Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Dekabrın 14-də yarışda ilk medalçılar müəyyənləşib. Yunan-Roma güləşçilərimizdən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal qazanıb. Bu yarışda fəxri kürsünün ikinci pilləsinə qalxan İslambek Dadov Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib. Dadov keçirdiyi görüşlərlə bağlı bunları deyib: “İlk iki görüşüm rahat keçdi. Hər ikisində vaxtından əvvəl qələbə qazandım. Əslində bütün qarşılaşmalara 6 dəqiqəlik mübarizə kimi baxıram və buna uyğun köklənirəm. Bəzisi vaxtından əvvəl başa çatır, bəzisi isə son saniyəyə kimi davam edir. Erməni ilə görüşdə heç bir həyəcan yox idi. Qarşılaşmaya yaxşı köklənmişdim. Ermənistanla münasibətlər hamıya bəllidir. Yanvarda Fransada keçirilən beynəlxalq turnirdə Qalstyana uduzmuşdum. Yenidən ona məğlub olmaq istəmirdim. Bu səbəbdən də erməni idmançı ilə görüşdə yalnız qələbə haqqında düşünürdüm. Görüşə tam hazır idim. Allaha şükürlər olsun, qələbə qazana bildim. Yarımfinaldakı rəqibim olan Ukraynalı güləşçi ilə heç vaxt qarşılaşmamışdım. Ancaq praktiki olaraq onu tanıyırdım. Finala gəlincə, qələbə qazanmağa yaxın idim. Bunun üçün bütün gücümü ortaya qoydum. Bu dəfə o qalib gəldi, gələn dəfə qələbə bizim tərəfimizdə olar. Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, pandemiya şəraitinə baxmayaraq, yarışda iştirakımız üçün əllərindən gələni ediblər. Həmçinin, yığma komandanın məşqçilərinə və şəxsi məşqçimə təşəkkürümü çatdırıram”.
İslambek Dadov: "Erməni ilə görüşdə yalnız qələbə haqqında düşünürdüm"