Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yunan -Roma güləşi üzrə yarışlara yekun vurulub. Yarışların üçüncü günündə Azərbaycan millisinin iki pəhləvanı həlledici görüşünə çıxıb. Təmsilçilərimizdən Taleh Məmmədov təsəlliverici qarşılaşmada Mateuş Şevçuka (Polşa) 10:2 hesabı ilə qalib gəlib. Lakin idmançımız bürünc medal uğrunda mübarizədə qırğızıstanlı Kali Süleymanova məğlub olub - 6:7.
Komandamızın digər üzvü Beka Kandelaki (130 kq) isə çıxışını medalla başa vurub. 3-cü yer uğrunda Rafal Krayevski (Polşa) ilə güləşən milliləşdirilmiş idmançımız 9:0 hesablı qələbə sayəsində fəxri kürsüyə yüksəlib. O, bürünc medala yiyələnib.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Fərdi Dünya Kubokunu 1 gümüş və 2 bürünc medalla başa vurub. B.Kandelakidən öncə komandamızın heyətində İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.