Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Altıncı yarış günündə xalça üzərinə çəkisi 61 kq, 65 kq, 79 kq, 86 kq və 97 kq olan sərbəst güləşçilər çıxıblar. Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransanı təmsil edən erməni güləşçi Arman Eloyan olub. Təmsilçimiz erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib. İdmançımız bu mərhələdə bolqarıstanlı Georgi Vangelovla üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqibinə qalib gələn təmsilçimiz adını yarımfinala yazdırıb.
Yığmamızın ən titullu güləşçilərindən biri Hacı Əliyev də Fərdi Dünya kubokunda mübarizəyə başlayıb. 65 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Serbiyanın paytaxtı Belqraddakı yarışa 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Rusiya təmsilçisi Hacımurad Rəşidov olub. Bu görüş hər iki güləşçi üçün prinsipial xarakter daşıyıb. Qarşılaşma vaxtından əvvəl yekunlaşıb. Təmsilçimizin fəndi zamanı rəqib zədələnib və Hacı qalib elan olunub. Prinsipial görüşdə istəyinə çatan güləşçimiz 1/4 finala yüksəlib. 3 qat dünya çempionumuz bu mərhələdə qırğızıstanlı güləşçi ilə qarşılaşıb. Təmsilçimiz gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb.
Komandamızın digər üzvü Rəşad Yusifli (79 kq) ilk görüşdə türkiyəli həmkarına məğlub olub.
86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov isə startda Bolqarıstan güləşçisinə "tuşe" ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Lakin idmançımız 1/4 finalda İspaniya güləşçisinə məğlub olub.
Mübarizəyə 1/4 finaldan başlayan Şamil Zubairov (97 kq) ilk görüşdə Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN)
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR)