Çingiz Hüseynzadə: Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparır

 Çingiz Hüseynzadə: Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparır

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb.
Görüşdə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Azərbaycanın hazırda torpaqlarının azadlıq müharibəsi dövrünü yaşadığını deyib.
Bildirib ki, 30 ildir münaqişənin həllinə dair məsələ beynəlxalq təşkilatların masasının üstündə idi. Danışıqlar prosesində fəal iştirak edən Azərbaycan üçün sülh prosesi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə bitdi.
“Biz ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparırıq”, - deyən Ç.Hüseynzadə Azərbaycanın məsələni beynəlxalq hüquq və prinsiplər çərçivəsində həll etdiyini bildirib. Dünya ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdıran MOK rəsmisi Yaponiya hökuməti və xalqının ədalətin və sülhün tərəfində olduğunu da qeyd edib.
Səfir Yaponiya ilə Azərbaycanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki dövlət arasında səmərəli əlaqələrin mühüm rolunu qeyd edib. O, sülhsevər dövlət olan Yaponiyanın məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına ümid etdiyini bildirib. Tərəflər Yaponiya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iqtisadi, siyasi və digər sahələrlə yanaşı, idman əlaqələrinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə bundan sonra “Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində aparılacaq qarşılıqlı əməkdaşlıq imkanlarına dair müzakirələr də aparılıb.