“Qarabağ” Avropa Liqasında ilk xalını qazandı

“Qarabağ” Avropa Liqasında ilk xalını qazandı

“Qarabağ” klubu UEFA Avropa Liqasında V tur matçına çıxıb. Azərbaycan təmsilçisi Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. İrlandiyalı referi Robert Hennessinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Heyətdəki zədə və koronavirusa yoluxmalar səbəbindən Ağdam təmsilçisi oyuna itkilərlə çıxıb. Baş məşqçi Qurban Qurbanovun iştirak etmədiyi qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi 6 futbolçu yer alıb ki, onlardan 2-si qapıçı olub. Oyunda hesabı qonaqlar matçın 22-ci dəqiqəsində açıb. Yonatan Koen hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Qoldan sonra irəli atılan ağdamlılar oyunun 37-ci dəqiqəsində hesaba tarazlıq gətiriblər. Abdulla Zubirin ötürməsindən sonra Xayme Romero adını tabloya yazdırıb. Bu nəticədən sonra “Qarabağ” UEFA Avropa Liqasında ilk xalın qazanıb. Paralel keçən oyunda “Sivasspor” klubu “Vilyareal” (İspaniya) komandasını qəbul edib. Görüş qonaqların minimal hesabla qələbəsi ilə yekunlaşıb. Beş turdan sonra I qrupa 13 xalla İspaniyanın “Vilyareal” komandası başçılıq edir. Təl-Əviv təmsilçisi 8 xalla ikinci, “Sivasspor” klubu 6 xalla üçüncü, “Qarabağ” isə 1 xalla dördüncü sırada qərarlaşıb. Son turda “Sivasspor” səfərdə “Makkabi”ni məğlub edəcəyi halda bu qrupda pley-off mərhələsinə vəsiqə qazanan ikinci komanda olacaq. Xatırladaq ki, “Vilyareal” ötən tur vəsiqəsini vaxtından əvvəl qazanıb. “Qarabağ”ın son oyunu dekabrın 11-də səfərdə İspaniyanın “Vilyareal” klubuna qarşı olacaq.