Formula 1 üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Kevin Maqnussen karyerasını başa vurduğunu açıqlayıb. 28 yaşlı danimarkalı pilot bu barədə rəsmi tvitter hesabında paylaşım edib. K.Maqnussen Formula 1-in uşaqlıqdan bəri həyatında olduğunu vurğulayıb: “Həyatımın bu hissəsi artıq bağlandı. Məktəbdə müəllimlərimə F1 pilotu olacağımı söyləyəndə mənə güldülər. Ancaq bunu edəcəyimi bilirdim. Ailəm mənə
inanırdı. Sadəlövh uşaq idim, hədəfə çatmaq üçün keçəcəyim əsl çətinliklər barədə fikrim yox idi. Amma bunun öhdəsindən gələcəyimi bilirdim. İllər ərzində mənə göstərilən dəstək üçün hamıya təşəkkür edirəm. Artıq Danimarkaya qayıtmağın və Miladı ailəmlə qeyd etməyin vaxtıdır”.
Qeyd edək ki, Kevin Maqnussen 2014-cü ildən Formula 1-də çıxış edirdi. İlk dəfə Avstraliya Qran-Prisində debüt edən pilot 85 yarışda gücünü sınayıb və 158 xala sahibdir.