Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku başlayıb. İlk yarış günündə 55 kq, 67 kq, 72 kq, 77 kq və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçi növbəti görüşdə Rusiya təmsilçisinə uduzub. Qonşu ölkə pəhləvanı finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq. Onun bürünc medala vəsiqə uğrunda qarşılaşmada rəqibi Ermənistan güləşçisi Rudik Mkrtçyan olacaq.
İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığma üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan Azərbaycan güləşçisi Ermənistandan olan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən Dadov Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb. Onun qızıl medal görüşündə rəqibi rusiyalı Nazir Abdullayev olacaq.
Digər güləşçilərə gəldikdə, Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olaraq, mübarizəni erkən dayandırıb.
55 kq
Təsəlliverici görüş. Eldəniz Əzizli - Rudik Mkrtçyan (Ermənistan)
1/4 final: Eldəniz Əzizli - Emin Seferşayev (Rusiya) - 1:9 1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya) - 9:0
67 kq
FİNAL. İslambek Dadov - Nazir Abdullayev (Rusiya)
1|2 final. İslambek Dadov - Artur Politayev (Ukrayna)
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (Ermənistan) - 7:4
1/8 final: İslambek Dadov - Nilton Qarsiya (Peru) - 9:0 Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya) - 9:0
72 kq 1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa) - 1:2
77 kq Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya) - 0:9
87 kq 1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair) - 1:2
Qeyd edək ki, medal qarşılaşmaları dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.