Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə ali qurumun Büro Üzvlərinin əsas müzakirə mövzusu dekabrda keçirilməsi nəzərdə tutulan dünya çempionatı olub. UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi iclasın yekununda mundialın təşkilinin mümkünsüz olduğu qənaətinə gəlinib.
Buna səbəb dünya çempionatı üçün tələb olunan 70 faiz iştirakçı limitinin dolmamasıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatında iştirak etməyəcəyini bildirib.
Bu səbəbdən qərara alınıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi Dünya Kuboku keçirilsin. Belə ki, güləşin hər üç növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq.
Qeyd edək ki, bu, güləş tarixində ilk belə yarış olacaq.
Dünya çempionatı ləğv olundu