Respublikamızda idmanın inkişafında bir sıra idman ocaqlarının, Olimpiya idman komplekslərinin, klubların və idman cəmiyətlərinin müstəsna rolu var. Ölkə idmançılarının yüksək nailiyyətlər qazanmasında xidmətləri olan idman klublarından biri də "Rabitə” idman klubudur. Bu idman ocağın yetirmələri dəfələrlə ölkədaxili və beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutaraq Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, himnini səsləndiriblər. Son illərdə bu klubun respublikamızın bir sıra şəhər və qəsəbələrində filialları da yaradılıb. Bu mərkəzlərdə yetişən idmançılar müxtəlif yarışlarda iştirak edirlər. "Rabitə” İK-də güləş, cüdo, taekvondo ilə yanaşı, boks idman növünün də sirləri yeniyetmə və gənc idmançılara öyrədilir.

Klubun Sumqayıt filialında bu baxımdan bir sıra işlər görülür. "Rabitə” idman klubunun boksçuları məşqçi Mahir Əliyevin rəhbərliyi altında bu idman növünün incəliklərinə yiyələnirlər. Bu barədə ətraflı məlumat əldə etmək üçün boks üzrə komandanın məqçisi Mahir Əliyevlə görüşdük. Mahir müəllim klubda fəaliyyət göstərən idmançıların hazırlıq səviyyəsi ilə bağlı məlumat verdi. "Mən özüm boksla kiçik yaşlarımdan məşğulam. Demək olak ki, ömrümün 35 ilini bu idman növünə həsr etmişəm. Bu idmanla tanışlığım isə Astara boks məktəbində məşqçim Hacışirin Şərifovun sayəsində olub. Dəfələrlə Azərbaycan çempionatlarında iştirak etmişəm. 18 yaşımdan sonra isə Ukraynaya köçdüm. Bir müddət Ukraynanın Donetsk vilayətində məşqçi kimi fəaliyyət göstərmişəm. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin dəvəti ilə 2006-cı ildə Azərbaycana gəldim. Elə həmin ildən də "Rabitə” idman klubunun Sumqayıt filialında boks üzrə komandanın baş məşqçisi kimi fəaliyyət göstərirəm. Hazırda klubda iki qrup var və həmin qruplarda 20-yə yaxın yeniyetmə və gənc boksçular bu idman növünün incəliklərini öyrənirlər. Filialımızda 1988-2005-ci illər təvəllüdlü uşaqlar məşq edirlər”, - deyə baş məşqçi məlumat verdi.

Qeyd edək ki, hazırda boks üzrə yığma komandanın heyətində çıxış edən Elnur Əliyev, Məftun Əhmədov və Murad Abbasov "Rabitə” İK-in Sumqayıt filialının yetirmələridir. Filialın üzüvləri Murad Abbasov, Məftun Əhmədov, Pərviz Hüseynov, Rauf Ağazadə, Ramil Zenalov, Elnur Əliyev və digər boksçular həm ölkədaxili, həm də beynəlxalq yarışlarda yüksək nəticələrlə yadda qalıblar. Murad Abbasov yeniyetmələrin VII respublika oyunlarında 72 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə layiq grülüb. O, həmçinin Azərbaycan çempionatının da ardıcıl olaraq iki dəfə qalibi adını qazanıb. Filialın dəri əlcək ustası Elnur Əliyev "Böyü ipək yolu” turnirində 60 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. O, 7 dəfə (2001-2008) Azərbaycan çempionatının qalibi adına layiq görülüb. İstedadlı boksçu bir neçə dəfə isə "Prezident kuboku”nu da qazanıb. Elnur Əliyev 2006-cı ildə Albaniyada, 2007-ci ildə Bakıda, 2009-cu ildə isə Polşada təşkil odlunan dünya çempionatlarında gümüş və bürünc mükafatlara sahib olub. Hazırda o, avqust ayında Çeçenistanda keçiriləcək beynəlxalq turnirə hazırlaşır.
"Buyaxınlarda Baləkəndə yeniyetmələr arasında respublika oyunları keçirildi. Həmin yarışda iştirak edən "Rabitə” idman klubunun yetirməsi Məftun Əhmədov 68 kq çəki dərəcəsində Azərbaycan çempionu adını qazandı. İdman məktəblərinin VI respublika oynlarında isə yetirməm Ramil Zeynalov gümüş medala layiq görüldü. Onu da deyim ki, nailiyyətlərimizin əldə olunmasında bizim üçün yaradılan şəraitində mühüm rolu var. Boksçularımız Sumqayıt şəhərindəki 1 saylı Uşaq - Gənclər İdman Məktəbində məşq edirlər. Burada hər cür şərait var. Fikrimcə, gənc idmançılar onlara yaradılan bu şansdan layiqincə yararlanmalıdırlar. Ölkəmizdə idmana və idmançılara diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, atletlərimiz beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edirlər”, - deyə Mahir müəllim əlavə etdi.
Baş məşqçi yeniyetmə və gənclərin boksa cəlb olunması barəsində də danışdı: "Respublikamızda istedadlı gənclər çoxdur. Lakin onların bir çoxu, təəssüf ki, idmanla məşğul olmurlar. İstedadlı gəncləri seçib kluba cəlb etmək üçün müəyyən qəsəbələrdə, kəndlərdə yerləşən orta məktəblərə müracət edirik. Çalışırıq ki, burada təhsil alan şagirdləri kiçik yaşlarından idmana gətirək. Bəzən onların bir qismi müəyyən müddətdən sonra boksdan uzaqlaşırlar. Əsl peşəkar idmançı olmaq üçün isə, bunlar yolverilməzdir. İdmançı gərək hər gün öz üzərində çalışsın. Əgər idmançıda istək və cəsarət yoxdursa, heç bir məşqçi onu çempion kimi yetişdirə bilməz. Hesab edirəm ki, idmanla məşğul olan gənclərdə, ilk növbədə, cəsarət və istək olmalıdır”.
"Rabitə” İK-in Sumqayıt filialında boks üzrə məşqlər xüsusi proqram əsasında keçirilir. Burada idmançıların fiziki hazırlığı ilə yanaşı, onların psixoloji hazırlığına da ciddi fikir verilir. Təcrübəli məşqçi Mahir Əliyevin fikrincə, idmançı fiziki cəhətdən nə qədər güclü olursa- olsun, onun psixologiyasında yaşanan problemlər özünü rinqdə mütləq mənfi tərəfdən büruzə verəcək.
Azər Əlizadə