçukla mübarizədən qalib ayrılıb. Rahilin 1/4 finaldakı rəqibi erməni Henrik Sarqisyan olacaq.
Sadiq Səmədov (91 kq) isə Avropa birinciliyində keçirdiyi ilk görüşdə uduzub. O, yerli boksçu Tomas Oumenə məğlub olub.
Qeyd edək ki, 10 boksçumuzdan hələ ki 3-ü mübarizəni dayandırıb. Digər 7 idmançımız isə 1/4 final mərhələsinə vəsiqə qazanıb.