Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Ötən gün 57 kq, 70 kq, 74 kq, 92 kq və 125 kq çəkidə çıxış edən sərbəst güləşçilərin yarışında mükafatçılar müəyyənləşib. Komandamızın üzvü İslam Bazarqanov (57 kq) ilk görüşdə Ukrayna güləşçisinə məğlub olub.
Yığmanın digər üzvü Gitinoməhəmməd Hacıyev (70 kq) ilk görüşdə Küveyt idmançısına çətinlik çəkmədən qalib gəlib. Təmsilçimiz 1/4 finalda isə türkiyəli həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün G.Hacıyev dekabrın 17-də təsəlliverici görüşə çıxıb. Rumıniyadan olan həmkarını üstələyən Gitinoməhəmməd bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Ancaq həlledici qarşılaşmada qırğızıstanlı rəqibinə minimal fərqlə uduzaraq 5-ci yerlə kifayətlənib. 92 kq çəki dərəcəsində çıxış edən Hacımurad Məhəmmədsəidov debütdə yerli pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispaniyalı rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala yüksəlib. Finalın bir addımlığında Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə məğlub olan Hacımurad dekabrın 17-də bürünc medal üçün xalçaya çıxıb və türkiyəli rəqibinə də uduzub. 125 kq çəki dərəcəsində mübarizə aparan Camaləddin Məhəmmədov ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlib. Təəssüf ki, idmançımız növbəti mərhələdə Polşa güləşçisinə məğlub olub. Rəqibin finala yüksəlməsi C.Məhəmmədova dekabrın 17-də təsəlliverici görüşə çıxmaq şansı verib. Təcrübəli güləşçimiz vaxtından əvvəl argentinalı güləşçini üstələyərək bürünc medal görüşünə vəsiqə qazanıb. Lakin həlledici görüşdə qırğızıstanlı güləşçiyə məğlub olan Camaləddin Məhəmmədov Fərdi Dünya Kubokunda beşinci yeri tutub.